Doğma yurda qayıdış bayramı
Region

Doğma yurda qayıdış bayramı

1992-ci il may ayının 18-də Ermənistan öz havadarlarına arxalanaraq Laçın rayonunu işğal etdi. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfərdir və onlar  respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ən ağır illərdə belə torpaq və yurd həsrəti ilə yaşayan Laçın camaatı həmişə güclü inam, dövlətçiliyimizə sədaqət və fəal vətəndaş mövqeyi nümayiş etdirib, birmənalı olaraq iqtidarın müdafiəsində dayanıb. 2020-ci ildə Laçın müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilib, laçınlıların yurd həsrətinə birdəfəlik son qoyulub.

Ölkəmizin müxtəlif şəhər və qəsəbələrində məskunlaşan laçınlılarla tez-tez görüşlər keçirilir, onları düşündürən və narahat edən problemlər aradan qaldırılır.

Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin laçınlı  məcburi köçkünlərlə növbəti görüşü Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirilib. 38 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilən torpaqlarda sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulur, sabitlik və təhlükəsizlik təmin edilir.

Laçınlılar həmişə dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir və müdafiə edirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında  və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından ətraflı söz açan rayon rəhbəri onların tezliklə doğma yurd yerlərinə qayıdacaqlarını bildirib. Hazırda Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti, "Qorçu" elektrik yarımstansiyasında görülən işlər, "Həkəriçay" Su Anbarı layihəsi ilə bağlı görüş iştirakçılarına məlumat verilib.

Rayon rəhbəri çıxışında, eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, keçmiş məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması  ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı, yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini  bildirib. İcra başçısı daha sonra çıxışında Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq respublikada keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışıb.

Görüşdə iştirak edən rayon sakinləri  torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qəti və dönməz inamla bildirilib ki, laçınlılar həmrəylik və fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Artıq Laçın şəhərinin, Zabux  və Sus kəndlərinin sakinləri doğma torpaqlara qayıtmaq üçün hazırlıq görürlər. Doğma yurda qayıdış bayramı laçınlıların gələcək arzuları üzərində bərq vurur.

Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək,  icrası nəzarətə götürülüb. Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri görüşdə iştirak ediblər.

Salman ALIOĞLU,

"Respublika".