Xalqın qürur və iftixarı
Digər xəbərlər

Xalqın qürur və iftixarı

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin ilk günündə minlərlə Azərbaycanımızın qeyrətli övladı kimi Çingiz Babayev də əlinə silah alıb döyüşə atılır və yağı düşmənlə ölüm-dirim savaşına başlayır. Şərəfli şəhidlik zirvəsinə ucalır.

Beləcə, Vətən qeyrətini hər şeydən üstün tutub, bu yolda canından keçməklə Lerikin qəhrəman oğlu Çingiz 19 yaşında əbədi ömür üçün milyonların ürəyinə köç edir. Dövlət də Vətən torpaqlarının azadlığı naminə rəşadətli, müstəsna xidmətlərini nəzərə alaraq Çingiz Babayevi ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edib.

 Bu günlər Mistan kəndində şəhidin anım mərasimi keçirildi. Anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri Lerikin qəhrəman oğlu Çingizin uyuduğu məzara baş çəkdilər, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər. Bildirdilər ki, Çingizin şərəfli ölümü bütün Azərbaycana baş ucalığı gətirdi. Ömür yolu qısa olsa da, torpağı Vətən edib örnək bir tarix yazdı. O, xalqımızın qürur, iftixar yeri olmaqla daim ürəklərdə yaşayacaq.

Bir daha xatırladım ki, şəhid Çingiz Babayev 2018-ci il oktyabr ayının 3-də Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun Cəmilli kəndində yerləşən "N" saylı hərbi hissədə Vətəninin keşiyində durub. 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Uyuduğu müqəddəs yer kənd qəbiristanlığıdır. Vətənin igid oğlu Çingizin hünərinə, qeyrətinə bələd olan, xatirəsini əziz saxlayan kənd camaatı onun məzarı önündə baş əyirlər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.