Sonuncu əmr
Digər xəbərlər

Sonuncu əmr

"Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin "Sonuncu əmr" romanında baş verən hadisələr real faktlara əsaslanır.  Kitabı vərəqlədikcə sanki hadisələr bu gün baş vermiş kimi  gözlərimin önündə yenidən canlanır. Həmçinin Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşləri,  2020-ci ilin 44 günlük döyüş əməliyyatları, ötən ilin 19-20 sentyabrında həyata keçirilən  23 saatlıq antiterror tədbirləri və nəhayət,  30 il ərzində işğal altında qalmış bütün əraziləri azad edərək düşmən üzərində qazandığı şanlı qələbə əksini tapmışdır.

Kitabda gənclərimizə örnək olacaq bir çox nüanslara rast gəlinir. Belə ki, müəllif əsərin qəhrəmanını gənc nəslə tanıtmağa çalışır.

Əsərdə  Vətən müharibəsi qəhrəmanı, kəşfiyyat komandiri, polkovnik-leytenant Orxan Əkbərovun şücaəti xüsusilə vurğulanır. Orxan Əkbərovu qəhrəman kimi yetişdirən onun düşmənə qarşı kin və nifrətidir. Çünki bütün hadisələr əsərin qəhrəmanının gözləri önündə baş verir. Belə ki, Birinci Qarabağ müharibəsi başlayanda Orxanın cəmi 8 yaşı, Xocalı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Xocavənd, Qubadlı, Cəbrayıl... işğal olunanda isə on bir yaşı tamam olmuşdu. Həmin dövdə yetişən gənclərdən biri də Rəşaddır. Müharibə vaxtı Rəşadın ailəsi  təsadüfən dumana düşür və onlar  yolu itirdikləri üçün Xocavənd istiqamətində ermənilərlə rastlaşırlar. Ermənilər bütöv bir ailəni əsir götürür. Bütün bəlalar da  bu hadisədən sonra başlayır.

Əsərdə faktlara əsasən ermənilərin şərəfsiz, qansız, zalım, vəhşi olmaları daha bariz şəkildə verilir. Belə ki, girovluqda olan balaca Rəşadın gözləri önündə baş verən hadisələrdən sonra onda ermənilərə  qarşı nifrət yaranır. Atası, anası erməni qəsbkarlarına baş əymədikləri üçün yandırılaraq öldürülür. Balaca Rəşad fəryad edərək, ermənilərə təpki verdiyi üçün ona da zülm edirlər. Rəşadın yaddaşında isə anasının son məqamda oğluna dediyi sözlər qalır: "Oğlum, sən yaşa ki,  böyüyüb bu qisası yerdə qoymayasan". Rəşadın qulağında səslənən bu fəryad daim onu qisasa hazırlayır və qəlbi qisas atəşilə  yanır, o, məqsədinə çatmaq üçün çox çətin həyat yolu keçir.

Rəşad Rusiyada yaşayan dayısının himayəsinə verilir, Sankt-Peterburqda əsgərlik xidməti keçir, Hərbi Akademiyanı bitirir və Azərbaycana qayıdıb Qarabağ müharibəsində kəşfiyyatçı kimi iştirak edir. Rəşad nümunəvi kəşfiyyatçı, "Qartal" ləqəbli Orxan Əkbərovu axtarır. Ən böyük istəyi onunla görüşüb düşmənə qarşı hisslərini danışmaq idi. Rəşad böyüdükcə qəlbindəki kin və nifrət də böyümüşdü. Nəhayət, günün birində "Qartal" ləqəbli qəhrəman kəşfiyyatçı Orxan Əkbərovla görüşür.

Doğrudan da "qisas qiyamətə qalmaz", deyirlər. Nəhayət, Rəşad Orxan Əkbərovun kəşfiyyatçı qrupuna daxil olur və bir çox əməliyyatlarda iştirak edir. Kəşfiyyat zamanı ilk fürsətdə Rubeni tapır və görür ki, bu mənfur qaniçən tamamilə qocalmış və əldən düşmüşdür.

Rəşad Rubenlə görüşəndə illər öncə baş verən həmin hadisəni xatırladır. Müəllif əsərdə hadisələri yerli-yataqlı və peşəkarlıqla təsvir edir. Ruben Rəşadı erməni zənn etdiyi üçün onun suallarına olduğu kimi cavab verir. Hətta azərbaycanlı girov və əsirlərə necə işgəncə verdiyini də həvəslə danışır. Ancaq təəssüflənərək deyir: "O balacanı öldürmədim, ona görə ki, bacımın uşağı böyrək xərçəngindən əziyyət çəkirdi...". Demək, erməni Rəşadın böyrəklərini bacısı uşağına köçürtmək üçün onu öldürməyib...

Rəşadın Rubenlə danışığı böyrək köçürtmək söhbətinə çatanda o, əsəblərini cilovlaya bilmir. Rubenin boğazından tutub sürüyə-sürüyə həmin məzarların olduğu yerə gətirir və deyir:  "Öldürə bilmədiyin o uşaq qarşındadır, indi dur gedək öldürdüyün günahsızların basdırıldığı yerə. Səsi boğazında ilişib qalan Ruben xırıltı ilə danışır, imdad diləyir. Və Rəşad Rubeni həmin qəbirlərin üstündə diz çökdürüb: İndi de ki, mənim qanım sizə halaldır, əliyalın, köməksiz insanlar, mən sizi insanlığa yaraşmayan zülm ilə öldürdüm... De... De... De... Əclaf...".

Vəziyyətin ciddiliyini görən Ruben bu dəfə "yazıqlaşan" erməni hiyləsindən istifadə edərək, Azərbaycan dilində yalvarmağa başlayır:

- "Məni bağışla, öldürmə, qoca adamam, biz qonşuyuq, vaxtilə azərbaycanlılarla dost olmuşuq... Bizləri Köçəryan, Ohanyan, Sarkisyan kimi əclaflar yoldan çıxardılar, məcbur etdilər, bizi sizlərlə düşmən elədilər...".

Rəşad: - "Səsini kəs, yaramaz qoca... Sizlər Xocalıda törətdiklərinizi unutdunuzmu? Biz unutmadıq...".

Tarix boyu torpaqlarımızı işğal edib, xalqımıza zülm edənlər anlamalı idilər ki, vaxt gələcək, həyata keçirdikləri işğalçılıq siyasəti sona yetəcək. Tarixi ədalətin qarşısında cavab verməli olacaqlar.

Təranə ŞƏMS.