Qardaş Türkiyənin “Hədiyyə karvanı”
Region

Qardaş Türkiyənin “Hədiyyə karvanı”

GƏNCƏDƏ

Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” Gəncəyə səfər edib. Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı Mehmet Mutlu, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Türkiyə Ticarət Universitetinin Öyrətim üzvü, professor Mustafa İlıcalı və millət vəkillərinin iştirakı ilə baş tutan görüşdə şəhid və qazi ailələrinin övladlarına hədiyyələr təqdim olunub. Onlara müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyə edilib, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq qardaş ölkənin reallaşdırdığı bu tipli layihələrin ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı iki dövlət arasında olan bağlılıq bir daha öz təsdiqini tapdı. Bu birliyin bütün dünyaya əbədi dərs olduğunu vurğulayan şəhər rəhbəri belə nəcib addıma görə təşkilatçılara təşəkkür edib.

Mehmet Mutlu Gəncədə olduğundan məmnunluq hissi duyduğunu dilə gətirib, bildirib ki, Azərbaycandan olan şəhid və qazi ailələrinin övladları bizlərə əmanətdir.

Mehmet Mutlu deyib: “Əsas məqsədimiz bu uşaqlara sevinc bəxş etmək və hər zaman yanlarında olduğumuzu hiss etdirməkdir. Azərbaycanla birlik daima davam edəcək, sosial, iqtisadi və siyasi əlaqələrimiz daha da güclənəcək. Bu layihənin başa gəlməsində əməyi olan hər kəsə isə öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, layihə “YAŞAT” Fondu və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə 13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkənin müxtəlif bölgələrinə səfər ediləcək və həmin bölgədən olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.

Zabit XƏLİLOV,

“Respublika”.

 

AĞSTAFADA

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və “YAŞAT” Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Qarabağ müharibəsi şəhidlərinin övladları üçün bu dəfə yolunu Ağstafaya salıb.

Türkiyədən gələn Türkiyə Ticarət Universitetinin Öyrətim üzvü, keçmiş millət vəkili, professor Mustafa İlıcalı, İstanbul Universitetinin rektor yardımçısı, professor İlyas Topsakal və digər qonaqlar Ağstafa Rayon İcra Hakimiyyətində olublar.

Görüş zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov türk qardaşlarımıza dərin minnətdarlığını ifadə edib: “Belə gözəl bir gündə, belə nəcib layihə ilə sizi Ağstafada görmək hər bir ağstafalını çox məmnun etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri var. İki millət arasında olan qardaşlıq münasibətləri, doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadı və bu birlik bütün dünyaya əbədi dərs oldu. Odur ki, sizə dərin hörmət və ehtiramımızı, sonsuz təşəkkürümüzü bildiririk”.

Görüşdə maraqlı anlar yaşanıb. Mustafa İlıcalının vasitəsilə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık videobağlantı ilə görüş iştirakçılarının söhbətində iştirak edib. Öncə Mustafa İlıcalı belə gözəl layihəyə göstərdiyi dəstəyə görə nazirə öz təşəkkürünü bildirib. Nazir isə öz növbəsində qonaqları salamlayıb və şəhid övladlarına dəstəyi, onların yanında olmağı özlərinə borc bildiklərini dilə gətirib: “Biz iki dövlət, bir millətik. Qarabağ savaşında bunun bir daha əyani şahidi olduq. Şəhidlərimiz üçün birlikdə ağladıq, qələbə üçün birlikdə sevindik. Şəhidlərimizin, qazilərimizin övladları Azərbaycanda da olsa, özümüzə əmanət bilirik. Azərbaycanla birik və bundan sonra da sosial, iqtisadi və siyasi əlaqələrimiz daha da güclənəcək. Bu layihənin başa gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 16 şəhər və rayonu dolaşacaq “Hədiyyə karvanı” aksiyası “YAŞAT” Fondu ilə bərabər həyata keçirilir.

 

GƏDƏBƏYDƏ

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun və “YAŞAT” Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Qarabağ müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Gədəbəyə gəlib.

Türkiyədən gələn qonaqlar Türkiyə Ticarət Universitetinin Öyrətim üzvü, keçmiş millət vəkili professor Mustafa İlıcalı və İstanbul Universiteti rektor yardımçısı, professor İlyas Topsakal və digər qonaqlar Gədəbəy Rayon İcra Hakimiyyətində olublar.

RİH başçısı İbrahim Mustafayev ilk öncə yeni yaradılmış Operativ Xidmət Mərkəzinin fəaliyyəti barədə qonaqlara məlumat verib, Mərkəzin məqsədinin rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsi olduğunu diqqətə çatdırmışdır.

Daha sonra qonaqlar Operativ Xidmət Mərkəzində quraşdırılmış monitorda Gədəbəyin tanıtım videoçarxına baxmış, Mərkəzdə fəaliyyət göstərən könüllülərlə xatirə şəkli çəkdirmişlər.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev türk qardaşlarımıza dərin minnətdarlığını ifadə edib: “Belə gözəl bir gündə sizi Gədəbəydə görmək hər bir gədəbəylini çox məmnun etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri var. Sizə dərin hörmət və ehtiramımızı bildiririk”.

Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık videobağlantı ilə görüşə qatılaraq qonaqları salamlayıb və şəhid övladlarına dəstəyi, onların yanında olmağı özlərinə borc bildiklərini dilə gətirib: “Qarabağ savaşında şəhidlərimiz üçün birlikdə ağladıq, qələbə üçün birlikdə sevindik. Şəhidlərimizin, qazilərimizin övladları bizə əmanətdir. Bir oyuncaqla da olsa onları sevindirmək, yanlarında olduğumuzu göstərmək istədik. Biz bundan sonra da Vətən yolunda şəhid olan, sağlamlığını itirən insanların övladlarına dəstəyimizi əsirgəməyəcəyik”.

Daha sonra qonaqlar Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində olub və Qarabağ müharibəsi şəhidlərinin övladlarına hədiyyələrini təqdim ediblər.

Vəli VƏLİYEV,

“Respublika”.