Qlobal əhəmiyyətə malik dəhliz
Digər xəbərlər

Qlobal əhəmiyyətə malik dəhliz

2020-ci il 10 noyabr Bəyanatı düşmənin məğlubiyyətini rəsmi olaraq təsdiqləməklə yanaşı, bir neçə mühüm siyasi məqamları da dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan üzərinə öhdəlik götürdü. Bu, regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası və inkişafı üçün əhəmiyyətli bir addımdır və münaqişənin nizamlanması və bölgədə sabitliyin bərqərar olmasına xidmət edir.

Zəngəzur dəhlizinin açılması dövlətimizin geoiqtisadi siyasətinə öz töhfəsini verəcək və region üçün yeni imkanlar yaradacaq. Ölkəmizin yanaşması bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməlidir. Digər tərəfdən, bölgə dövlətləri arasında iqtisadi-ticari əlaqələrin inkişaf etməsində, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən çıxmasında mühüm rol oynayacaq. Azərbaycan Prezidenti postmüharibə dövrünün reallıqları, həmçinin kommunikasiyaların bərpası ilə əlaqədar növbəti dəfə prinsipial yanaşma ortaya qoydu: "Deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi".

Zəngəzur dəhlizi regional inkişafa yeni nəfəs gətirəcək və eyni zamanda Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. Türk dünyası uzun müddətdən sonra yenidən məhz bu dəhliz vasitəsilə birləşəcək. Danılmaz faktdır ki, Zəngəzur dəhlizindən digər ölkələr də faydalanacaqlar. Amma bu dəhlizin açılmasının əsas məqsədi daha çox türk dövlətlərinin birliyinin gücləndirilməsinə yönəldilib. Təxminən 100 ildən sonra türk dövlətləri arasında belə bir bağın yaranması isə çox mühüm hadisə hesab olunur. Mustafa Kamal Atatürkün vaxtilə "Türk qapısı" adlandırdığı Zəngəzur dəhlizinin açılması türk dünyası üçün yeni bir mərhələ deməkdir.

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb edir. Çünki dəhliz təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada böyük əhəmiyyətə malik kommunikasiya xəttidir. Bu mənada Ermənistanın dəhlizlə bağlı müqavimət cəhdləri əbəsdir və Azərbaycan sonda istəyinə nail olacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".