Demokratik iqtisadi islahatlar və sahibkarlığın inkişafı
İqtisadiyyat

Demokratik iqtisadi islahatlar və sahibkarlığın inkişafı

Tarixin səhifələrində şərəfli yer tutan, milli dövlətçiliyimizin xilaskarı, dünyaşöhrətli siyasətçi, azərbaycançılıq ideyasının banisi, ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı fədakar xidməti, titanik fəaliyyəti hüquqi və fəlsəfi mahiyyət baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində iqtisadi məsələlərə münasibət də xüsusi yer tutur. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında iqtisadiyyatın rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Tarixin və zamanın təlatümlərini, xarici qüvvələrin təhdidlərini, daxili çəkişmələri, anarxiyanı, dövlət çevrilişi cəhdlərini, vətəndaş müharibəsinə təhriki, müstəqilliyin itirilməsi təhlükəsini fədakarlıq və canyanğısı ilə dəf edən ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" sözləri dahi şəxsiyyətin uzaqgörənliyinin dəyərli ifadəsidir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyası ölkəmizdə uğurla davam etdirilir, iqtisadiyyatın genişləndirilməsi və şaxələndirilməsi, qeyri-neft sektorunun dirçəldilməsi, səmərəli, davamlı sosial- iqtisadi siyasət və həyatın bütün sahələrini əhatə edən iqtisadi islahatlar davamlı xarakter alır, tərəqqinin üfüqləri daha da genişlənir.

1993-cü ildə ölkəmizdə tamamilə fərqli bir vəziyyət hökm sürürdü, yeni başlayan sahibkarlığın inkişafına bəzi dövlət qurumları tərəfindən maneələr yaradılır, özəl sektorda yoxlamalar baş alıb gedir, sahibkarlar əsassız olaraq incidilir, keçmişin xoşa gəlməyən yanaşmaları nəticəsində respublikada iş adamları ciddi maneələrlə üzləşirdilər. Azərbaycana ağır miras qalmışdı, ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin işləmək qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə ticari əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. Digər tərəfdən, keçmiş iqtisadi psixologiyadan uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq və beləliklə də islahatlar həyata keçirərək, müsbət nəticələrə nail olmaq lazım idi. Siyasi, hərbi məsələlərə ciddi diqqət yetirən ulu öndər iqtisadi inkişafın özəl sektorla bağlı olduğunu yaxşı bilirdi. Buna görə də ölkədə "sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" tezisi gündəliyə çıxarıldı. Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə öz dillərindən eşitməsi və onların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar verməsi, fərman və sərəncamlar imzalaması özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

2002-ci il aprelin 25-də Prezident Heydər Əliyevin yerli sahibkarlarla görüşü keçirildi. Həmin tarixi görüşdə iş adamlarını narahat edən bütün məsələlər müzakirə edildi, mükəmməl qərarlar verildi. Dövlət başçısı ölkənin real vəziyyətini geniş təhlil edərək bildirdi ki, son dövrün müşahidəsi onu göstərir ki, bizim həyata keçirdiyimiz tədbirlərə yardım etmək, onlara kömək etmək əvəzinə, müxtəlif maneələr törədir, yoxlamalar aparır, onların işlərinə müdaxilə edir, öz şəxsi mənafelərini təmin etmək istəyirlər. Bunlar da sahibkarlara mane olur. Hətta mənə deyirlər ki, bəzi sahibkarlar belə yoxlamalardan, müdaxilələrdən o qədər boğaza gəlirlər ki, haqlı işlərini bağlayırlar. Sahibkar nə məqsədi daşıyır? O, iş görür ki, pul qazansın. Onun istəyi pul qazanmaq, işi isə cəmiyyətə fayda verməkdir. Sahibkar müəyyən məhsulun istehsalı ilə məşğul olur, demək, o məhsul cəmiyyətə lazımdır. Yaxud ticarətlə məşğul olur, cəmiyyətin yaxşı ticarətə ehtiyacı var. Başqa xidmət sahələri ilə məşğul olur. İnsanların buna da ehtiyacı var. Əgər sahibkar bu işlərlə məşğul olaraq qoyduğu sərmayəni çıxara və qazancı götürə bilmirsə, demək, onun sahibkarlıqla məşğul olmasının mənası yoxdur. Təəssüf ki, bizə məlumatlar çatır ki, belə hallar var və az deyildir. Bu, bizi narahat edir.

Prezidentin narahatlığı onu göstərirdi ki, sahibkarlığın inkişafını ləngidən amillər tezliklə aradan qaldırılmalıdır. Əslində 2002-ci ilə qədər respublikada sahibkarlığın inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza yaradılmış, qanunlar qəbul edilmişdi. Həmin dövlət sənədlərinin qısa xronologiyasına nəzər salanda bir daha aydın olur ki, ölkənin sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini gələcək aydın göstərdi. Artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən etibarən sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə həyatda hiss olunmağa başladı. Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın qadir olduğunu dönə-dönə vurğulayırdı: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik". Respublikada iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi üçün yaradılan hüquqi baza mütərəqqi ideyalara əsaslanırdı. 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" imzalanan fərmanlar bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəldi. Həmçinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında", "Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması haqqında", "Sahibkarlara Kömək Milli Fondunun yaradılması haqqında" və "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanlar, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə hüquqi-normativ baza yaratdı. Ölkədə bütövlükdə sahibkarlıq ekosisteminin hüquqi bazasının tam formalaşdırılması baxımından əlavə olaraq, "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyətləri haqqında", "Əmək birjası haqqında", "Lizinq kampaniyaları haqqında" qanunlar da qəbul olundu. 1993-cü ildən sonra ümummilli liderin uzaqgörən siyasəti sayəsində xarici investisiyaların Azərbaycana axını sürətləndi. Məhz Heydər Əliyevin tövsiyə və tapşırıqları əsasında xarici sərmayə haqqında təkmil qanunvericilik bazası yaradıldı. Sahibkarlığın inkişafı istiqamətində 1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsinin böyük əhəmiyyəti oldu, kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrildi. Ulu öndərin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti uzadıldı. Bir sözlə, iqtisadi islahatların qarşısını kəsən maneələr qanunun gücü ilə aradan qaldırıldı, sahibkarların fəaliyyəti üçün münbit şərait yaradıldı.

Dövlət başçısı Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən etibarən vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Layihənin hazırlanması prosesində onun ayrı-ayrı bəndləri dövlət başçısının yanında dəfələrlə müzakirə edildi, onun vergitutmanın sadələşdirilməsi, bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etdi. Aparılan islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxardı. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Məhz bu görüşlərin Azərbaycanda özəl sektorun inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi təsis edilmişdir. İqtisadi islahatların və sahibkarlığın inkişafının ölkə üçün verdiyi töhfələri rəqəmlərin dili ilə ifadə edəndə tərəqqinin mənzərəsi daha aydın görünür. Ölkədə biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində əhalinin nominal gəlirləri, yaşayış minimumu, Ümumi Daxili Məhsul istehsalı, qeyri-neft-qaz məhsullarının ixracı dəfələrlə artmışdır. Bu dövrdə valyuta ehtiyatları 33 dəfə artaraq 51,2 milyard manata çatmış, Azərbaycanla xarici ticarət əlaqələri qurmuş ölkələrin sayı 124-dən 183-ə yüksəlmişdir. Bu dövrdə ölkədə 2.5 milyon yeni iş yerləri yaradılmış, işsizlik səviyyəsi 4,8 faizə enmiş, ölkə əhalisinin məşğulluğu sahəsində əsaslı dönüş yaranmışdır. 1993-2003-cü illərdə Heydər Əliyev prezident olduğu 10 il ərzində Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyən etdi. Beləliklə, ulu öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də təcrübədə norma və dəyərlər məcmusunu həyata keçirdi, iqtisadi demokratiya modelini yaratdı. Artıq həmin görüşdən 22 il keçib. Bu gün sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindən biridir. Ulu öndər sahibkarlarla görüşündə onlara çox böyük ümid verərək bildirirdi ki, əmin ola bilərsiniz ki, biz - Azərbaycan dövləti və şəxsən Azərbaycan prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq. Sizin işinizə qanunsuz müdaxilə edənlərin, sizə mane olanların, qanunsuz olaraq sizdən bəhrələnməyə çalışanların hamısının qarşısını alacağıq.

Məhz belə də oldu. Həmin görüşdən ötən 22 il göstərdi ki, Azərbaycanın iqtisadi inkişaf modelinin yaradıcısı Heydər Əliyev ideyaları əsrlər keçsə də yaşayacaq, xalqımızın yoluna nur səpəcək.

Salman ALIOĞLU,

"Respublika".