“Ağıldan bəla”: iftira və qarayaxma kampaniyası
Siyasət

“Ağıldan bəla”: iftira və qarayaxma kampaniyası

XIX əsrin əvvəllərində Qarabağa gəlmiş və bu yerlərin gözəlliyinə aşiq olan Müsyö Jordanın vətəni Fransanın Paris başda olmaqla ən iri şəhərləri yerli fermerlərin əli ilə üfunət iyi verən zibilliyə bürünüb. Əslində sadə fermerlərin bu hərəkəti heç də təsadüfi deyil, onsuz da bir müddətdir ki, Fransa "demokratiya"sından ətrafa üfunət yayılır. Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan E.Makronun “ağıldan bəlaya” düçar olduğu aydın hiss olunur.

Son üç il ərzində fransızların aşağıladıqları, ələ saldıqları, adam yerinə qoymadıqları, sifətinə şillə və lax yumurta çırpılan Makron işğalçı Ermənistanın "vəkil"i kimi ortalıqdan çıxmır, hərzə-hədyan danışır, Azərbaycana böhtan atır. Ən ağrılı yerindən ağır zərbə alan, ordusu və hərbi texnikası döyüş meydanında məhv edilən, qırx arşın quyunun dibinə düşən Ermənistanı revanşizmə təhrik edən, erməni şovinizminə, separatizminə müxtəlif yollarla dəstək verən Makron hakimiyyəti açıq-aşkar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olur, bölgədə yeni müharibə ocağını alovlandırmağa çalışır. İmperiya xislətli Makronu, "miatsum" xülyalı Paşinyanı bənzər xəyallar ilğımı birləşdirir. Bunu erməni politoloq Suren Surenyants daha dəqiq ifadə edərək yazır ki, məndə belə təəssürat yaranıb ki, hazırda Paşinyanla Makron arasında yaxınlaşma müsbət tarixə malik Fransa-Ermənistan dostluğuna deyil, iki liderin hansısa mistik avantürizminə əsaslanır. Təsadüfi deyil ki, Paşinyanın Parisə səfərləri dəfn mərasimləri ilə müşayiət olunur.

Tarixin silinməz səhifələrinə Fransanın adı müstəmləkəçi, işğalçı, irqçi, ərəblərə qarşı soyqırımı törədən dövlət kimi yazılıb. Prezident Makron başda olmaqla dövlət rəsmiləri isə çəkinmədən və utanmadan Fransada demokratiyadan, insan haqlarından, başqa dəyərlərdən danışırlar. Bu onu göstərir ki, Fransa iqtidarı riyakarlığa, eqoizmə, yalan və böhtana adətkərdədir. Halbuki, atdıqları iftira, böhtan, şər heç bir demokratiyaya və əxlaqa sığmır. Öz gözündə tiri görməyən Fransa hökuməti başqalarının gözündə tük axtarır, həm də özlərini deyil, özgələri günahlandırmağa cəhd edir. Fransanın ikili siyasəti və tərəfkeşliyi, ermənipərəstliyi, Makronun ermənilərin pul kisəsindən asılılığı məcbur edir ki, çirkin iftira və böhtan atmaqla Azərbaycanın daxili işlərinə müdaxilə etsin. Sözsüz ki, yanılırlar. Azərbaycan dünyada müstəqil siyasət aparan, güclü və demokratik bir dövlət olduğunu artıq sübut edib. Haradansa asılılıq Azərbaycan üçün yaddır, bu günəşli ölkə özü-özünü təmin edir, tolerantlıq, yardımsevərlik uğurla aparılan siyasətin ən yüksək dəyərləridir. Sadəcə, onu görmək və anlamaq lazımdır. Ermənistan liderləri üzdə sülhdən, qonşuluqdan, əməkdaşlıqdan danışır, arxada isə bunun əksini edir, Fransanın qızışdırıcı təkliflərinə şirnikirlər.

Düşmən ölkənin prezidenti Vaaqn Xaçaturyan Ermənistan ictimaiyyətinə sülh mesajı çatdıraraq bildirib ki, nəhayət, Ermənistan və Azərbaycan, bütün keçmiş ağrılı məqamlara baxmayaraq, iki qonşu kimi dinc yaşamalıdır. Önəmli bir prinsip var: qonşularınla dinc yaşamalısan. İndi hansısa proses nəticəsində qarşıdurma yaranıb. Belə davam edə bilməz, dayandırılmalıdır. İndi bir-birimizlə danışmağı təklif edirik. Əminik ki, bütün məsələləri həll etmək olar. İndi biz o yoldayıq. Yol budur, məsələləri güclə, müharibə yolu ilə həll etmək lazım deyil. Prezident belə danışır, erməni baş nazir isə başqa cür. İki erməni liderin sözü üst-üstə düşmür, ona görə də haylarla sülh haqqında danışmaq qum topasından qum götürməyə bənzəyir. Bütün bu ziddiyyətlərə baxmayaraq, Azərbaycan sülh tərəfdarı olduğunu sözü və əməli ilə təsdiq edir.

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə son günlər şərti sərhəddə baş verən təxribatlar haqqında danışıb. O bildirib ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrdən fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar. Otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər kimi ədalətin bərpa olunması üçün heç bir addım atmadılar.

Əlləri erməni lobbisinin cibində olan, erməni milyarderlərin dediyi ilə oturub-duran, ermənidən çox erməniyə oxşayan Makron hər vasitə ilə alovun üstünə benzin tökür və Ermənistanı silah-sursatla təchiz edir. Nəzərə alaq ki, fransalı siyasətçilər Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış ediblər. Otuz ilə yaxın Qarabağda münaqişənin həllini üzərinə götürən ATƏT-in keçmiş Minsk qrupunun fransalı həmsədri daha çox ermənipərəst mövqe nümayiş etdirib. Yəni Fransanın bir çox siyasilərinin Azərbaycana qarşı qərəzi və kini onların çürük, ağıldan bəla mənəviyyatının göstəricisidir. Fransa öz problemlərini həll etmək yerinə ermənilərin vəkili rolunda çıxış etməklə daha çox məşğul olur. Görəsən, bu haqqı onlara kim verib, Ermənistanı qoltuğunun altına almaqda hansı məqsədi güdür?

Cənubi Qafqazın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycana qərəzli iftira və böhtan yapışan deyil. Əbəs yerə özünüzü yormayın, çürük xəyallara uymayın. Dörd qonşusundan ikisi ilə sərhədləri bağlı olan Ermənistan seçim etməli olacaq, hansı tərəfə getsin...

Salman ALIOĞLU,

"Respublika".