Zəngəzur dəhlizi böyük coğrafiyada strateji əhəmiyyət kəsb edir
İqtisadiyyat

Zəngəzur dəhlizi böyük coğrafiyada strateji əhəmiyyət kəsb edir

İkinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə hərbi əməliyyatlar dayandırıldı. Ağdam, Laçın, Kəlbəcər rayonlarının hərbi əməliyyatlarsız geri qaytarılması ilə ərazi bütövlüyümüz təmin olundu. Azərbaycanın qalibiyyətini, düşmənin məğlubiyyətini əks etdirən üçtərəfli Bəyanata ölkə başçımızın təkidi ilə salınan 9-cu bəndə əsasən münaqişə tərəfləri regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi öhdəliyini götürdülər. Bəyanatın həmin bəndində qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir...Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanat yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, eyni zamanda regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, inkişafını, bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsini şərtləndirir və buna hüquqi zəmin yaradır. Kapitulyasiya aktını imzalayan Ermənistan isə qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və rəsmi Bakının Zəngəzur dəhlizinin açılmasında israrını ölkənin ərazi bütövlüyünə təhdid adlandırır. Zəngəzur dəhlizinin açılması ilə bağlı ölkəsinin heç bir öhdəliyinin olmadığını bildirən baş nazir Nikol Paşinyan kapitulyasiya aktını imzalayarkən Ermənistanın Azərbaycan Respublikasının qərb regionları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyini unudur. Dünyanın nəqliyyat bazarında Azərbaycanın ciddi aktora çevrildiyini bildirən dövlət başçımız bu barədə deyib: "Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngəzur dəhlizinin reallaşmasının ölkəsi üçün strateji məsələ olduğunu vurğulayır.

Bu il oktyabr ayının 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu"nun imzalanması və bu çərçivədə avtomobil körpüsünün, sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirilməsi və tikinti işlərinə başlanılması ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət edəcək. Zəngəzur dəhlizinin açılması məsələsinin hələ də masa üzərində olduğunu deyən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Zəngəzurla bağlı ərazi iddiası yoxdur, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarının yaxşılaşdırılması və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə, ikitərəfli əməkdaşlıq çərçivəsində İran İslam Respublikası ilə razılıq əldə olunub.

Zəngəzur dəhlizinin həm dəmiryolu, həm də avtomobil yolu seqmentləri üzrə işlər sürətlə davam etdirilir. Cənubi Qafqazın inkişafında böyük əhəmiyyət kəsb edən dəhlizin açılması iki qardaş ölkə ilə yanaşı, Orta Asiya ölkələri, Rusiya, o cümlədən Ermənistanın özünün də iqtisadi maraqlarına tam cavab verir. Belə ki, heç bir ölkə ilə dəmir yolu əlaqəsi olmayan qonşu ölkənin yüklərin daşınması imkanları məhduddur. Bu mənada, dəhlizin açılması İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra dalan vəziyyətinə düşən Ermənistanın özü üçün də əhəmiyyətlidir. Eyni zamanda Zəngəzur dəhlizi türk dünyasını birləşdirmək, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Dəhlizin reallaşması bölgədə nəqliyyat şəbəkələrini genişləndirəcək və region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Avropa və Asiyanı birləşdirən ən qısa və səmərəli marşrut olacaq Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.   Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı yaradacaq Zəngəzur dəhlizi Azərbaycan üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda həm regionda, həm də böyük coğrafiyada strateji əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan nəqliyyat əlaqələrinin inkişafına və şaxələndirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsini sürətləndirir.  Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında İrandan keçən yeni kommunikasiya əlaqələrinin qurulması istiqamətində görülən işlər bunu bir daha təsdiqləyir.

Mehparə ƏLİYEVA,

"Respublika".