HƏR GÜNÜ BİR TARİX İDİ...
Tarix

HƏR GÜNÜ BİR TARİX İDİ...

21 oktyabr 2020-ci il

Gecə ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar olub.

***

Saat 10:00 radələrində Müdafiə Nazirliyi gecə və gündüz artilleriya atışlarının videogörüntülərini yayıb.

***

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutub. Cəbrayıl istiqamətində gedən döyüş zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi "Twitter" səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb. Dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib: "Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri. Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri. Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

***

Müdafiə Nazirliyindən verilən məlumata görə, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb edilib.

***

Saat 14:00 radələrində düşmənin döyüş meydanında atıb qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaların görüntüsü yayımlanıb. Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.

***

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası lideri Dövlət Baxçalı növbəti dəfə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana dəstəyini ifadə edib. MHP sədrinin səsləndirdiyi fikirlər partiyanın rəsmi "Twitter" hesabında yerləşdirilib: "Dağlıq Qarabağ coğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, fəda edilən türk canıdır, devriləcək və yerlə yeksan ediləcək işğalçı ünsür isə terror dövləti Ermənistandır", - deyə D.Baxçalı bildirib.

***

İşğalçı erməni ordusu daha 62 hərbçisinin öldürüldüyünü etiraf edib. Ermənistan tərəfi məhv edilən hərbçilərinin siyahısını açıqlayıb. Qeyd edilib ki, sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində işğalçı Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirilib. Silahlı Qüvvələrimizin uğurlu əməliyyatları nəticəsində düşmənin çox sayda canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin hərbi texnikaları sıradan çıxarılıb. Ermənilərin sosial şəbəkələrdə paylaşımlarına və müxtəlif mənbələrdə yazılan informasiyalara görə Ermənistan ordusunun itirdiyi hərbçilərinin sayı minlərlədir

***

Pakistanın Bakıdakı səfiri Bilal Haye bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın yanında olub və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edib. Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatla torpaqlarını işğaldan azad edir. Diplomat bir sıra vacib şəhərlərin işğaldan azad edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamələrin qəbulunda Pakistan Azərbaycana mühüm dəstək verib.

***

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin yeni görüntülərini yayımlayıb. Gün ərzində Ermənistan silahlı qüvvələrinə məxsus 6 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Onlardan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vurulub.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev deyib ki,Türk dilində danışan ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün haqqını qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı Vətən savaşıdır. Biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və zəfər diləyirik.

"Respublika".