Samuxda şəhidin adına inşa edilmiş ehsan bulağının açılışı olub
Region

Samuxda şəhidin adına inşa edilmiş ehsan bulağının açılışı olub

Samux rayon Lək kəndindən olan Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlunun ad günündə şəhidin adına tikilmiş ehsan bulağının açılışı oldu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun əməkdaşları, Gənclər və İdman İdarəsinin, nümayəndələri şəhidin valideynləri, qohumları, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etdilər. Tədbirdə çıxış edən dövlət rəsmiləri bildirdilər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında yeni yaradılmış, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” əməkdaşları mütəmadi olaraq Vətən müharibəsi iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün operativ, zəruri tədbirlər görürlər. Sonra Şəhid Həmzəyev Arif Muradcan oğlunun döyüş yoldaşları və yaxınları şəhidin keçdiyi mənalı və şərəfli döyüş yolu haqqında danışdılar. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər söylədilər. Şəhidin adına tikilmiş ehsan bulağının açılışı olduqdan sonra şəhidin məzarı böyük ehtiramla yad olundu, dualar oxundu.

Arif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Zabit XƏLİLOV,

“Respublika”.