Yusiv Vəliyev Fövqəladə Hallar Könüllüləri ilə bağlı müsahibə verib
Digər xəbərlər

Yusiv Vəliyev Fövqəladə Hallar Könüllüləri ilə bağlı müsahibə verib

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Fövqəladə Hallar Könüllüləri ilə bağlı müsahibə verib.

“Respublika” sözügedən müsahibəni təqdim edir.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı yarandığı dövrdən bugünədək könüllülük fəaliyyətinin təşviq olunması və səmərəliliyinin artırılması istiqamətində hər zaman mütəşəkkil addımlar atıb. Bildiyiniz kimi, 2022-ci ilin dekabr ayından etibarən Şuşa-Xankəndi yolunda baş verən və 138 gün davam edən aksiyada Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatlarından ibarət 5000-ə yaxın Azərbaycan könüllüsü iştirak etmişdi. Aksiyanın sonuna qədər öz mövqeyini qoruyan könüllülərimiz sonda istəklərinə nail ola bilmişdirlər. Daha sonra, 2023-cü il 6 fevral tarixində Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə müxtəlif könüllü təşkilatlarını əhatə edən 150 nəfərdən ibarət Azərbaycan könüllüləri dəstəsi yola düşdü. Bir daha qeyd etmək istəyirik ki, bu Azərbaycan Könüllülərinin xaricdə genişmiqyaslı fövqəladə hal zamanı ilk fəaliyyətidir.

Məhz elə bu təcrübədən irəli gələrək, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə hallar könüllüləri” proqramına start vermişik. Proqram daxilində əsas məqsədimiz, ölkəmizdən və ölkə hüdudlarından kənarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirərək, əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaqdır.

Mərhələli şəkildə davam edəcək proqram üzrə gənclərimiz, xüsusi peşəkarlıqları ilə seçilən təlimçilər tərəfindən fövqəladə hallar zamanı yarana biləcək nəticələrinin aradan qaldırılması ilə bağlı təlimlərə cəlb olunacaqlar. Qeyd edilən proses tamamlandıqdan sonra sertifikatla təmin olunan könüllülər, bir sıra istiqamətlər üzrə qruplara bölünərək “Fövqəladə hallar könüllüləri” olaraq fəaliyyətə başlamaları nəzərdə tutulub.

Fövqəladə Hallar Könüllüsü olaraq fəaliyyət göstərmək istəyən gənclər ətraflı məlumat üçün sosial media hesablarımızdan istifadə edə bilərlər.