Azərbaycan kosmik sahədə beynəlxalq əməkdaşlığı genişləndirir
Digər xəbərlər

Azərbaycan kosmik sahədə beynəlxalq əməkdaşlığı genişləndirir

Beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə dünyanın ən güclü 50 dövləti tərəfindən 1945-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradıldı.

Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik kimi əsas orqanlardan ibarət olan BMT-nin baş qərargahı ABŞ-ın Nyu-York şəhərində, Beynəlxalq Məhkəmə isə Niderlandın Haaqa şəhərində yerləşir.

Beynəlxalq əhəmiyyətli bu təşkilat millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.

BMT fəaliyyəti müddətində ilk növbədə tərk-silah və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir sıra mühüm qərarlar və faydalı qətnamələr qəbul etmişdir. O cümlədən 1946-cı ildə silahlanmanın ümumi tənzimlənməsi və ixtisarını müəyyənləşdirən prinsiplər, hərbi cinayətkarların təhvil verilməsi və cəzalandırılması, 1947-ci ildə yeni müharibənin təbliğatına qarşı yönəldilmiş tədbirlər, 1957 və 1958-ci illərdə dövlətlər arasında sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar edilməsi və möhkəmləndirilməsi tədbirləri, 1959-cu ildə ümumi və tam tərk-silah qətnamələri, 1965-ci ildə dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi haqqında bəyannamə, 1970-ci ildə Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında bəyannamə, BMT-nin Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüquq prinsipləri haqqında bəyannamə, 1971-1973-cü ildə tərk-silah haqqında ümumdünya konfransının çağırılmasını nəzərdə tutan qətnamələri Beynəlxalq münasibətlərdə gücün tətbiq edilməməsi və atom silahından istifadənin həmişəlik qadağan olunması haqqında, 1963-cü ildə Atom silahı sınaqlarının qadağan olunması, 1967-ci ildə isə Kosmos, Atom silahının yayılmaması, Dənizin dibi haqqında müqavilələri, Bakterioloji silah haqqında konvensiyanı BMT-nin Baş Assambleyası təsdiq etmişdir.

Xalqların milli azadlıq mübarizəsinə, müstəqil dövlətlərin milli suverenliklərinin müdafiəsinə və ayrı-ayrı ölkələrdə vətəndaş müharibələrinin qarşısının alınmasına dair məsələlər BMT orqanlarında müzakirə olunur və həmin ölkələrdə təcavüzkar qüvvələrə müqavimət işinə yardım edir.

BMT özünün Nizamnaməsində bəyan edilmiş məqsəd və prinsiplərin həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr vermişdir. Onun qəbul etdiyi qərarlar dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərir. Müasir dünyada BMT-nin beynəlxalq şəraitə müsbət təsir imkanlarının genişləndirilməsi, aktual beynəlxalq siyasi problemlərin nizamlanmasında həlledici vasitəyə çevrilməsi, BMT Nizamnaməsinin bütün üzv dövlətlər tərəfindən ciddi yerinə yetirilməsinə nail olunması istiqamətində fəaliyyəti davam etdirilir.

Beynəlxalq təşkilata üzv olan ölkələr dünya birliyinin üzvləri kimi öz aralarında BMT-nin Nizamnaməsinin - hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı - bütünlükdə Yer kürəsinin 80 faiz ərazisi, BMT-nin mandat sisteminə daxildir.

Azərbaycan 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilmiş, həmin ildə BMT yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyi açılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.

BMT beynəlxalq münasibətlərdə müstəsna əhəmiyyətə malik universal beynəlxalq təşkilat kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli məqsədilə müəyyən fəaliyyət göstərmişdir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə, 2008-ci ildə Baş Assambleya “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə, 1992-1995-ci illərdə BMT Təhlükəsizlik Şurasının sədri 7 bəyanat qəbul etmişdir. Həmin qətnamə və bəyanatlarda Ermənistanın işğalçı qüvvələrindən hərbi əməliyyatların dayandırılması, hərbi birləşmə və texnikanın Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuş, lakin bu tələblər işğalçı Ermənistan Respublikası tərəfindən yerinə yetirilməmişdir. Nəhayət, illər boyu BMT-nin icra olunmamış bəyanat və qətnamələri Prezident İlham Əliyevin iradəsi ilə öz həllini tapdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı.

Azərbaycan BMT-nin bir çox idarə və orqanları ilə fəal əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və s. qeyd etmək olar. BMTİP ölkəmizdə Bərpa və Yenidənqurma Agentliyi (ARRA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) fəaliyyətinə təşkilati dəstək verilməsi və maliyyələşdirmə yolu ilə münaqişədən sonrakı bərpa prosesinə yardım göstərmişdir.

BMT-nin 1959-cu ildə təsis edilmiş kosmik sahədə hökumətlərarası orqanı olan Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space -COPUOS) kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir. Bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir.

Kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı üçün məqsədyönlü işlər yerinə yetirilmişdir. 12 yanvar 2012-ci il tarixli qətnamə ilə Azərbaycan BMT-nin COPUOS üzvlüyünə qəbul edilmişdir.

Bu beynəlxalq təşkilatın Azərbaycan da daxil olmaqla 70 üzvü vardır.

Qeyd edək ki, ölkə Prezidentinin 17 avqust 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və tərəqqisi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması, kosmik fəzadan səmərəli istifadə olunmaqla iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin dinamik inkişafıdır. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, Yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması, kosmik sənaye və informasiya texnologiyalarının nanotexnologiyalardan geniş istifadə etməklə hüquqi bazasının təkmilləşdirilməsi, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin güclənməsinə geniş perspektivlər yaradacaqdır.

Yeri gəlmişkən, respublikada kosmik sənayenin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, kosmik informasiyanın qəbulu və emalı işlərinə hələ dahi rəhbərin respublikamıza rəhbərliyinin birinci dövrünün ilk illərində 1974-cü ildə Bakıda təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin təşkili ilə başlanılmışdır.

Yaradılan “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu”nda kosmik tədqiqatlar aparılmışdır. Hazırda isə ölkəmizdə kosmik texnika və texnologiyaların hazırlanması və aerokosmik məlumatlardan yararlanmaqla müxtəlif tətbiqi məsələlərin həllilə bilavasitə məşğul olan Milli Aerokosmik Agentliyi fəaliyyət göstərir. Ötən müddətdə həmin agentlikdə kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.

Telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir.

Peyklərin idarə edilməsini həyata keçirmək üçün yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat yerüstü peyk idarəetmə mərkəzləri inşa edilmişdir ki, bu da informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.