Azərbaycanın növbəti diplomatik nailiyyəti
Siyasət

Azərbaycanın növbəti diplomatik nailiyyəti

Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. Bu amil müharibədən sonra daha çox aktuallıq kəsb edir. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Bu, Ermənistanın hərbi cinayətlərinin təzahürü olmaqla, eyni zamanda beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir.

10 noyabr 2020-ci il birgə bəyanatından sonra aylarla vaxt keçməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olurdu. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə verdiyi bəyanat və açıqlamalarda deyilirdi ki, işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan dövləti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Bu gün Azərbaycan üçtərəfli bəyanat çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirir və üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir.

Beləliklə, məsələ ilə bağlı rəsmi Bakının göstərdiyi ardıcıl və davamlı səylər müsbət nəticəsini verdi. Ağdamdan sonra iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi isə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib: “Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Çünki Ağdamdan sonra ən böyük infrastruktur layihələri hazırda Füzulidə həyata keçirildiyi üçün bu rayon işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması baxımından strateji əhəmiyyət kəsb edir. Füzulidə beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Zəngəzur koridorunun fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulur. Buna görə də ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Mina xəritələrinin təqdim olunması quruculuq işlərinin aparılması prosesini sürətləndirəcək. Digər tərəfdən, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışını təmin edəcək.

Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair  xəritələrin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu, Azərbaycana minalardan təmizlənməyə gedəcək vaxt itkisini azaldır və inam yaratmaqla investorların təşviqini sürətləndirir.

Ekspertlər qeyd edirlər ki, mina xəritələrini Azərbaycana təqdim etməklə Ermənistan ərazilərin minalanmasına çəkilən yüz milyonlarla xərcin səmərəsiz olduğunu bir daha başa düşəcək. Eyni zamanda, beynəlxalq metodologiyalar əsasında hesablamalar göstərir ki, minalardan təmizlənməyə sərf olunan resurslar, minalanma üçün xərcləri dəfələrlə üstələyir.  Beləliklə, mina xəritələrini diplomatik vasitə ilə almaqla Azərbaycan bu istiqamətdə çəkəcəyi xərcləri və verə biləcəyi insan və digər itkiləri aradan götürmüş olur.

Təhlillərə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ən böyük yaşayış məntəqəsi Ağdam və Füzuli, eləcə də Zəngilanın mina xəritələrinin əldə edilməsi bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesini sürətləndirəcək. Mina xəritələrini əldə etməklə, Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika  layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır. Ağdam, Füzuli və Zəngilan hər biri nəqliyyat coğrafiyasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın növbəti diplomatik nailiyyəti bölgədə davamlı inkişaf, sülh və etimadın yaranmasında böyük rol oynayır. Postmüharibə sonrası əldə olunan diplomatik nailiyyətlər Azərbaycana strateji hədəflərinə  çatmağa imkan verir. Hər sahədə prinsipial mövqe davam etdirən, öz şərtlərini diktə edən qalib Azərbaycan dövləti Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etmək və işğaldan azad olunmuş əraziləri cənnətə çevirmək iqtidarındadır.

Şükür ƏLİZADƏ,

“Respublika”.