Separatçıların Qarabağda növbəti oyunu
Digər xəbərlər

Separatçıların Qarabağda növbəti oyunu

Vardanyan-Arutyunyan işbirliyi ermənilərə yaxşı heç nə vəd etmir

Vətən müharibəsinin Azərbaycanın qələbəsilə başa çatması dünyanın bir neçə dövlətinin yuxusuna haram qatdı. Qısqanclıq hətta o həddə çatdı ki, bəzi dövlətlər ölkəmizə qarşı açıq-aşkar düşmənçilik mövqeyindən çıxış etməyə başladı. Azərbaycana qarşı qəbul edilən əsassız və qərəzli qərarlar, irəli sürülən ittihamlar, atılan böhtanlar həmin dövlətlərin ermənipərəst mövqeyinin əsl mahiyyətini ifadə edirdi. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına mane olan fərdlər də siyasi gündəmə gəldi. Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan qanunsuz şəkildə Qarabağda peyda oldu. Rusiyalı milyarder uzun illər boyu heç bir fəaliyyəti ilə seçilməsə də, müharibə dövründə birdən-birə ortaya çıxıb V.Putini rus hərbçilərini erməniləri xilas etmək üçün ölümə göndərməməsi üzündən günahlandırırdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hərəkətə keçirməməsini ona irad tuturdu.  "Axı, biz qardaşıq, dindaşıq", - deyirdi.  Beləliklə, hər cür bəhanələr uydurur, Rusiyanı Azərbaycanla müharibəyə cəlb etmək üçün dəridən-qabıqdan çıxırdı.

2022-ci il oktyabrın 4-də Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutyunyan açıqlama yaydı. Topluma səslənən qondarma rəhbər Ruben Vardanyana "dövlət naziri" vəzifəsi təklif etdiyini bildirdi. Ruben Vardanyan 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü bəyan edib. İşğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayan Ruben Vardanyanın müraciətinin ruhundan isə onun bölgədə hakimiyyətə iddialı olduğu görünürdü...

2022-ci il oktyabrın 22-də isə Ruben Vardanyan bir neçə həftə əvvəl Araik Arutyunyanın qondarma qurumda "vəzifə" təklifini qəbul etdiyini açıqlamış: "Bir ay yarım ərzində siyasi və ictimai xadimlər, müxtəlif regionların və müxtəlif sosial qrupların nümayəndələri ilə görüşlər və təmaslar məni əmin etdi ki, insanlar mənim namizədliyimi dəstəkləyirlər", - deyə vurğulamışdı.

Noyabrın 4-də Ruben Vardanyanın rəsmi təqdimetmə mərasimi keçirildi, o, yeni "dövlət naziri" kimi "qondarma rejimin" aparatının əməkdaşlarına, hökumət üzvlərinə təqdim edildi. A.Arutyunyan demişdi ki, R.Vardanyanın bu vəzifəni tutmaq təklifini qəbul etməsinə sevinir, çünki onun erməniləri "artsax" üçün bir ideya ətrafında birləşdirmək bacarığına malik olduğuna inanır, üstəlik onun təcrübəsi, imkanları, bütün dünya ilə əlaqələri indiki mərhələdə "dövlət" üçün son dərəcə vacibdir. A.Arutyunyan o zaman yeni "nazir"i əmin etmişdi ki, o, "prezident, hökumət, parlament və bütün "artsax" xalqının dəstəyini alacaq: "Sizin və bizim uğur qazanmaqdan başqa yolumuz yoxdur". Ruben Vardanyan isə indiki dövrdə "artsax"da vəzifə tutmağın onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirmişdi.

Vətən müharibəsindən sonra Ermənistanda sular durulmaq bilmir. Əvvəlcə əhali Nikol Paşinyan hakimiyyətinə qarşı təzyiq göstərməyə başladı. Bir neçə dəfə Robert Koçaryan və Şerj Sarkisyan cütlüyü keçirdiyi aksiyalarla hökumət əleyhinə rəy yaratmaq və Paşinyanı hakimiyyətdən devirməyə cəhd etdilər. Sonra da separatçılar arasında anlaşılmazlıq yarandı. Əslində, onların arasında nifaq toxumu Rusiyanın təlimatı ilə Qarabağa göndərilən Ruben Vardanyanın gəlişi ilə səpilmişdi. Ən maraqlısı budur ki, bir neçə ay bundan əvvəl özlərini "ayrılmaz dost" kimi qələmə verən Araik Arutyunyanla Ruben Vardanyan arasında yaranan uçurum daha da böyüyür. Beləliklə, Xankəndidə iki cinayətkar qrup arasında müharibə gedir: Arutyunyan-Vardanyan savaşı... Siyasi şərhçilər bu cütlüyün fərqli dövlətlərin agentura şəbəkəsinə bağlı olduğunu deyirlər. Ruben Vardanyanın leqallaşdırılması, Araik Arutyunyanın da siyasi məhvi deməkdir. Bu proses nəticəsində Xankəndi əhalisi Ruben Vardanyana qucaq açmaq məcburiyyətindədir. Onlar istəyir ki, qondarma rejimin rəhbəri R.Vardanyan olsun...

R.Vardanyan Qarabağa gəldiyi ilk gündən "öz missiya"sını icra etməyə başladı, ancaq dekabrın 17-də həyata keçirmək istədiyi növbəti təxribat baş tutmadı. Belə ki, "yeni lider" həmin gün erməni icmasını Xankəndinin mərkəzinə çağırmış və "34 il əvvəl olduğu kimi" yenidən birlik nümayiş etdirmək lazım gəldiyini bildirmişdi. Lakin deyilən vaxtdan saatlar keçsə də, təyin olunan yerə bir nəfər də gəlmədi. Yəqin ki, o, bu aksiyanı Ermənistandan avtobuslara doldurub gətirəcəyi muzdlu adamlar hesabına keçirmək istəyirmiş. Laçın yolunda ekofəalların aksiyasının başlanması səbəbindən hərəkət məhdudlaşdığından o, Ermənistandan lazım olan sayda erməni gətirə bilməmişdi. Maraqlı burasıdır ki, hətta Xankəndidəki azsaylı erməni icmasından da aksiyaya qatılmaq istəyən tapılmayıb.

Məsələnin görünən tərəfi budur ki, Laçın yolunda ekoloji tələblə bağlı keçirilən aksiya gündən-günə genişlənir, onlara yeni adamlar qoşulur. Xankəndidə isə yolun bağlı qalması səbəbindən yaranmış iqtisadi, psixoloji gərginlik yavaş-yavaş siyasi səhnəyə transfer edir. Separatçı rejimin rəhbərliyində Azərbaycan hökumətinin beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyinə qarşı cinayətkar davranışla bağlı fikir ayrılığı müşahidə olunmağa başlayıb.

Bir şey də bəllidir ki, Qarabağdakı separatçılar sakit oturmaq fikrində də deyillər. Vardanyanın ardından separatçıların daha bir nümayəndəsi, özünü "deputat" elan etmiş Qeqam Stepanyan da ermənilərə müraciət edərək onları aksiyaya çağırıb. Stepanyan bununla bağlı müraciətində deyib ki, Xankəndi və digər şəhərlərdə etiraz aksiyaları təşkil etsinlər.

Ruben Vardanyanın Qarabağa sırf "siyasi oyun oynamaq" üçün gəldiyi məlumdur. Onun bölgəyə hansı siyasi layihənin, hətta geosiyasi layihənin bir hissəsi kimi gəldiyi ilə bağlı bir çox mülahizələr var. Bu barədə müzakirələr gedir və sonsuzluğa qədər davam edə bilər. Ancaq Qarabağdakı ermənilər böyük dövlətlərin oyunlarına gəlməməlidirlər. Çünki bu, onların növbəti məğlubiyyətinə səbəb ola bilər. Hamı, Vardanyan-Arutyunyan da anlayır ki, Azərbaycanın ərazi bütövlüyü mübahisə predmenti deyil. Onlar Xankəndiyə Azərbaycan bayrağının asılmasını, sadəcə, ləngitməyə çalışırlar ki, buranı daha çox talasınlar. Bunun da sonu olacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".