1 Mart – Ümumdünya Mülki Müdafiə Günü
Digər xəbərlər

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan edilən bu gün - Ümumdünya Mülki Müdafiə Günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd olunur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini, fövqəladə hallardan qorunmasını təmin etmək mülki müdafiə orqanları qarşısında mühüm vəzifə olaraq qoyulur.

Hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günündə dünyanın diqqəti mülki müdafiə və hazırlıq işlərinə yönəlir. Qəzalar və fəlakətlər kimi fövqəladə halların qarşısının alınması, insanların hadisələr zamanı özlərini idarə etməsi məqsədilə maarifləndirmə işləri aparılır. Mülki Müdafiə Günü insanları təbii və ya texnogen xarakterli fövqəladə hallar zamanı ehtiyac duyacaqları təhlükəsizlik tədbirləri və mühafizə bacarıqları haqqında öyrənməyə çağırır. Mülki Müdafiə Gününün şüarı belədir: "Ən pisə qaneedici şəkildə hazırlaşdığımız müddətcə ən yaxşısına ümid edə bilərik".

1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün əsası 1931-ci ilin mayında tibb xidməti generalı, fransız Corc Sent Pol tərəfindən Parisdə qoyulmuşdur. O, “Cenevrə regionu assosisasiyası”nı yaradaraq qurumun vəzifələri və məqsədini qeyd etmişdir. Sonralar bu qurum Ümumdünya Mülki Müdafiə Təşkilatına (ÜMMT) çevrilmişdir. Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Təşkilatın vəzifələrinə həm müharibə, həm də sülh şəraitində güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin xarakteristikası daxildir. Belə ki, əhalinin mühafizəsi - mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə olunan yerlərdə saxlanılması təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən istifadə edilməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsullarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Mülki Müdafiə Gününün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

Аzərbаycаn Rеspublikаsının bu nüfuzlu humаnitаr təşkilаtın üzvlüyünə qəbul еdilməsi və оnun kеçirdiyi bütün tədbirlərdə fəаl iştirаkı dövlətimiz tərəfindən bu məsələyə göstərilən diqqət və qayğını özündə ehtiva edir. Əhalinin və ərazinin mühafizəsinin hüquqi cəhətdən təmin olunması məqsədilə ümummilli lidеr Heydər Əliyev 30 dekabr 1997-ci il tarixdə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edib. Ulu öndərin qanunun qüvvəyə minməsi bаrədə 1998-ci il 18 aprel tarixli Fərman imzalaması isə Azərbaycanda bu günün önəmini əks etdirir.

Nurlan ABDALOV,

“Respublika”.