Dağları insanına sipər, vüqarlı Kəlbəcər
Digər xəbərlər

Dağları insanına sipər, vüqarlı Kəlbəcər

Tezliklə köç karvanının üzü sənə sarı da dönəcək

Doğrana-doğrana, itirə-itirə bu günümüzə çatan, nəhayət, bütövləşən məmləkətim. Zamanın ağır sınaqlarına tuş olan, min bir əzab-əziyyətlərə qatlaşan, dözülməz fəlakətlər, faciələr yaşayan Azərbaycanım. Hansını deyək, hansından yazaq? Xocalıdanmı, Ağdaban faciəsindən, yaxud Qaradağlıdan, Başlıbeldənmi? Biri digərindən daha dəhşətli soyqırımları. Xatırladıqca insanın damarlarında qanı donur. Bu qədər də zülm, sitəm olardımı bir xalqa... Dağlar qoynuna sığınan, dağ vüqarlı Kəlbəcər, sənin də başın az bəlalar çəkməyib...

1993-cü il aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilmədilər. Onların bir qismi dağlara çəkilərək kahalara sığındı. Aprelin 18-də erməni silahlı birləşmələri onların yerini müəyyənləşdirib 14 nəfəri girov götürdü, 18 nəfər qətlə yetirildi. Sağ qalanlar isə böyük çətinliklə erməni mühasirəsindən çıxa bildilər. Onlar daha 113 gün dağlarda mühasirə həyatı yaşamalı oldular, dörd gün piyada yol qət edərək 1993-cü il iyulun 22-də Daşkəsən rayonu ərazisinə keçdilər.

Mühasirə həyatını xatırlayan İsmət Əzizov sonralar danışırdı: "Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu "UAZ" markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdı. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxuldular... Əslində hələ aprelin 3-də kənddə olarkən "Portda" kahalarına sığınmaq barədə qərar verilmişdi. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Qoca Muxtarovun evinə də od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar".

Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri də Ağdaban faciəsidir. Kənd rayonun Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 kilometr şimal-şərqdə yerləşir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Əhali başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara qaçdı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildikdən sonra isə əhali müdafiəsiz qaldı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törətdilər.

Xocavənd rayonunun ən qədim yaşayış məntəqələrindən biri olan Qaradağlı kəndi rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşir. Ermənilər insanlığa ləkə olan növbəti cinayəti - Qaradağlı soyqırımını da həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olundu, kənddə olan 118 nəfər əsir götürüldü. Əsirlərdən 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə öldürüldü, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtdülər. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirildi.

Bu kəndlərin işğalı Kəlbəcərin də mühasirə ehtimallarını artırırdı. Çünki ermənilər düşünürdülər ki, bundan sonra hücumları daha da intensivləşəcək və belə də oldu. Kəlbəcərin işğal olunacağına heç kim inanmırdı, ancaq bu da baş verdi.

2020-ci ildə 44 günlük müharibədə işğalçılar güc yolu ilə cəzalandırıldılar. Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatları daha inamla və daha dərindən əsaslandırılmış formada həyata keçirməsi nəticəsində işğalçı ölkə təslim aktını imzaladı və üzərinə öhdəliklər götürdü. Dövlətimizin şərtlərini qəbul edən Ermənistan əvvəlcə Kəlbəcərin noyabrın 15-də boşaldılacağı barədə öhdəlik götürdü, lakin sonradan möhlət istədi. Onlara daha 10 gün əlavə vaxt verildi. Ermənilər bu on gündə də öz xislətini göstərdilər. Qanunsuz məskunlaşdırmadan sonra bizim evlərimizdə yaşayan və oranı tərk edən ermənilər evlərə od vurdular, təbiətə qənim kəsildilər, nəhayət, noyabrın 25-də Kəlbəcəri tərk etdilər. Bax, onda bir daha düşündük: "Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!". Bəli, ermənilər Kəlbəcəri boşaltdılar, çox rahatlıqla oranı tərk etdilər, təhlükəsiz şəkildə, atəşə məruz qalmadan bütün əşyalarını götürüb getdilər. Qaniçən erməni hərbçisindən fərqli olaraq Azərbaycan əsgəri onlara ərazini tərk etmək üçün bütün şəraiti yaratdı, sinəsinə güllə sıxmadı.

Kəlbəcər XXI əsrdə erməni vandalizminin əyani nümunəsi oldu. Ermənilər buranı viran qoydular. İndi işğaldan azad edilmiş ərazilər yenidən qurulur, yollar çəkilir, abad, yaraşıqlı kəndlər salınır, işıq, su problemi həll edilir. Artıq o torpaqların əsl sahibləri öz yurd-yuvalarına dönürlər. Kəlbəcərə də yavaş-yavaş həyat qayıdır. Həsrətlilərin görüşünə az qalır. Bir vaxt oradan zorakılıqla qovulan, dağ yolları ilə ayaqyalın, piyada erməni qaniçənlərindən qaçıb xilas olmağa çalışan, dağlara sığınan kəlbəcərlilər indi o dağlara bir də dönəcək. Qırğına məruz qalıb, atəşə tutulan, meyitləri belə təhqir edilən soydaşlarımız ədalətin təntənəsini yaşamağa hazırlaşırlar indi. Haqlı deyiblər, hər qaranlıq gecənin bir gündüzü var. Qara buludları başının üstündən çəkilən, qurulan, abadlaşdırılan, dağlar qoynuna söykənən Kəlbəcərin işıqlı sabahları, nurlu gündüzləri hələ öndədir. Dağlarının başı qar, ağ örpəyi buludlar olan dağ vüqarlı Kəlbəcər, indi köç karvanlarının üzü sənə sarıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".