USTAD RƏSSAMIN FƏRDİ SƏRGİSİ
Region

USTAD RƏSSAMIN FƏRDİ SƏRGİSİ

Nəcəf Məmmədov dağlar diyarının mərkəzi Lerik şəhərində dünyaya göz açıb. 1967-ci ildə Lerik şəhər 1 saylı tam orta məktəbi bitirib. Şamaxı Kənd Təsərrüfatı Texnikumunu, Azərbaycan Dövlət Aqrar Universitetini bitirsə də, bütün varlığı ilə bağlı olduğu rəssamlıqdan heç vaxt ayrılmayıb. Hələ texnikumda oxuyarkən gənc rəssamın ilk fərdi sərgisi nümayiş olunub.

Həvəskar rəssam 1972-ci ildə Moskva İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. Dünyaşöhrətli sənətkarlardan Boris Şerbakov, Aleksandr Şilov və Andrey Kraşitskindən dərs alıb. Görkəmli rəssamlardan sənətin sirlərini dərindən öyrənib. 1980-ci ildə ali təhsilli rəssam kimi Vətənə qayıdıb.

Sevimli fırçasından ayrılmayan Nəcəf Məmmədov ömrünün yarım əsrini rəssamlığa sərf edib. Bu illər ərzində yaratdığı əsərlər sevilib, peşəkar rəssamların diqqətini cəlb edib. Lerikdə, Lənkəranda, Bakıda, Moskvada keçirilən bir çox sərgi və müsabiqələrdə fəal iştirak edərək dəfələrlə qalib olub.

Görkəmli rəssam Amerika, Almaniya, Misir və digər xarici ölkələrdə keçirilən Beynəlxalq Virtual Sərgilərdə birincilik qazanıb. On beşdən çox müxtəlif sərgidə sertifikat və diplomlara layiq görülüb. Beynəlxalq Rəssamlar Birliyinin üzvüdür.

2011-ci il peşəkar rəssamın həyatında xüsusi yaradıcılıq, hesabat ili kimi yadda qalıb. Həmin il may ayının 28-də Lerik Dövlət Rəsm Qalereyası tərəfindən Nəcəf Məmmədovun fərdi sərgisi təşkil edilib. Lerik şəhərinin mərkəzi meydanında açıq səma altında keçirilən sərgidə rəssamın 150 əsəri nümayiş olunub. Minlərlə rayon sakini istedadlı rəssamın yaradıcılığı ilə yaxından tanış olub. Sərgidən sonra o, 50 əsərini Lerik Dövlət Rəsm Qalereyasına bağışlayıb.

İndi Nəcəf müəllimin şəxsi emalatxanasında üç minə yaxın sənət əsəri var. Ustad rəssam böyük həvəslə, işgüzarlıqla  fərdi yaradıcılıqla məşğul olur.

Bu günlərdə Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ustad rəssamın fərdi yaradıcılıq sərgisi açılıb. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov görkəmli rəssamın həyat və yaradıcılığı haqqında ətraflı söhbət açıb. Əsərlərində Azərbaycanın zəngin tarixini, mədəniyyətini, yurdumuzun gözəlliklərini, Lerikin ecazkar mənzərələrini yeni üslubda, orijinallıqla, parlaq boyalarla əks etdirən ustad rəssama yeni yaradıcılıq uğurları arzulayıb.

Sərginin açılışında Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov peşəkar rəssamın yaradıcılıq xüsusiyyətlərindən danışaraq deyib ki, Nəcəf Məmmədov şair təbiətli rəssamdır. Sənətkar sanki öz daxili gözəlliyini, poetik aləmini fırça ilə tablo üzərinə köçürür.

Tədbirdə rəssam Şöhrəddin Səbziyev həmkarının sənətinə sonsuz bağlılığından, fırçanın sehri ilə əvəzsiz sənət əsərləri yaratdığından danışıb və ona səmimi, xoş arzularını çatdırıb.

Sonda rəssam Nəcəf Məmmədov yaradıcılıq planlarından danışıb, incəsənət ustalarına göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov rəssamlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəcəf Məmmədova Fəxri fərman verib.

Tədbirinin sonunda görkəmli sənətkarın portret, təbiət mənzərələri, dekorativ kompozisiyalardan ibarət 50-dən çox rəsm əsəri nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".