Ya dərk edin, ya da tərk edin
Digər xəbərlər

Ya dərk edin, ya da tərk edin

Azərbaycan regionda davamlı sabitliyə və təhlükəsizliyə, əməkdaşlığa, iqtisadi inkişafa təkan verməklə, Cənubi Qafqazın aparıcı beynəlxalq güc mərkəzinə çevrilir. Heç şübhəsiz bu prosesdə əsas hədəf Ermənistanla sülhə nail olmaq, sərhədlərin delimitasiya və demarkasiya prosesini reallaşdırmaq, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını təmin etməkdir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Dövlətimiz Ermənistanın və onun havadarlarının təxribatlarına hərbi və diplomatik miqyasda dərhal cavab verir, regional və beynəlxalq miqyasda öz liderlik mövqeyini qoruyur.

Ermənistanın Qarabağdakı tör-töküntüsü olan qondarma rejim Cənubi Qafqazdakı destabilliyin əsas səbəbkarlarındandırlar. İki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara, təxribatlara əl atır. Hakim dairələr qondarma qurumun "tərəf" kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərir. Onların məqsədi ermənilərin Azərbaycan daxilində xüsusi statusla yaşamasıdır ki, bu məsələdə isə Azərbaycanın mövqeyi qətidir. Bütün müxtəlif etnik qrupların nümayəndələri ölkəmizdə bərabər hüquqlara malikdir və onların təhlükəsizliyi eyni səviyyədə qorunur.

Digər tərəfdən, Laçın dövlət sərhədində gərginlik davam edir. Yük avtomobillərini qanunsuz qaydada əraziyə yığan Ermənistan tərəfi humanitar şou göstərərək ictimai fikir formalaşdırmağa çalışır ki, guya burada yaşayan ermənilər "blokada"dadırlar, onlara yardım göndərilmir və s. Lakin irihəcmli yük maşınlarının ərazidən keçirilməsi istəyi humanitar ehtiyac və ya hər hansı bir fövqəladə səbəbdən deyil. 30 ilə yaxın Laçın yolundan öz kirli əməllərinə görə istifadə edən haylar artıq Laçın dövlət sərhədinin mövcudluğundan sonra daha buradan narkotik, silah-sursat, qaçaqmal və digər qeyri-qanuni daşımalar məqsədilə istifadə edə bilmirlər.

Məlumat var ki, Qarabağdakı separatçılar Laçın postuna doğru yürüşə hazırlaşır. Erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Ermənistan bununla Qarabağdakı erməni əhalisinin Ağdam-Xankəndi marşrutu üzrə yardımı qəbul etmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq istəyirlər. Lakin digər tərəfdən, Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb ki, separatçı Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın üzdə əleyhinə olsa da, onun gizli tərəfdarlarından biridir. Nəşrin iddiasına görə, Arutyunyan yaxın günlərdə keçirəcəyi "mətbuat konfransı"nda müsbət addım atmağa hazır olduğunu bildirəcək. Əlbəttə ki, Araik Arutunyan və xunta rejiminin digər üzvləri sülh və reinteqrasiya prosesində heç bir əhəmiyyət kəsb etmirlər. Yerli əhalini qızışdıran və reinteqrasiya prosesinə kölgə salan dələduzların bir-birini təkzib edən addımları sadəcə məsələnin yubadılmasına xidmət edir.

Azərbaycan ərazilərində yaşayan erməni azlığı bu tarixi şansı lazımi səviyyədə dəyərləndirməlidirlər. Məlumdur ki, Qarabağdakı mülki erməni əhalinin problemləri gündən-günə artır və bu problemlərin separatçılar tərəfindən həll edilməsi heç bir halda mümkün deyil. Lakin bütün bunlara baxmayaraq, dövlət başçımızın verdiyi şansları dəyərləndirməyən separatçı rejim yerli əhalini mübarizəyə səsləyir. Ölkə başçımızın da qeyd etdiyi kimi, erməni azlığı öz seçimini etməlidir. Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsi zamanı bildirmişdir: "Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk".

Məlumdur ki, sülh prosesində olduğu kimi, reinteqrasiya məsələsində də Azərbaycan ilk təşəbbüs göstərən tərəfdir. Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi buna əyani misaldır. Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparıldı. Lakin erməni sakinlərin nümayəndələrinin növbəti müzakirələr üçün paytaxt Bakıya dəvət edilməsi, Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin təzahürü olsa da, haylar yenə də öz xislətindən əl çəkmədilər, onlar Bakıya gəlməyərək dəvəti qəbul etmədilər.

Qarabağda yaşayan ermənilər anlamalıdırlar ki, onların iki yolu var. Ya Azərbaycanın idarəetməsini qəbul edib reinteqrasiya olmalı, ya da bu ərazini tərk etməlidirlər.

Nurlan ABDALOV,

"Respublika".