Yüksələn rifah ölkə başçısının 20 illik səmərəli fəaliyyətinin nəticəsidir
Siyasət

Yüksələn rifah ölkə başçısının 20 illik səmərəli fəaliyyətinin nəticəsidir

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - bu sözləri Ulu Öndər Heydər Əliyev 20 il qabaq Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.

Dövlət başçısı İlham Əliyevin Prezident seçilməsindən 20 il keçir. Bu müddət ərzində ölkəmiz, Azərbaycanımız bütün sahələr üzrə inkişaf mərhələsi keçərək, dəyişdiyi kimi, sadə vətəndaş təfəkkürü də dəyişdi. Bir zamanların tərəddüdlü, ziddiyyətli fikir və düşüncələri yalnız bir istiqamətdə cəmləndi, xalq-dövlət birliyi yarandı. Dövlət başçısı müəllifi Ulu Öndər olan dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi. Azərbaycan xalqının vahid ideya ətrafında birləşməsini və milli həmrəyliyini təmin etdi. Bütün fəaliyyəti dövründə sadə vətəndaşların, eləcə də veteranların, şəhid ailələrinin, müharibə əlillərinin yanında oldu, onlara mütəmadi olaraq qayğı və diqqət göstərdi. Bunun nəticəsində ümumxalq məhəbbətini qazandı. Əldə olunan uğurların, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirməklə sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratdı. Qlobal iqtisadi böhran və yaxud baş verən müharibələr fonunda bir sıra dünya dövlətləri çətinliklərlə üzləşsələr də, Azərbaycan siyasi, iqtisadi yüksəlişi ilə diqqətləri özünə çəkə bildi. İndi ölkəmiz istər iqtisadi, istərsə də təbii potensial baxımından dünyanın maraq dairəsindədir. Bu baxımdan, son dövrlər ölkəmizlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Artıq Azərbaycan böyük ölkələrlə iqtisadi əlaqələr qurmaqla yanaşı, həm də irimiqyaslı layihələrin təşkilatçısı və iştirakçısına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin 20 illik çevik, praqmatik siyasəti sayəsində əldə olunub. Məhz İlham Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və dəstəklənməsi tədbirləri xüsusi önəm kəsb edir. 20 il əvvəl Ulu öndər Heydər Əliyevin əminliklə etibar etdiyi siyasi kursunu İlham Əliyev layiqincə davam etdirir.

Bu illər ərzində ölkəmiz müharibə şəraitində yaşasa da, bir milyon məcburi köçkün problemi olsa da sosial sahəyə diqqət bir an belə unudulmadı. Ölkə başçısı İlham Əliyevin göstərişi ilə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində paytaxtla yanaşı, bölgələrdə yaşayan əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi. Rayonlarda mövcud olan sosial-iqtisadi problemlərinin əksər hissəsi öz həllini tapdı. Bu illər ərzində orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergilərin dərəcələrinin optimal həddə azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması istiqamətində mühüm addımlar atıldı. Ən aktual problemlərdən olan işsizlik faizi azaldıldı və yeni iş yerləri açıldı. Həmçinin ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verildi, məşğulluq səviyyəsi yüksəldi.

Ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafı təmin edildi, infrastruktur təminatı yaxşılaşdırıldı, sahibkarlıq mühiti formalaşdırıldı, ölkənin ixrac potensialının yüksəlməsi nəticəsində yoxsulluq səviyyəsinin aşağı düşməsində mühüm nəticələr əldə olundu. Regionlarda sənaye müəssisələrinin kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin bərpası və aqrar islahatlar uğurla başa çatdırıldı. Aparılan sosialyönümlü işlər bunlarla bitmədi. Ötən 20 illik prezidentlik müddətində ölkədə davamlı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli tərəqqisi istiqamətində tədbirlər davam etdirildi. Kənd yerlərinin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin regionların inkişafında məqsədyönlü siyasətinin davamı olaraq 27 fevral 2014-cü il tarixli Fərmanı ilə imzalanmış "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanıldı. Bu proqramın icrası ilə ölkə iqtisadiyyatında orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin stabil saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması və bu kimi digər tədbirlər davam etdirildi. Qeyri-neft sektorunun inkişafında əsas sahə olan kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi prioritet təşkil etdi. Daha bir mühüm addım isə Azərbaycanın yerli məhsullarının dünya bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin beynəlxalq sərgi və yarmarkalarda iştirakı yüksək səviyyədə təmin olundu.

Bu gün Azərbaycan dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni inkişaf modeli formalaşdırıb. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmiz geridə qoyduğu illər ərzində iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Ölkəmiz fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ilə region və Avropa İttifaqı məkanı üçün önəmli aktor qismində çıxış edir. Güclü iqtisadi inkişafın sayəsində ölkədə sosial rifah halının daha da yaxşılaşmasına nail olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan Azərbaycan sosial sahə üzrə dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə yüksəlməkdədir.

Aparılan sosial islahatlar sayəsində əhalinin əməkhaqqı artımı prosesi də uğurla nəticələnib. 2019-cu ildən ötən dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 41 faiz, median əməkhaqqı 85 faiz artırılıb. Aparılan islahatlar nəticəsində orta aylıq əməkhaqqı 77.4 manatdan 839.4 manata yüksəlib. Uğurlu islahatların növbəti nəticələri kimi, həmin dövrdə minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz, yaşa görə orta aylıq pensiyada 70 faiz, müavinət və təqaüd ödənişlərində müvafiq olaraq 3 və 5 dəfə artım olub. 2018-2022-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclərdə 70 faiz artım baş verib. Mühüm sosial müdafiə proqramlarından biri də şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlərlə təminatıdır. "Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib". Bu sözlər dövlət başçısı İlham Əliyevə məxsusdur. Göründüyü kimi, Azərbaycan dövləti şəhid ailələri və müharibə əlillərini daim diqqət mərkəzində saxlayaraq onların bütün sosial problemlərinin həllinə çalışır. Dövlətimizin başçısının bu kateqoriyadan olan insanlara xüsusi qayğısı nəticəsində proqram son dörd ildə beş dəfə genişləndirilib. 2021-ci ildən etibarən Bakı şəhərində, Abşeron, Lənkəran, Samux rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksləri tikilib istifadəyə verilib.

Azərbaycanın son illərdə sosial sahədə əldə etdiyi və bu gün ölkəmizin yeni brendi kimi beynəlxalq səviyyədə də böyük maraq doğuran və yüksək dəyərləndirilən mühüm innovativ nailiyyətlərdən biri də Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyidir. Ən mühüm və vacib amillərdən biri də son illər ölkə əhalisinin yoxsulluq səviyyəsinin kəskin surətdə aşağı düşməsidir. Son 20 ildə ölkədə aparılan yüksəksəviyyəli sosial islahatlar nəticəsində Azərbaycanda ümumdaxili məhsulun həcmi 3,6 dəfə artıb. Eyni zamanda, ötən müddət ərzində dövlət büdcə gəlirləri 25 dəfədən çox, xərcləri isə 26 dəfə artıb. İlham Əliyevin Prezident olduğu 20 illik dövrdə ölkəmizdə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə düşüb. Buna səbəb olan ən başlıca amillərdən biri də ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişafıdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə yeni iş yerlərinin açılması və insanların işlə təminatı yoxsulluq səviyyəsinin aşağı düşməsinə, rahat yaşayışın təminatına təkan verib.

Son üç ilin siyasi dəyişiklikləri fonunda Azərbaycan iqtisadiyyatının inkişafı daha da yüksəlib və ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş dövlətlərdən birinə çevrilib. Vətən müharibəsindəki Qələbəmizdən sonra ərazi bütövlüyümüzün təminatı və işğaldan azad edilən ərazilərin sosial-iqtisadi sahədə verəcəyi böyük töhfələr dünya ölkələrinin maraq dairəsindədir. Həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq səviyyəli iqtisadi münasibətlər də bundan xəbər verir. Ölkə başçısının həyata keçirdiyi sosial islahatlar nəticəsində dövlət idarəçiliyi sistemi beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlərin təşkili, COVİD-19 pandemiyası zamanı aparılan kompleks tədbirlər və qabaqlayıcı vasitələrin yüksək səviyyədə təşkili ilə özünü büruzə verdi. Bölgənin inkişafı dünyaya verəcəyi töhfələrlə yanaşı, ölkə əhalisinin, o cümlədən regionun sosial inkişafına yönəlib.

Ramidə YAQUBQIZI,

"Respublika".