“Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident
Digər xəbərlər

“Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident" mövzusunda konfrans

Aprelin 14-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və partiyanın Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə "Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrinin xalqımızın Prezident İlham Əliyevə yüksək etimadının növbəti göstəricisi olduğunu bildirib. Onun sözlərinə görə, ötən illərdə qazanılan böyük uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

H.Misirov YAP Kəlbəcər rayon təşkilatı fəallarının dövlətimizin başçısının siyasətin uğurlarının təbliğində fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Sonra çıxış edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq xalqımızı bütün təhlükələrdən xilas edib. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirib, dünyada söz sahibi olan dövlətə çevirib. "Dövlətimizin başçısı İlham Əliyev müdrik fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. 44 günlük Vətən müharibəsində qazanılan zəfər sübut etdi ki, Prezident İlham Əliyev tarix yazan Sərkərdədir. Vətən müharibəsində qəhrəman Ordumuzun rəşadəti, şəhidlərimizin qanı hesabına torpaqlarımız işğaldan azad edildi. Ermənistan silahlı birləşmələri Ordumuzun qarşısında diz çökdü, üç rayonumuz, o cümlədən Kəlbəcər qan tökülmədən geri qaytarıldı. Hazırda azad edilmiş digər bölgələrdə olduğu kimi, Kəlbəcərdə də Prezidentimizin tapşırığı ilə möhtəşəm işlər görülür", - deyə C.Qurbanov qeyd edib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxışında bildirib ki, kəlbəcərlilər hər zaman dövlətimizin başçısının siyasətini dəstəkləyiblər. Onun sözlərinə görə, əhali uzun illər məcburi köçkün həyatı yaşasa da, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına inanırdı və belə də oldu. Hazırda dövlətimiz keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün böyük işlər görür. Aprelin 12-də Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində dövlətimizin başçısı Kəlbəcər rayonunda da görülən və görüləcək işlərlə bağlı dəyərli fikirlər səsləndirdi.

Daha sonra çıxış edən YAP Veteranlar Şurasının sədri, partiya İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən müddət ərzində sürətlə inkişaf edib, siyasi və iqtisadi stabillik və dayanıqlıq təmin olunub. "Biz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayaraq bu günə gəlib çatmışıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə Zəfəri ilə özünün güclü və qüdrətli dövlət olduğunu nümayiş etdirdi", - deyən A.Rəhimzadə müharibənin başa çatmasından sonra erməni işğalından azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasının dövlətimizin qarşısında dayanan başlıca vəzifələrdən olduğunu bildirib. Həmin bölgələrdə iqtisadiyyatın dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşmasına öz töhfəsini verəcəyini deyən YAP Ağsaqqallar Şurasının sədri bunun üçün bütün potensialın mövcud olduğunu vurğulayıb.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçərək güclü dövlətə çevrilib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının xüsusi rolunu qeyd edən R.Qonaqov bu il partiyanın yaradılmasının 30 ilinin tamam olduğunu diqqətə çatdırıb. O, Vətən müharibəsi nəticəsində Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratdığını, bu reallıqların bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət etdiyini söyləyib.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərində quruculuq işlərinin ən müasir səviyyədə həyata keçirildiyini deyib. Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərlə bağlı 400-dən çox normativ akt qəbul edilib. Bu dövr ərzində kəlbəcərlilər də hər zaman dövlətimizin qayğısını hiss edib, sabaha inam hissi ilə yaşayıb. Q.Sadıqov qeyd edib ki, kəlbəcərlilər dövlətimizin doğma yurdlarına qayıtmaq üçün onlara bütün şəraitin yaradacağına əmindir.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev çıxışında bildirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Onun sözlərinə görə, Xalq-Prezident-Ordu birliyi əsasında qazanılmış şanlı tarixi zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xilas edilən ata-baba torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. "Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək, erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edərək Azərbaycan Respublikasının qüdrətinin simvollarının birinə çevriləcək", - deyə o vurğulayıb.

Milli Məclisin deputatı Aqil Məmmədov isə çıxışında Azərbaycanın qarşısında yeni inkişaf perspektivlərinin açıldığını deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Zəfər gələcək uğurlarımızın əsasını təşkil edir. Bu yolda xalqımızın birlik və həmrəylik nümayiş etdirəcəyi şübhəsizdir.

AZƏRTAC