Vətənin Pəncəlisi
Sosial həyat

Vətənin Pəncəlisi

Yazının sərlövhəsi heç də təsadüfi seçilməyib. "Hər zaman xalqım, Vətənim, torpağım üçün canımdan keçməyə hazıram. Və həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum. Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağına bükülüb dəfn olunum". Söhbət 2013-cü ilin avqustunda ailə qurduğu zaman özünə şəhidlik arzulayan və "Azərbaycan oğluyam" mahnısının sədaları altında qol qaldırıb oynayan Aprel şəhidi Pəncəli Teymurovdan gedir. Bəli, bu gün dillər əzbəridir Pəncəli Teymurov. Qəhrəmanlığı ilə yaddaşlara əbədi həkk olunub.

Pəncəlinin hərbiyə yolu 1999-cu ildən başlayır. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnir və mahir kəşfiyyatçı olur və xidməti başa vurduqdan sonra könüllü olaraq fəaliyyətini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı taborunda davam etdirir və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edir.

Pəncəli 2016-cı il aprelin 3-də qəhrəmancasına şəhid olur. Aprelin 11-i isə doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınır.

Uşaq ikən Pəncəli 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi. O, illər sonra sözünü tutdu. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Pəncəli kəşfiyyatçı kimi daim düşmənin arxa cəbhəsində xidmət göstərir. Bu xidmətlərdən biri də 2015-ci ildə olur. O, Kəlbəcərdə kəşfiyyat dəstəsi ilə birlikdə verilmiş gizli tapşırığı həyata keçirməli, düşmənin hərbi texnikasını məhv etməli idi. Tapşırıq üzrə düşmənin hərbi texnikasına əvvəlcədən hazırladıqları partlayıcı maddələri yerləşdirirlər. Səhərin sükutunu böyük gurultu pozur. Qığılcımlar ətrafa yayılır. Pəncəli Teymurov isə olanları uzaqdan müşahidə edir. Bu partlayışın səsi hər tərəfdə eşidilir. Ermənistan Silahlı Qüvvələrində böyük çaxnaşma yaranır. Düşmən ordusunun bir neçə yüksək rütbəli hərbçisi vəzifəsindən uzaqlaşdırılır, rütbələri aşağı salınır.

Məlumatlara görə, Pəncəlinin  peşəkarlığı nəticəsində düşmən ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilir. Pəncəlinin bu uğuru qarşı tərəfin böyük qəzəbinə səbəb olur. Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu "Ural" markalı maşını partladaraq onların hamısını məhv edir. Bu qəhrəmanlıqlardan sonra Pəncəlinin başına bir milyard erməni dramı qoyulur, lakin nə qədər cəhd etsələr də onu ələ keçirə bilmirlər. Bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.

Pəncəli bir çox xarici ölkələrdə təlimlər keçmişdi. Türkiyənin Xüsusi Təyinatlılar Komandanlığının "Yurdda sülh, cahanda sülh" adlı medalına layiq görülmüşdü. Xüsusi əməliyyatları uğurla başa vurduğundan 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "İgidliyə görə", ölümündən sonra "Vətən uğrunda" medalları ilə təltif olunub.

Qardaşı Familin söylədiklərindən: "Pəncəli məndən böyük idi. Evin kiçik oğlu mən olmuşam. 7 uşaq olmuşuq. Bizim yaxşı günlərimiz Pəncəlinin əli çörəyə çatandan sonra başladı. Pəncəli Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Qüvvələrində çalışdığı gündən bütün ailəmizin maddi çətinliklərini yola verməyə başladı. Ailəmizin bütün üzvlərinin toy şənliklərində yardımçı oldu. Birimizə ev tikdi, birimizin toyunu etdi... Məni o oxutdu. Bu gün öz kəndimizdə millətimizin balalarına ingilis dilini öyrədirəm. Özü ali təhsil ala bilmədi, ancaq məni oxutdu".

Anası Vahimə xanımın xatirələrindən: "Həmin aprel günlərində bir də baxdım ki, televizorda şəhidlər haqqında xəbərlər gedir. Pəncəli ilə xidmət edən zabit və gizirlərin adlarını çəkirdilər. Deyirdilər ki, şəhid olublar. Əllərim göydə, dizim yerdə qaldı. O soyuq qarlı qış günlərində nə evdə duruş gətirə bildim, nə çöldə. Hava da birdən-birə dəyişdi, qar yağmağa başladı. Dedim görəsən bir dəfə Pəncəlinin səsini eşidə bilərəm?

Aprelin 3-nə kimi zəng çaldıq, cavab vermədi. Ancaq özümü sakitləşdirirdim ki, Pəncəliyə heç bir şey olmaz. Yoxluğunu qətiyyən ağlıma gətirmirdim. Elə hey gözüm yolda, qulağım səsdə idi. Aprelin 10-u axşam saat 5 olardı. Ürəyim köksümdə çırpınırdı. Evin qapılarını açıb çölə çıxmaq istədim. Bu zaman bir quş içəri girdi. Gəlinə dedim ki, ay qız, pəncərəni aç, o quşu burax havaya, burda ürəyi partlayar. Qapı-pəncərəni taybatay açdıq, quş evdən çıxmadı. Başladı başımın üstündə qanad çalmağa. Bir də gördüm ki, Famil qışqırır ki, ay ana, Pəncəli şəhid olub...

Haraydan səksənib, başımı götürüb həyətə çıxanda gördüm ki, həyət adamla doludur. Bir nəfər dedi ki, icra nümayəndəliyindən deyirlər ki, gəlib yolda tabuta baxsınlar, sonra həyətə aparaq. Özümü ələ alıb təmkinimi pozmadım, dedim ki, oğlumun tabutunu gətirin, açın özüm də baxım. Pəncəli ölümündən əvvəl mənə vəsiyyətini etmişdi. O vəsiyyəti qulaqlarımda cingildədi. Sakitcə balamın buz kimi üzünə baxdım. Dedim aparın dəfn edin. Dərd mənim dərdimdir, onu oğlumun adına layiq çəkməliyəm. O zabitlər, o gizirlər bu dövlətin gərəyi, sütunu idilər. 17 yaşından Vətəni qorumağa başladı, bizi yox, Vətəni seçdi. Vətəni qorudu".

M.MİRZƏ,

"Respublika".