Azərbaycanın iqtisadi inkişaf modeli
İqtisadiyyat

Azərbaycanın iqtisadi inkişaf modeli

Bu, ölkəmizin tərəqqisinə, güclü dövlətlər sırasında yer almasına zəmin yaradır

Azərbaycan dünyada böyük infrastruktur layihələr həyata keçirən güclü ölkə kimi tanınır. Milli inkişafa kompleks məsələ kimi yanaşan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər iqtisadi inkişafın, tərəqqinin və Qələbəmizin təməlini təşkil edib, zəruri maliyyə və maddi resurslar yaradılıb. Bu resurs çağdaş dövrün ən görkəmli siyasətçisi tərəfindən ölkənin iqtisadi və hərbi üstünlüyünə, xalqımızın tarixi nailiyyətinə çevrilib. Beləliklə, dahi strateq məharəti və xalqımızın öz liderinə sarsılmaz inamı, güclü motivasiyası sayəsində Azərbaycan misilsiz Qələbə qazanıb. Bununla da ölkəmizin təhlükəsiz gələcək inkişafı təmin olunub və yeni tərəqqi dövrü başlayıb.

Azərbaycanın liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılır, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılır, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edir. Dövlətimizin iqtisadi siyasətində vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər, iqtisadiyyat sahələrinin imkanlarının üzə çıxarılmasına dair aparılan sistemli və ardıcıl işlər dövlətlə cəmiyyət, həm də hökumət qurumları ilə iqtisadi subyektlər arasında qarşılıqlı etimad mühiti yaradıb. İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması üçün qeyri-neft-qaz sahələrinin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılıb və xüsusilə qeyri-neft ixracının çeşidinin genişləndirilməsi, həcminin artırılması istiqamətində tədbirlər görülüb.

Həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, ölkəmizin iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatını daha da şaxələndirir. Sosial-iqtisadi inkişafda əldə edilən böyük nailiyyətlər, islahatların düşünülmüş şəkildə aparılması, müasirləşməsi kompleks yanaşma zəminində baş verib. Ölkənin iqtisadi inkişafının davamlı olmasını siyasətinin təməl prinsipi olaraq dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmi haqqında deyib: "Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil".

Hazırda Azərbaycanın iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir. Ölkəmizin mövqeyi bölgədə getdikcə daha da artır və güclənir. Mühüm geosiyasi məkan kimi regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələrin həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilməsi mümkün deyil. Dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilən Azərbaycanın qonşuları ilə qarşılıqlı anlaşma əsasında qurulan xarici siyasət kursu ölkəmiz üçün iqtisadi inkişafla yanaşı, təhlükəsizlik baxımından mühüm rol oynayır. "Deyilən sözə, verilən vədə əməl etmək" Azərbaycanın müttəfiqləri ilə əməkdaşlığında əsas prinsipidir. Reallıq budur ki, ölkə iqtisadiyyatı sabitdir və münbit investisiya şəraiti mövcuddur, həm də bu, təbii sərvətlərə əsaslanır.

Ölkənin bütövlükdə enerji strategiyası uğurla icra edilir. Hazırda əsas hədəf şaxələndirmədir. Ölkəmizin qaz ixracı coğrafiyası daha da genişlənir. Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir ki, bunun da yeddisi Avropa ölkəsidir. Heç şübhəsiz ki, Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək.

Ölkəmizin layihələri və təşəbbüsləri Avropanın və Asiyanın enerji xəritəsini yenidən tərtib edib. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin ətrafından bazarlara çatdırır, eləcə də uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və bu sənədə əsasən, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artırılmalıdır. Enerji sahəsində əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən neft, qaz, bərpaolunan enerji növləri, enerji səmərəliliyi və digər sahələri əhatə edir. Son illərdə gedən geosiyasi proseslər isə enerji təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırır.

Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyulur. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensialın olduğu bildirilir. Eyni zamanda iqlim dəyişmələri də ölkələrin iqtisadiyyatı üçün ciddi çağırışlar yaradır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" hədəfini reallaşdırmaqdır. Bunun üçün qlobal iqlim dəyişmələrinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi diqqətdə saxlanılır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulub. Təbii ki, bunun üçün yüksək keyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının yaradılması vacibdir. Azərbaycan bərpaolunan, yaşıl, o cümlədən elektrik enerjisinin ixracı layihələri üzərində də iş aparır. 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı üçün müqavilələr və anlaşma memorandumları imzalanıb, külək və günəş enerjisi stansiyalarının tikintisinə başlanılıb. 2022-ci ilin dekabrında isə Azərbaycandan Avropaya "yaşıl enerji" daşıyacaq elektrik kabelinin Qara dənizin dibi ilə çəkilməsi məqsədilə müqavilə imzalanıb. Bu layihə çərçivəsində ən azı 4 qiqavat "yaşıl enerji" Avropaya nəql ediləcək. Ümumilikdə 2027-ci ilə qədər Azərbaycan 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsalını planlaşdırır ki, onun da 80 faizi ixrac ediləcək.

Bu baxımdan, BMT-nin İnkişaf Proqramı tərəfindən qlobal vəziyyəti sabitləşdirmək üçün 2030-cu ilə kimi bir sıra hədəflər müəyyənləşdirilib. Bura torpaq deqradasiyasına qarşı neytral dünyaya nail olmaq, davamlı inkişaf üçün vacib olan şəraiti təmin etmək məqsədilə biomüxtəliflik də daxil olmaqla dağ ekosistemlərinin mühafizəsini təmin etmək, mühafizə olunan flora və fauna növlərinin qanunsuz istismarına son qoymaq, təbiətdə olan ekosistemləri qorumaq, meşələri mühafizə və bərpa etmək istiqamətində tədbirlərin həyata keçirilməsi daxildir. Beynəlxalq təşkilatlar tərəfindən iqtisadi fəaliyyətin ekoloji mühitin qorunması şəraitində təşkili tövsiyə edilir. Atmosferə atılan tullantıların sıfıra endirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ətraf aləm üçün zərərsiz texnologiyaların tətbiqinin sürətləndirilməsi daha keyfiyyətli yaşayış şəraitinin yaradılmasına təkan verən amilərdəndir. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmaq və iqlim dəyişmələri ilə mübarizədə qlobal cəhdlərə töhfə vermək üçün ciddi əsaslar yaradır. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar dünyanın ən böyük dövlətlərinin başçıları tərəfindən də yüksək qiymətləndirilir.

Ötən il Azərbaycanda Xəzər neft-qaz sərgisinin keçirilməsi ilə bağlı ABŞ dövlət başçısı Co Bayden Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edib ki, qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüsləri onu sevindirir. Bu tədbirlə bağlı ünvanladığı məktubda Böyük Britaniyanın Baş naziri Rişi Sunak isə diqqətə çatdırır ki, etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılmasına sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verir. O, eyni zamanda Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və "yaşıl enerji"nin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini də alqışladığını qeyd edib. Bütün bunlar ölkəmizin daha da inkişaf etməsi, istər iqtisadi, istərsə də siyasi baxımdan daha da güclənməsi üçün baza formalaşdırır.

Mustafa KAMAL,

"Respublika".