DÜNYA XƏBƏRLƏRİ
Reklam və elanlar

DÜNYA XƏBƏRLƏRİ

ABŞ PREZİDENTİ ÇİNLİ HƏMKARI İLƏ GÖRÜŞÜ OLDUQCA VACIB SAYIR

ABŞ prezidenti Cozef Bayden ÇXR-ın sədri Si Cinpinlə görüşün zəruriliyinə əmindir, çünki Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb edir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bəyan edib.

Prezident köməkçisinin sözlərinə görə, Cozef Bayden Si Cinpinlə birbaşa təmas imkanının olmasını vacib hesab edir və əgər səyahət məhdudiyyətləri səbəbindən bunu şəxsən etmək mümkün deyilsə, bu zaman virtual görüş keçirmək daha yaxşı olardı. “Biz məhz bunu etməyi düşünürük”, - deyə C.Sallivan bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, ABŞ və Çin arasında gərgin rəqabət dövründə ən yüksək liderlər səviyyəsində intensiv diplomatik əlaqə bu münasibətlərin effektiv idarə olunmasında mühüm rol oynayır.


MIXEIL SAAKAŞVILI TIBBI YARDIMDAN IMTINA EDIB

“Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”. “Report” agentliyinin xəbərinə görə, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.

Bununla yanaşı, həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib.

Maksim Perebeynis Mixeil Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ciddi ehtiyacın olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.

 

POLŞANIN GÜNDƏLIK 1 MILYON AVRO CƏRIMƏ ÖDƏMƏSI BARƏDƏ QƏRAR

Avropa İttifaqı Məhkəməsi Polşa Ali Məhkəməsinin hakimlər üçün intizam palatası fəaliyyətini dayandırmadığı üçün bu ölkənin gündəlik 1 milyon avro cərimə ödəməsi barədə qərar çıxarıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə məhkəmənin yaydığı bəyanatda bildirilir.

“Bu gün çıxarılan qərarda tribunalın vitse-prezidenti Polşanı bu qərarın həmin ölkəyə çatdırıldığı tarixdən etibarən günə 1 milyon avro məbləğində cərimə ödəməsi barədə qərar verib”, - deyə Avropa İttifaqı Məhkəməsinin bəyanatında vurğulanır.

Qeyd edək ki, Aİ və Polşa arasında məhkəmə islahatları ilə əlaqədar mübahisə gedir. Aİ Polşa hökumətinin islahatlarının məhkəmələrin müstəqilliyinə xələl gətirdiyini bəyan edir. Bu ilin iyul ayında Avropa İttifaqı Məhkəməsinin Polşaya hakimlər üçün intizam palatasının fəaliyyətini dayandırmaq barədə xəbərdarlıq etməsi ilə mübahisə daha da qızışıb.

 

KORONAVIRUSUN UZUNMÜDDƏTLİ FƏSADLARI AŞKARLANIB

Yaddaş itkisi koronavirus infeksiyasının uzunmüddətli nəticəsi ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “JAMA Network Open” jurnalının dərc etdiyi araşdırmada qeyd olunur.

Məlumata əsasən, mütəxəssislər Nyu-Yorkdakı klinikalar şəbəkəsinin 740 xəstəsini müayinə ediblər.

Sorğu zamanı “COVID-19”dan sağalmış insanların 24 faizində yadda saxlama prosesi ilə bağlı koqnitiv pozğunluqlar aşkar edilib. Digər 23 faiz insan isə beynində olan məlumatları xatırlaya bilmir.

Bununla yanaşı, xəstələrdə infeksiyanı yüngül keçirənlərə nisbətən diqqət və çalışqanlıq, eləcə də zehni tapşırığı yerinə yetirmə sürəti ilə bağlı problemlərlə üzləşmə ehtimalı daha yüksək olub.

 

IRANDA KIBERHÜCUMUN NƏTICƏLƏRI QISMƏN ARADAN QALDIRILIB

İran hökuməti  kiberhücumlardan sonra ölkədəki bütün yanacaqdoldurma məntəqələrinin işini bərpa etməyə çalışır. “Report”un “İRNA” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran neft məhsulları emalı və paylanması üzrə mili şirkətinin direktoru Cəlil Salari bildirib.

Direktorun sözlərinə görə, hazırda İran üzrə yanacaqdoldurma məntəqələrinin 80 faizi iş rejimini bərpa edib. Cəlil Salari qeyd edib ki, 300-ə yaxın mütəxəssisdən ibarət qrup sistemin işinin bərpası ilə məşğuldur.

İran televiziyasının məlumatına əsasən, kiberhücum nəticəsində yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayanıb. Hakimiyyət hadisənin səbəbini araşdırır.

Qeyd edək ki, oktyabrın 26-da İranda yanacaqdoldurma məntəqələrinin fəaliyyətində fasilə yaranıb. Bu, məntəqələrdə böyük növbələrə səbəb olub. Əhali bu hadisə ilə bağl hakimiyyətə etiraz edib.

 

ÇİN RƏSMİ ŞƏKİLDƏ "TALİBAN"A DƏSTƏK VERƏCƏYİNİ AÇIQLAYIB

Çinin xarici işlər naziri Van İ Qətərin paytaxtı Dohada “Taliban” hərəkatının nümayəndələri ilə görüşüb. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Taliban” tərəfindən qurulan müvəqqəti hökumət və rəsmi Pekin arasında keçirilən ilk yüksək səviyyəli görüşdə Van İ Çinin Əfqanıstanda sabitliyin yaradılması və ölkənin yenidən qurulması səylərini dəstəkləyəcəyini bildirib.

Beynəlxalq ictimaiyyətin “Taliban”la rasional və praqmatik əlaqə saxlamasının lazım olduğunu vurğulayan Van İ ABŞ-ı sanksiyaları ləğv etməyə çağırıb.

Eyni zamanda, nazir Əfqanıstanın müvəqqəti hökumətindən terror təşkilatlarının Çinə qarşı hər hansa təhlükə yaratmasının qarşısını almasını istəyib.

 

TURIZM ŞIRKƏTI KOSMOSDA MƏRKƏZ TIKMƏK NIYYƏTINDƏDIR

“Amazon”un qurucusu, amerikalı milyarder Ceff Bezosa aid “Blue Origin”  kosmos turizm şirkəti kosmik stansiya tikmək planlarını açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, şirkətin idarəçiləri 2030-cu ilə qədər bitirməyi başa çatdırmağı planlaşdırdığı stansiyanın adını “Orbital rif” qoyacaqlarını bildiriblər.

Stansiya bir çox məqsədə xidmət edəcək iş mərkəzi kimi düşünülür və orada eyni vaxtda 10 nəfərin yaşaya biləcəyi vurğulanır.

“Blue Origin” stansiyanın tikintisində “Sierra Space” və “Boeing” şirkətləri ilə əməkdaşlıq edəcək. 3000 kvadratmetrlik stansiyada cazibə qüvvəsi olmadan filmlər çəkmək və qabaqcıl texnologiyalar tələb edən tədqiqatlar aparmaq mümkün olacaq.

 

BƏŞƏR TARİXİNİN ƏN VARLI ADAMININ ADI AÇIQLANIB

“Forbes” jurnalı “Tesla” şirkətinin səhmlərinin qiymətlərinin artması fonunda sərvəti 270 milyard dollara çatan İlon Maskı tarixin ən varlı adamı elan edib. “Report”un verdiyi xəbərə görə, “Tesla”nın səhmləri bazar ertəsi şirkətin “Hertz” ilə distribütor parkına 100 min elektrik avtomobilinin tədarükü ilə bağlı razılaşma xəbərləri fonunda təxminən 13 faiz bahalaşıb. Eyni zamanda “Tesla”nın kapitallaşması 1 trilyon dolları ötüb.

Nəşrin hesablamalarına görə, bazar ertəsi “Tesla” rəhbərinin sərvəti 41,7 milyard dollar artaraq 271,3 milyard dollar təşkil edib.

Verilən xəbərə əsasən, bu, “Forbes”in 1982-ci ildə hesablamalara başladığından bu günə kimi ən yüksək göstəricidir. Bundan əvvəl “Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti 212 milyard dollara çatanda o, tarixin ən zəngin adamı sayılırdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.