“AKADEMİK HƏMİD ARASLI XATİRƏLƏRDƏ”
Region

“AKADEMİK HƏMİD ARASLI XATİRƏLƏRDƏ”

Görkəmli ədəbiyyatşünas alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 115 illiyi münasibətilə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun Gəncə “Elm” nəşriyyatında “Akademik Həmid Araslı xatirələrdə” adlı kitabı işıq üzü görüb.

Kitabda görkəmli akademik Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı xidmətlərindən bəhs olunur və görkəmli dövlət və ictimai xadimlərin, ailə üzvlərinin, tədqiqatçılarının, tələbələrinin, dostlarının xatirələri toplanıb.

Müəllif geniş ön sözündə yazır: “Dahi Azərbaycan şairi Nizami Gəncəvidən və daha da qədimdən Gəncədə başlayan elmi-ədəbi zənginlik, intibah tarixin bütün dövrlərində maddi və mənəvi varisliklə Gəncənin Azərbaycan xalqına bəxş etdiyi böyük mütəfəkkirlərlə yaddaşlarda qalmışdır ki, onlardan biri də XX əsrdə Gəncədə dünyaya gəlib, təməl biliklərə Gəncədə yiyələnmiş akademik Həmid Araslıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2019-cu ildə akademik Həmid Araslının 110 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam klassik mütəfəkkirlərimizə, ədəbi irslərinə və onların tədqiqatçılarına Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğının davamı və inkişaf etdirilməsidir”.

Həmid Araslının 115 illiyi münasibətilə nəşr edilən kitabın layihə rəhbəri akademik Fuad Əliyev, tərtibçi-müəllifi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, işçi qrupu isə Təranə Verdiyeva, Türkan Verdiyeva və Nailə Mirzəyevadır. 

Kitab gənc tədqiqatçılar üçün çox qiymətli elmi mənbə, Həmid Araslı sevərlərə dəyərli hədiyyədir.

V. TANRIVERDİYEV,

“Respublika”.