İkitərəfli əməkdaşlığın dinamikası yüksəlir
İqtisadiyyat

İkitərəfli əməkdaşlığın dinamikası yüksəlir

Ötən il Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olub. Bu müddət ərzində ölkələr arasında iqtisadi əməkdaşlıq, o cümlədən kənd təsərrüfatı sahəsində proqramların həyata keçirilməsi xüsusi dinamika ilə inkişaf edir.

Son illərdə Azərbaycan-Belarus ikitərəfli əlaqələri yüksələn xətlə irəliləyir. Buna əsas səbəb iki ölkə başçısının qarşılıqlı sıx əlaqədə olmasıdır. Səfərlər çərçivəsində mühüm anlaşma memorandumları, sazişlər və bir sıra müqavilələr imzalanıb. Bunlar arasında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 2-3 may 2007-ci il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən Azərbaycan və Belarus prezidentləri tərəfindən 28 noyabr 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən siyasi sənədlərdir. Bundan başqa, iqtisadi və humanitar sahələrin perspektivlərini əhatə edən "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə"dir.

Ötən illərə nəzər salsaq, görərik ki, təkcə 2020-ci ildə Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 447 milyon ABŞ dollarını ötüb. Belarus postsovet ölkələri arasında Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Belarusdan Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı, süd və ət məhsulları, dərmanlar tədarük edilir. Respublikamızdan isə dost ölkəyə neft-kimya məhsulları, spirtli içkilər, fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçalar idxal olunur. 2020-ci ilə qədər Gəncə Avtomobil Zavodunda Belarus traktorlarının yığımı həyata keçirilib.

Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə 2017-ci ildə Minsk şəhərində "Azərbaycan Ticarət Evi" açılıb. Ticarət Evi "Made in Azerbaijan" brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir. 2018-ci ildə Belarus Respublikasında rəsmi səfərdə olan Prezident İlham Əliyev Azərbaycan Ticarət Evində yaradılan şərait ilə tanış olub, fəaliyyətinə uğurlar arzulayıb. Azərbaycan artıq yüksəkkeyfiyyətli, rəqabətədavamlı məhsullar istehsal edir və onların xarici bazarlara ixrac edilməsi ölkə başçısının iqtisadi qurumlar qarşısında qoyduğu əsas məsələlərdən biridir. Xarici ölkələrdə Ticarət Evlərinin yaradılması "Made in Azerbaijan" brendi altında istehsal olunan məhsulların ixracını təşkil etmək istiqamətində atılan ən önəmli addımdır. Ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları ixrac edilib. Həmçinin respublikamızda istehsal olan məhsulların satışının təşkili məqsədilə Ticarət Evi ilə həmin ölkənin bir sıra iri ticarət şirkətləri arasında müqavilələr bağlanıb. Ticarət evində Azərbaycan müəssisələrinin istehsal etdiyi müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar, çay, mineral sular, spirtli içkilər, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar nümayiş olunur. Şübhəsiz ki, bu təşəbbüs Azərbaycan sahibkarları üçün Belarus bazarına açılan bir pəncərədir.

Hazırda ölkəmizdə Belarus mağazalarının şəbəkələri fəaliyyət göstərir. Bundan başqa, dost dövlət işğaldan azad edilən ərazilərdə infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması üçün zəruri olan müxtəlif malların tədarükünü həyata keçirir. Qarabağın dirçəlişi üzrə Dövlət Proqramının icrası çərçivəsində respublikamız müasir kənd təsərrüfatı komplekslərinin və şəhərciklərin yaradılmasında Belarus təcrübəsini və mütəxəssislərin məsləhətlərini əsas götürür. Həmçinin Minsk rəsmiləri açıqlayır ki, Belarus təşkilatları işğaldan azad edilmiş ərazilərdə kompleks layihələrin həyata keçirilməsi üçün layihələndirmə və tikinti xidmətlərinin göstərilməsi, subpodrat əsasında əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.

Şübhəsiz ki, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi ticari-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinin ən səmərəli yoludur. Bu məqsədlə 23 iyun 2004-cü ildə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb və bu günə kimi 13 görüş keçirilib. Görüşlərdə iqtisadi gündəliyimizdə olan bütün məsələlər ətraflı müzakirə olunur, dövlət və hökumət başçılarının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün konkret addımlar müəyyən edilir. Sonuncu belə iclas ötən il may ayının 15-də baş tutub. Görüşdə iki ölkə arasında mövcud ticarət dövriyyəsinin ölkələrin iqtisadi potensialını tam əks etdirmədiyi və effektiv yolların tapılması ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilə biləcəyinə inam ifadə olunub. Eyni zamanda Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına töhfələr verdiyi qeyd edilib. Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2023-2025-ci illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair proqram, iclasın yekunlarına dair Protokol, həmçinin əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bundan başqa, Hökumətlərarası Komissiyanın növbəti iclasının bu ilin iyununda Minskdə keçirilməsi haqda qərar qəbul olunub.

Davamlı olaraq təşkil olunan görüşlər və səfərlər qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün çox vacibdir. Gələcək illərdə iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə qaldırılacağı şübhə doğurmur.

Töhfə SƏMƏDOVA,

"Respublika".