Arıçılığa maraq böyükdür
Region

Arıçılığa maraq böyükdür

Şamaxı

Şamaxı rayonunda arıçılıq təsərrüfatı dinamik inkişaf edir və son illər arı ailələrinin sayı xeyli artıb. Fermerlər bu sahənin genişləndirilməsi və inkişafı ilə yanaşı, məhsuldar arı sortlarının saxlanılmasına da xüsusi diqqət göstərirlər. Çünki bölgənin flora və faunası da bu nadir təsərrüfat sahəsinin inkişafına hərtərəfli şərait yaradır. Rayonun Adnalı kəndindən olan təcrübəli fermer Fazil Təhməzov 30 ilə yaxındır ki, bu sahədə çalışır. Mütəmadi olaraq hər il müxtəlif fəsillərdə və ayrı-ayrı şəhərlərdə keçirilən sərgilərdə keyfiyyətli balı və digər arı məhsulları ilə iştirak edərək ölkə əhalisinin bu məhsullara olan tələbatının ödənilməsinə çalışır.

Fermer bizimlə söhbətində bildirdi ki, müstəqil fəaliyyət göstərdiyim ilk günlərdən başlayaraq bu sahənin incəliklərini öyrənməyə və yenilikləri tətbiq etməyə çalışmışam. Bunun üçün dövlətimizin fermerlərə göstərdiyi qayğıdan bəhrələnmişəm. İlkin olaraq bütün sərgilərdə və imkan olduqca konfranslarda iştirak etməyə başladım. Beləliklə də bazar iqtisadiyyatının qaydalarına uyğun olaraq tələb və təklif sistemini müəyyənləşdirdim. Çünki keyfiyyətli məhsula olan tələbat ilbəil artır. Fermerlərlə aparılan fikir mübadiləsi işimizin durmadan inkişaf etdiyini göstərdi.

Arıçılıqla 30 ildən çoxdur məşğul olduğunu deyən F.Təhməzov bildirdi ki, iştirakçısı olduğum "Şahdağ" arıçılar qrupunun 500-dən çox üzvü var. Mütəmadi olaraq fikir mübadiləsi aparırıq. Daha çox onlayn qaydada təşkil olunan müzakirələr uğurlarımızın genişlənməsinə və qarşılaşdığımız problemlərin qısa vaxtda həll olunmasına böyük köməklik edir.

Ömrünün 75 yaşına qədəm qoyan fermer arıçılıq təsərrüfatına böyük marağı və həvəsi olan oğlu ilə birlikdə çalışır. Arıları mövsümi olaraq yerlərini dəyişməklə məhsulun keyfiyyəti ilə məhsuldarlığını da artırmağa böyük önəm verir. Deyir ki, bir neçə arı ailəsi ilə başladığım təsərrüfat qısa zaman kəsiyində xeyli böyüdü. Dövlətin aqrar sahəyə qayğısından razılıq hissi ilə danışan F.Təhməzov buna uğurlu nəticələrlə cavab verdiklərini vurğulayır. Çalışırıq ki, fermerlərə yaradılan şərait daha çox fayda versin və hamı bunun yüksək bəhrəsini görsün. Bunun üçün də daha zəhmətkeş olmaqla əzmkarlığımızı artırırıq. Çünki Azərbaycan balının dadı, ətri və özəllikləri hər kəsi valeh etməklə, xarici bazarlarda da yüksək rəqabət qabiliyyəti ilə seçilir.

M.NƏRİMANOĞLU,

"Respublika".