100 yaşlı veteranın cəbhə xatirələri
Sosial həyat

100 yaşlı veteranın cəbhə xatirələri

Leninqraddan Berlinə uzanan döyüş yolu

Tarix tarixdir 1941-1945-ci illər Azərbaycan xalqının tarixində çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifəsidir. Biz bunları böyük hörmət ehtiramla xatırlamalıyıq.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Sinəsini 20-dən çox orden medallar bəzəyən, taleyinə qaçqınlıq yazılan 100 yaşlı Ağababa İsgəndərov haqqında televiziya kanallarında dəfələrlə reportajlar, süjetlər göstərilmiş, rəşadətli döyüş yolu keçmiş müharibə veteranı haqqında mətbuatda maraqlı yazılar dərc olunmuş, ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qələbə günündə yaddaqalan görüşlər olmuşdur.

Bu müdrik insanla görüşün təşkilinə görə Göyçə mahalının say-seçmə oğullarından olan, neçə-neçə maraqlı kitabların müəllifi, yazıçı Rüstəm Dastanoğluna minnətdaram. Bir axşamçağı Ağababa İsgəndərovun yaşadığı ünvana üz tutdum. Baxışından nur tökülən el ağsaqqalı həyətinin bir guşəsində nəticələri İsmayıl Səma ilə şirin-şirin söhbət edirdi.

Sinəsini orden medallar bəzəyən müharibə veteranı bizi mehribanlıqla qarşıladı qeyd etdi ki, onun ən yaxın dostları jurnalistlərdir.

100 yaşlı veteranla üzbəüz əyləşib mətləbə keçdik. Qələbə günü ərəfəsində onunla söhbətə başladıq. O, asta-asta öz həyat yolundan söhbət açdı:

- Göyçə mahalı mənim Məkkəm, Mədinəm, dinim-imanım, qibləgahım idi. Gənclik illərimi "Abbas bəy", "Hacı Qurban", "Tərsə" dağlarında, şərbət sulu "Sona bulağı", "Ocaq bulağı", "Sarıbulaq", "Buzlu bulaq" digər yerlərdə keçirmişəm. O yerlərdə yaz, yay aylarında şair Alqayıt Xəlilov, Aşıq Hacı, Aşıq Nurəddin elə bir məclis keçirərdilər ki, göydə quşlar qanad saxlayardı.

Kəklikotu çayı içə-içə Ağababa kişi ilə söhbətimizi davam etdirdik. Qələbə günü ilə bağlı suallarımızı cavablandıraraq keçmiş günləri xatırladı. Xəyal onu gəncliyinin coşub-çağlayan anlarına apardı.

Ağababa İsgəndərov ulu Göyçədə - Basarkeçər rayonunun səfalı "Sarı yer" yaylağının yaxınlığında olan Daşkənd kəndində dünyaya göz açmışdı. Böyük Vətən müharibəsinin odlu-alovlu illərində bir ailədən beş nəfər - Dilqəm, Şuxu, Heydər, Müzəffər sonbeşik Ağababa silaha sarılıb cəbhəyə, ölüm-dirim savaşına yollanmışdı. Ağababa İsgəndərov müharibəyə gedəndə 1943- ilin payızı idi. O, bir müddət Qoridə hərbi təlim keçdikdən sonra müharibənin ölümsaçan şəhərinə - Leninqrada yola düşdü.

Leninqrad şəhərində 6 ay artilleriya üzrə kursa cəlb olundu. Burada topçu kimi hərbi texnikanın sirlərinə yiyələndi. Müxtəlif döyüş əməliyyatlarının yerinə yetirilməsində rəşadət hünər göstərdi. Daha sonra sovet qoşunlarının tərkibində Polşaya yollandı. Polşa ərazisində dərin bir yol var idi. Əsgərlər bir tərəfdən digər tərəfə adlamaq üçün gölün üstündə quraşdırılmış taxta körpüdən keçib gedirdilər. İş elə gətirdi ki, döyüş sursatı ilə çayı keçmək istəyən sovet əsgərlərinin üstünə qəflətən güclü güllə yağışı səpələndi. Taxta körpü bir an içində dağıldı, neçə-neçə döyüşçü faciəli şəkildə göldə batdı. Belə çətin məqamda düşmənin irəliləməsinin qarşısı Ağababa İsgəndərov çayın sahilində mövqe tutan 8 nəfər topçu yoldaşının igidliyi ilə alındı. Bu şücaətinə görə 176 mm-lik topu ustalıqla idarə edən Ağababa mükafatlandırıldı, "Cəbhə" qəzetində haqqında yazı dərc olundu.

Sovet qoşunları Berlin ətrafında almanlarla vuruşarkən göyçəli Ağababa misilsiz şücaət qəhrəmanlıq göstərdi. Dəfələrlə ölümlə üz-üzə dayandı. O, həmin çətin anları belə xatırlayır:

- Berlində olarkən qəflətən düşmənin atəşinə məruz qaldıq. Hər tərəf tüstü-dumana bürünmüşdü. Atəş ara vermirdi. Belə bir çətin anda biz topla cavab atəşi açırdıq. Əmr olundu ki, əsgərlərimiz yeraltı keçidə daxil olub, düşmən snayperlərindən qorunsunlar. Qəflətən almanlar haradansa həmin keçidə su buraxdılar. Bu hadisədə xeyli tələfat oldu. Biz isə cəsur topçulardan, qarakilsəli Əvəz, zəngibasarlı Əsgər, Zod kəndindən Fəxrəli, Basarkeçərin Zərkənd kəndindən Əmrah, qaraqoyunlu Şəmistan, Göyçənin Məzrə kəndindən Vəli İnəkdağı kəndindən Xəlillə almanların atəş nöqtəsini susdurduq 7 nəfər alman zabitini tərk-silah edib, komandanlığa təhvil verdik. Tale elə gətirdi ki, 2 may 1945-ci ildə 416- Taqanroq diviziyasının tərkibində döyüşü davam etdirərkən qolumdan ayağımdan ağır yaralandım. Gözlərimi açanda özümü hərbi hospitalda gördüm. General-leytenant Taleykin mənim çarpayıma yaxınlaşdı. Səhhətimlə maraqlandı. Tibb bacısına lazımi göstərişlərini verdi. Döyüş əməliyyatında göstərdiyim şücaətə görə məni medalla mükafatlandırdı.

Ağababa İsgəndərov Almaniyadan ayrılandan sonra düz 25 günə Göyçə mahalına, doğma kəndləri Daşkəndə çatıb. Uzun illər qoyunçuluq fermasında çobançılıq edib, əkinçilik sahəsində çalışıb. Qəhrəman döyüşçü 10 uşaq atasıdır. Dörd oğul 6 qız böyüdüb ərsəyə çatdırıb. Hazırda 24 nəvəsi 14 nəticəsi var. Boş vaxtlarında nəvə-nəticələrinə Göyçə ilə bağlı kövrək xatirələrini danışır, yazdığı şeirləri həvəslə söyləyir.

Ağababa kişi İkinci Dünya müharibəsində Azərbaycanın da şanlı qələbəsindən qürur hissi keçirir. 24 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup Qərbi azərbaycanlılarla görüşünü razılıqla qarşılayır. Əminliklə bildirir ki, Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdacaqları gün heç uzaqda deyil. O, istəyir ki, yaşının bu çağında Göyçəyə dönsün, Göyçə gölünün nəğməli sahillərini qucaqlasın.

Ağababa İsgəndərov müharibədəki xidmətlərinə görə, marşal G.Jukov, Rusiya Federasiyasının Prezidenti V.Putin tərəfindən tərifnamələrə layiq görülmüş, bir sıra medallarla təltif olunmuş, mükafatlara layiq görülmüşdür.

Arzu edərdim ki, 100 yaşlı veteran Ağababa İsgəndərovla növbəti görüşümüz Göyçədə, Aşıq Alı, Aşıq Ələsgər yurdunda olsun...

Qədir ASLAN,

"Respublika".