Azərbaycan ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində Masallı oğulları da öz canları bahasına xüsusi qəhrəmanlıq dastanı yazdılar. Masallılılar adları yeni, şanlı tariximizə düşən oğullarının xatirəsini həmişə məhəbbətlə yad edir, adlarını daim uca tuturlar.
Rayon Tarix-Diyarşünaslıq Muzeyində isə Birinci Qarabağ, Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədlə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində tədbirlərin təşkili artıq ənənə almışdır. Muzeydə Rayon Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbir şəhidlərə olan əbədi ehtiramdan irəli gəlirdi.
Adıçəkilən müəssisə əməkdaşlarının, mədəniyyət nümayəndələrinin, Masallı Regional Kollecin müəllim və tələbələrinin, şəhid ailələrinin iştirak etdikləri tədbirdə Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva tədbirdə keçirilən layihənin əhəmiyyətindən danışdı, dekabr ayında doğulan Birinci Qarabağ, 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlərin valideynlərinə dərin ehtiramını ifadə etdi. Muzeyin əməkdaşı Nazənin Heydərzadə isə dekabr ayında doğulan, hər iki müharibədə doğma Vətən, torpaq naminə şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatı və döyüş yolu haqqında geniş söhbət açdı. “Ümidim sənsən” İctimai Birliyinin nümayəndəsi Fidan Abbaslı, muzeyin elmi işçisi Dilguşə Məmmədova Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlərin xalqın, millətin fəxri, qürur yeri olduğunu bildirdilər.
Daha sonra söz şəhid ailələrinə verildi. Aslan Məhərrəmov, Vüsal Məmmədov, Əlcavad Hacılı, Maxvirə Həşimova, Təyyibə Bədəlova əzizləri haqqında xatirələrini söylədilər, göstərilən bütün diqqət və qayğıya görə razılıqlarını bildirdilər.
Tədbirdə rayondakı Öncəqala kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş bədii kompozisiya təqdim olundu.
Layihə təşkilatçıları tərəfindən dekabr ayında doğulan şəhidlərin ailələrinə “Təşəkkürnamə”lər verildi, axırda şəhid ailələri muzeyin ekspozisiya zalında övladlarına aid sərgiyə baxdılar.
Zəfər ORUCOĞLU.