Güclü iqtisadiyyat önəmli şərtdir
İqtisadiyyat

Güclü iqtisadiyyat önəmli şərtdir

Ölkəmizin iqtisadi müstəqilliyi siyasi müstəqilliyinə də öz töhfəsini verir

"İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar... İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük". Prezident İlham Əliyev bu fikirləri xüsusi olaraq vurğulayıb.

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitliyə və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təminatı üçün güclü potensial yaratmışdır.

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Bu baxımdan, Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz xarakter almasında Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır. Bütün bunların nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır. 20 ildə qazanılan iqtisadi uğurlar hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub. Bəli, Azərbaycan iqtisadiyyatı güclüdür və bu, bizə daim diktə edən tərəf olmaq imkanını verir.

"Güclü iqtisadiyyat ən önəmli şərtdir". Ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi bu fikrin mühüm əsası vardır. Digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də aparılan islahatlar təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də dünyada mövqeyinin möhkəmlənməsinə etibarlı zəmin yaratmışdır. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə mühüm təsir göstərir.

Çoxvektorluluq, çevik və işlək mexanizmlərin qurulması, regional layihələrin həyata keçirilməsi, münasibətlər və fəaliyyətlər strategiyasının yaradılması xüsusi istedad və məharət tələb edir. Ölkə başçısı İlham Əliyevin cəsarətli, milli mənafelərimizin qorunmasına və ölkəmizin müstəqilliyinin gücləndirilməsinə təminat verən uzaqgörən siyasəti nəticəsində Azərbaycanın həm regionda, həm də dünyada iqtisadi və siyasi imkanları artmaqdadır.

Prezident İlham Əliyevin qətiyyəti və siyasi-diplomatik uzaqgörənliyi ilə reallaşan enerji layihələri bu gün Azərbaycanın həm iqtisadi inkişafını sürətləndirir, həm də respublikamızı qlobal miqyasda əhəmiyyətli dərəcədə yüksəldir. Ulu öndər Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün respublikamızın inkişafına, xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət edir. Dövlətimizin başçısının siyasi iradəsi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal enerji bazarlarındakı və beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi qlobal miqyasda söz sahibinə çevirib. Hazırda Azərbaycan Avropanın enerji təminatında əsas ölkələrdən biridir.

Ölkəmizdə bütün sahələri əhatə edən inkişaf ordu quruculuğu sahəsində də özünün ən yüksək zirvəsinə çatmışdır. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət olduğunu və güclü ordu yaradıldığını tam təsdiq etdi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Azərbaycan öz gücü, iqtisadi qüdrəti ilə 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu göstərdi. Müharibədə əldə olunan qələbə ölkədə və regionda yeni reallıqlar yaradıb. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Prezident İlham Əliyevin 44 gün ərzində xarici mediada haqq səsimizi ucaltması, xalqa müraciətlərində səsləndirdiyi sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı. Bu tarixi qələbəni, zəfər bayramını bizlərə yaşadan ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir. 2020-ci ilin noyabrında Ermənistan üzərində qazandığımız tarixi Qələbə ilə 30 illik işğala son qoyulmasının əsas səbəblərindən biri də güclü iqtisadiyyata malik olmağımız idi. Hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri aparılır. Azad edilmiş torpaqlarımızda iqtisadi siyasətin düzgün qurulması xalqımızın rifahına öz təsirini göstərir.

Bu gün də Qarabağ və Şərqi Zəngəzur öz imkanlarımız hesabına yenidən qurulur. Tarixi Qələbədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar və hazırda dünyada baş verən siyasi-iqtisadi hadisələr fonunda ölkəmizə xüsusi diqqət var. Əlbəttə bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində qazanılmış nüfuzdur. Biz iqtisadiyyatımızı, iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Bu, dövlətimizin müstəqil və qüdrətli olması üçün əsas amillərdəndir. Xüsusilə, ölkə başçısının bu və ya digər ölkəyə səfərləri, keçirdiyi görüşlər, mətbuata verilən bəyanatlar önəmli mahiyyət kəsb edir.

İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da artıracaq. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanı daha da gücləndirəcək.

Mustafa KAMAL,

"Respublika".