Xələflərin sələflərinə naxələfliyi
Siyasət

Xələflərin sələflərinə naxələfliyi

Bəzən dövlət başçılarının uğursuz siyasəti və xain mövqeyi bütöv bir xalqı, elə o dövləti də gözdən sala bilir. Bəli, bu real həyat həqiqətləridir.

Bu mənada, bir zamanlar fransızları mədəni, xeyirxah xalq kimi çox sevirdik. Hətta bir az da irəli gedib ötən əsrlərə nəzər salsaq, görərik ki, Azərbaycanda elmə, təhsilə yiyələnmiş bir çox ziyalılarımız, ədəbiyyatımızın Kefli İsgəndəri belə məhz Firəngistanda təhsil almağı özlərinə şöhrət bilmişlər. Bu günün mənzərəsi isə ondan ibarətdir ki, Fransa dövlət başçısı Makronun yürütdüyü siyasət nəticəsində öz nüfuzunu itirib. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı dəstəkləyib silahlandırması, hər addımda ölkəmizə qarşı qarayaxma kampaniyası aparması buna bariz nümunədir.

Əslində Makron hakimiyyətinin bu yanaşması Ermənistanı müdafiə etmək deyil. Sirr deyil ki, İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra Fransa kimi bəzi dövlətlər Azərbaycana qısqanclıqla yanaşırlar. Bu isə ondan qaynaqlanır ki, artıq nəinki Cənubi Qafqazda, həmçinin dünya miqyasında dövlətimizin öz çəkisi və yeri var.

Bu gün regionun söz sahibi Azərbaycan və onun dövlət başçısı İlham Əliyevdir. Uzun illərin məkrli planları arxasında gizlənmiş Fransa kimi dövlətlər artıq bu vəziyyəti qəbul edib, barışa bilmirlər. Çünki Qafqaz bölgəsi, eyni zamanda Azərbaycan təbii ehtiyatlarının zənginliyi ilə bütün dövrlərdə dünyanın diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqazda ab-hava dəyişdiyi kimi, şərtlər və qaydalar da dəyişib. Ermənistan kimi əlaltı dövlətlərin vasitəsilə regiona yerləşib mövcud vəziyyətə nəzarət etməyə çalışan Fransa və digər dövlətlər elə uzaq sərhədlərdə də qalıblar. Belə olan halda regionda gözü olan dövlətlərin yeganə çıxış yolu Azərbaycana qara yaxmaqdan ibarətdir.

Yaxın günlərdə Fransanın Evian-lö Bən şəhərindəki "Azərbaycan parkı"nda baş verənlər isə sözün əsl mənasında,  Azərbaycana, onun mədəniyyətinə qarşı xəbis, xain münasibətin göstəricisidir. Nə qədər ucuz və düşüncəsiz bir təfəkkürə malik olasan ki, öz mövqeyini və yersiz hiddətini tarixi şəxsiyyətin abidəsinə qarşı hörmətsizlik etməklə bildirəsən. Belə olan halda Fransanın Ermənistandan heç bir fərqi yoxdur. Əksinə, hər iki dövləti oxşar və ortaq maraqlar birləşdirir. 30 illik işğal dövründə Ermənistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində törətdiyi vəhşiliklər, vandallıq, tarixi, mədəni abidələrə qarşı hücumları hazırda Fransada davam edir. Bu da ondan irəli gəlir ki, hazırkı vəziyyətdə Makron hakimiyyəti erməni lobbisinin əlində alətə çevrilib. Məlum hadisədə də məhz onların "dəst-xətti" aydın sezilir.

Əslində Evian-lö Bən şəhərində "Az

ərbaycan parkı"nın salınması və burada Xurşidbanu Natəvanın heykəlinin ucaldılması vaxtilə hər iki dövlətin qarşılıqlı xoş niyyətini ifadə edirdi. Xatırladaq ki, indiyədək Azərbaycan ilə Fransanın bir çox şəhərləri arasında dostluq, mədəni və digər istiqamətlərdə əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb. 2015-ci ildə isə Fransanın Evian-lö Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-lö-Bən şəhərində Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub, parkda "Dostluq" bulağı yaradılıb və Xurşidbanu Natəvanın  heykəli ucaldılıb. Sözügedən parkda məhz Natəvanın heykəlinin qoyulmasının da məntiqi əsası var. Çünki əsrlər əvvəl istedadlı fransız yazıçısı  Aleksandr Düma 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı Azərbaycana da gəlmiş və  qarşılaşdığı gözəl təbiət mənzərələrindən, ona göstərilən yüksək hörmətdən 3 cilddən ibarət "Qafqaz səfəri" adlı əsərində geniş yazmışdır.  Dümanın əsərdə  Azərbaycan şairəsi Natəvan ilə olan görüşünü də qeyd etmişdir. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır.  Maraqlı nüanslardan biri də həmin məclisdə Aleksandr Dümanın Azərbaycan şairəsi Natəvanla şahmat oynamasıdır. Oyunun nəticəsi isə çox yaddaqalan olur, Natəvan Dümanı mat edir. Gənc şairənin Dümaya qalib gəlməsi Azərbaycan qadınının simasında xalqımızın müdrikliyinin, iti ağlının və dünyagörüşünün sübutudur. Bu isə onu göstərir ki, həmin dövrlərdə təhsilin, elmin çox az inkişaf etdiyi Azərbaycan və avam müsəlman kimi yanaşılan azərbaycanlılar əslində öz daxili mədəniyyətləri, düşüncə tərzləri və milli-mənəvi adətləri ilə firənglərdən qat-qat üstün olublar. Xurşidbanu Natəvanın ağlına və dərrakəsinə heyran qalan Düma hörmət əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə etmişdir.

Zamanımızda isə Aleksandr Dümanın vətəni Fransada  Xurşidbanu Natəvanın heykəlinə  edilən hörmətsizlik ölkəmizə qarşı növbəti təxribat kimi qiymətləndirilir. Dünyada mədəni irsin qorunmasına cavabdeh olan və UNESCO-ya evsahibliyi edən Fransanın bu cür addım atması isə əsl barbarlıq nümunəsidir. Deməli, fransızlar üçün milli-mənəvi dəyərlər əhəmiyyət kəsb etmir.  Əgər onlar öz sələflərini, dəyərlərini qiymətləndirə bilsəydilər, o zaman ən azından Dümanın şəxsiyyətinə hörmətlə yanaşardılar.

 Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, biz ərazi baxımdan Fransadan kiçik olsaq da, milli-mənəvi ailə dəyərləri, əxlaqi baxımdan qat-qat üstünük. Çoxmillətli dövlət olan Azərbaycanda heç vaxt hansısa millətin, xalqın dini, mədəni abidəsinə qarşı hər hansı mənfi münasibət göstərilməmişdi. Baxmayaraq ki, Ermənistan bizim düşmənimizdir, münasibətlərin ən kəskin vaxtlarında, torpaqlarımızın 20 faizi işğalda olan dövrdə belə, Bakının mərkəzində olan erməni kilsəsini qoruyub saxladıq. Nə dövlət, nə də xalq bu dini abidəyə qarşı hörmətsizlik etmədi. Azərbaycanı  fərqləndirən cəhətlərdən biri də məhz budur. Biz artıq bütün dünyaya öz baxış və yanaşmamızla nümunəyik. Dünyaya aşılamaq istədiyimiz dəyərlər çox böyükdür. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli cəmiyyəti ilə multikulturalizmi təbliğ edərək Fransanın özündə və regionlarında çoxlu sayda tarixi dini-mədəni abidələrin bərpasına böyük töhfələr vermişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".