Berlin şəhərində keçirilən Azərbaycan-Almaniya Forumunda ölkəmizin sülh təşəbbüslərindən danışılıb
Diaspora

Berlin şəhərində keçirilən Azərbaycan-Almaniya Forumunda ölkəmizin sülh təşəbbüslərindən danışılıb

Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub. Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Spiker, həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın münasibətlərin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına dair təşəbbüsləri və digər məsələləri diqqətə çatdırıb.