Vətən  uğrunda   əbədiyyətə   qovuşanlar   
Region

Vətən  uğrunda   əbədiyyətə   qovuşanlar   

Azərbaycan  Respublikasının  Prezidenti,  Ali Baş   Komandan   İlham  Əliyevin  rəhbərliyi  ilə  rəşadətli Azərbaycan  Ordusu  böyük  şücaət  və  yüksək  döyüş  hazırlığı  göstərərək  27 sentyabr  2020-ci il tarixdən  başlayaraq  44  gün  müddətində torpaqlarımızı  işğaldan,  düşmən  tapdağından  azad  etdi. Vətən  müharibəsində  tarix  yazan  qəhrəman  Ordumuz, əsgər  və   zabitlərimiz  Azərbaycanın  haqq uğrunda  mübarizə  aparmaq   əzmini,  əsl  döyüş  ruhunu  bütün  dünyaya  nümayiş  etdirdi.
Biləsuvar rayonundan, Vətən  müharibəsində  böyük  rəşadət  və  igidlik  göstərərək  şəhidlik  zirvəsinə  ucalan Məcidzadə   Saleh  Nəriman  oğlunun  və  Ağayev  Saleh  Nurəddin   oğlunun  xatirəsi ehtiramla  anıldı.
Qəhrəman   şəhidlərimizin  anım  mərasimlərində  iştirak  edən  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin başçısı  Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri  və  ictimaiyyətin nümayəndələri şəhidlərin  məzarlarını  ziyarət  edib  üzərinə  tər  qərənfillər   düzdülər.  Ata  ocağını  ziyarət  edib valideynləri  ilə  görüşdülər. Mərasimlərdə  qəhrəmanlarımızın şərəfli  döyüş  yolundan  danışılaraq  xatirələri  anılaraq,  bildirildi  ki,  Azərbaycan  xalqının  qüruru,  fəxri olan  şəhidlərimiz  bundan  sonra  da  daim  əziz  tutulacaq  və  dövlətimiz  hər  zaman şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin  ailələrinin  yanında  olacaqdır.  Qeyd  edək  ki,  tədbir  zamanı    şəhidlərin  yaşadıqları   evlərə   vurulan  xatirə   lövhələrinin  açılışı  da  oldu.

Məcidzadə  Saleh  Nəriman  oğlu 16 iyul 1994-cü ildə  Biləsuvar  rayonunun  Nəsimikənd  kəndində anadan  olub.  2011-ci ildən  universal  idman  növü  ilə məşğul  olmağa başlayıb. O, qatıldığı  bütün idman  yarışlarının  qalibləri  cərgəsində  olub. Ordu  idman  növləri  üzrə  keçirilən  yarışlarda  yüksək nəticələr  əldə  edib.
2015-ci ildə  həqiqi  hərbi   xidmətə  çağırılaraq  Qusar  rayonunda  kəşfiyyat  bölməsində  xidmət  edib. 2017-ci  ildən  xüsusi  təyinatlı  qüvvələrdə  gizir  kimi  hərbi  xidmətini  davam  etdirib.
Saleh Mirzəzadə Aprel  döyüşlərində və Tovuzda   düşmən  diversiya  qrupunun  məhv  edilməsində  göstərdiyi   igidliyə  görə  komandanlıq  tərəfindən  təltif  edilib.
S.Məcidzadə   Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  uğrunda  27  sentyabr  2020-ci il  tarixdən Vətən müharibəsinə qatılaraq bir çox döyüşlərdə qəhrəmanlıq göstərib.  O, 11 oktyabr 2020-ci ildə  Cəbrayıl  rayonunun  Daş Veysəlli  kəndinin  düşməndən  azad  olunması  zamanı  gedən  ağır  döyüşlərdə  qəhrəmancasına şəhid  olub. 12 oktyabr 2020-ci ildə  doğulub  boya-başa  çatdığı Nəsimi kənd kəndində  dəfn  olunub.
Ölkəmizin   ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında   iştirakına,  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə, şəxsi igidlik və şücaət  nümayiş  etdirdiyinə  görə  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Sərəncamları  ilə  Saleh  Nəriman  oğlu   Məcidzadə  ölümündən  sonra  "Azərbaycan Bayrağı"  ordeni, "Vətən uğrunda","Cəbrayılın  azad olunmasına  görə",  "Füzulinin  azad  olunmasına  görə", “Kəlbəcərin  azad  olunmasına  görə" medalları  ilə  təltif  edilmişdir.

Ağayev Saleh Nurəddin oğlu 30 aprel 1992-ci ildə Biləsuvar rayonunun  Günəşli  kəndində  anadan olmuşdu.  Azərbaycan  Silahlı  Qüvvələrinin  kiçik giziri  Saleh  Ağayev  Azərbaycan  Respublikasının  ərazi bütövlüyü  uğrunda  27  sentyabr  2020-ci il tarixdən  başlayan  Vətən  müharibəsində, Cəbrayıl rayonu istiqamətində  gedən  döyüşlərdə  vuruşmuş  və  düşmən  hücumunun   qarşısını  alarkən qəhrəmancasına  şəhid  olmuşdur. Şəhid  Saleh  Ağayev  12 oktyabr   2020-ci il tarixdə  Biləsuvar  rayonunun  Günəşli   kənd  qəbiristanlığında  dəfn  olunmuşdur.
Azərbaycan   Prezidenti   İlham  Əliyevin  müvafiq sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına qatılan və  hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Saleh Nurəddin oğlu Ağayev  ölümündən  sonra  "Vətən  uğrunda", "Cəbrayılın  azad  olunmasına görə", "Hərbi  xidmətlərə görə"  və "Xocavəndin  azad  olunmasına  görə" medalları  ilə təltif  edilmişdir.

 Ərəstun ABDULOV,

“Respublika”.