MÜQƏDDƏS TORPAQLARIMIZA QAYIDIŞ YAXINDADIR
Digər xəbərlər

MÜQƏDDƏS TORPAQLARIMIZA QAYIDIŞ YAXINDADIR

XIX əsrin əvvəllərindən başlayaraq erməni şovinistləri düşünülmüş, məqsədyönlü şəkildə azərbaycanlıları öz tarixi torpaqlarından, ata-baba yurdlarından didərgin salmış, əmlaklarını talamış, evlərini yandırmış, özlərinə divan tutaraq deportasiya prosesini həyata keçirmişlər. Erməni faşistləri on minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan etmiş, viran qoymuş, mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Qərbi Azərbaycanın dilbər guşələrindən olan, ulu babalarımızın, nurlu nənələrimizin ruhları yaşayan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Göyçə gölünün nəğməli sahillərində məskən salan Göyçə mahalı haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, "Qabaqcıl təhsil işçisi" Zahir Ələsgərovla həmsöhbət olduq. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var". Həmçinin praqmatik dövlət başçısı öz çıxışında birmənalı olaraq bildirmişdir ki, Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz, azərbaycanlılar, o torpaqlara qayıtmalıyıq və o torpaqlara qayıdacağıq. Biz tariximizi heç vaxt unutmamalıyıq.

Bu gün hər bir Qərbi azərbaycanlı kimi biz göyçəlilər də torpaq həsrəti ilə yaşayırıq. Göyçə mahalı Oğuz türklərinin ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-Oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi Oğuz türklərinin daş yaddaşıdır. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Geniş münbit otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Olduqca zirək, cəsarətli, qoçaq olan bu insanlar özləri üçün hər bir şərait yaratmış, firavan həyat sürmüşlər. Amma xəbis, naxələf, hiyləgər erməni daşnakları zaman-zaman bu dinc xalqa qarşı pis niyyətlərini gizlincə həyata keçirmişlər. Rayonda, ermənilər çox yaşayan ərazilərdə azərbaycanlılara sataşır, alçaltmağa çalışırdılar, amma mərd, cəsur azərbaycanlılar bunun qarşısını ləyaqətlə alırdılar. Ümummilli lider Heydər Əliyevin Mərkəzi Komitədən istefası ilə onların əl-qolu daha da açıldı, erməni millətçiləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı açıq-aşkar düşmənçiliyə başladılar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirildi, qədim toponimlər erməni adları ilə əvəz olundu. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - indiki Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı qaçqın düşdü.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə, tam əminik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli nəticəsində doğma Qərbi Azərbaycandakı torpaqlarımıza qayıdış, daşnak ideyalarının davamçılarının isə öz yerlərində oturdulması mümkün olacaqdır. Bəli, tarix təkrarlanır... Qərbi azərbaycanlılar tezliklə öz torpaqlarına qovuşacaqlar... Buna Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə düşmən üzərində möhtəşəm qələbəsi, dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarəti, igidliyi, qəhrəmanlığı böyük inam yaratmışdır.

Zabit XƏLİLOV,

"Respublika".