Utanmasan oynamağa nə var ki?..
Siyasət

Utanmasan oynamağa nə var ki?..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbərləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər diqqət çəkdi.

Fevralın 16-da Almaniyada ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə danışıqlarda dövlət başçımız Qarabağ münaqişəsinin artıq başa çatdığını bildirib, qeyd edib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Cənab Prezident ATƏT-in keçmiş Minsk qrupu və Yüksək Səviyyəli Planlaşdırma Komitəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin zəruriliyini də diqqətə çatdırıb. Dövlət başçımız 18 fevralda qarşı tərəfin müraciətinə əsasən, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşündə də eyni fikirləri səsləndirib.

Təşkilatın yüksək səviyyəli rəsmiləri ilə müzakirələrdə Prezident İlham Əliyevin qəti mövqe nümayiş etdirməsi isə təsadüfi deyil. Çünki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı effektiv qurum hesab oluna bilməz. Hətta sözügedən beynəlxalq platformanın yalnız formal şəkildə mövcudluğunu da iddia etmək mümkündür. Böhranlı vəziyyətlərlə bağlı müzakirələr keçirib həll mexanizmlərini yaratmaq hələ heç nə demək deyil. Məsələn, Qarabağda Minsk, Dnestryanıda isə "5+2" qrupu (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) yaradıldı ki, münaqişələr dinc yolla həll edilsin. Amma problem nəinki həll olundu, üstəlik onların siyasi müstəvidə nizamlanma prosesi daha da qəlizləşdi. Azərbaycan isə 30 ilə yaxın davam edən münaqişəni özü həll etdi. Rəsmi Bakı ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Əlbəttə ki, ölkəmiz buna hərbi yolla və siyasi vasitələrlə nail oldu. Dövlət başçımız hələ 2020-ci il dekabrın 12-də Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan nümayəndəsi Endrü Şofer, Rusiyanın Azərbaycandakı səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bildirdi ki, uzun illər ərzində bu təşkilatın fəaliyyəti nəticə vermədi. Ona görə də siyasi arenada heç bir təsiri olmayan qurum isə ən yaxşı halda ölü struktur adlandırıla bilər.

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ötən ilin noyabrında Şimali Makedoniyanın Skopye şəhərində keçirilən iclasda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirdi. Xalq arasında belə bir məsəl var: "Utanmasan oynamağa nə var ki?". Onun sözlərinə görə, bu, Bakı və İrəvanın nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli ola bilərdi. Hətta daha sonra sözügedən məsələ Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT Parlament Assambleyasının Prezidenti Pia Kauma, o cümlədən qurumun Baş katibi Helqa-Mariya Şmidlə görüşündə də gündəmdə oldu. Amma xarici işlər nazirimiz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 30-cu iclasındakı çıxışında bildirdi ki, uzun illər ərzində Ermənistanla sülh prosesində vasitəçilərin adekvat addımlar atmaması səbəbindən razılıq əldə olunmadı. Hər dəfə bağlı qapılar arxasında Azərbaycanın narahatlıqlarının dinlənilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verildi: "ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi".

Yəni Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Buna görə də Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə rəsmi İrəvan ilə Bakı arasındakı normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını vurğulayıb. Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderləri ilə görüşdə "vasitəçi" deyil, "təşəbbüskar" kimi təqdim olunmasının məqsədi də budur. Yəni kansler sadəcə ev sahibi kimi təmasların baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub. Çünki rəsmi Bakı və İrəvan arasındakı münasibətlər artıq bu qaydada tənzimlənir. Yanvarın 31-də iki ölkənin dövlət sərhədi üzrə delimitasiya komissiyalarının növbəti iclası da bunun göstəricisidir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, indiyə qədər keçirilən beş görüşdən üçü sərhəddə baş tutub. Bu da son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir. Çünki sərhəd formatının aktuallaşması Cənubi Qafqazdakı yekun razılaşma prosesinə vasitəçilik etmək istəyənləri arxa plana keçirir. Bütün bunların fonunda 30 il ərzində bölgəyə turist səfərləri etməklə kifayətlənən təşkilatların müxtəlif əsassız cəhdlərlə yenidən bölgəyə daxil olmaq arzusu baş tutmayacaq.

Jalə QASIMZADƏ,

"Respublika".