Xalqımız tarixi uğurlarla qürur duyur
Sosial həyat

Xalqımız tarixi uğurlarla qürur duyur

Mirzəyev Anar Mehman oğlu 1982-ci il oktyabr ayının 25-də İsmayıllı rayonunda anadan olub. Rayon 1 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2004-cü ildə motoatıcı ixtisası üzrə zabit olub. Hərbi hissələrdə müxtəlif vəzifələrdə işləyib, dəfələrlə mükafatlandırılıb.

Vətən müharibəsində uğurlu döyüşlərin gedişatı zamanı 3 dəfə yaralanıb. Bir müddət davam edən müalicədən sonra C.Naxçıvanski adına Hərbi Liseyin və Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində idarə rəisinin müavini vəzifələrində xidmət edib. Qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 2 dekabr 2020-ci ildə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. İkinci dərəcəli müharibə əlilidi.

Həmsöhbətim polkovnik-leytenant Anar Mirzəyev rəşadətli döyüş yolundan, vətənə və xalqa vətəndaş kimi mənəvi borcundan, Prezident İlham Əliyevin sərəncamı ilə bir əsgər üçün ən yüksək fəxri ada layiq görülməsindən, xalqımızın dövlət başçısı ətrafında monolit birliyindən və növbədənkənar prezident seçkilərindən ətraflı danışdı:

- Mən böyük heyəti olan hərbi hissəyə rəhbərlik edəndə dostlarım deyirdi ki, sənin üçün çətin deyil?! Cavab verirdim ki, insan işin içində, həvəsli olanda onun çətinliyini hiss etmir. Döyüşdə olduğum vaxtlarda da belə idi.

İndi bir qulağım eşitmir, biri isə yarı faiz eşidir. Bir gözüm görmür. Əslində belə hal normal insanı darıxdırar. Şükürlər olsun, mən bunu çox rahat qəbul edirəm. Çünki bu elə bir yolda aldığım xəsarətdir ki, bunun ağrısı olmur. Bu yaralar Vətən, torpaq, xalq, millət yolunda olub. Bunu bizə heç kim məcbur etməyib. Torpağında gəzib, havasını udub, suyunu içən hər bir vətən oğlu üçün bu, müqəddəs yol olub.

İkinci Qarabağ müharibəsində ölkəmizdə olduğu kimi, orduda da həmrəylik, monolit birlik və əzmkarlıq var idi. Əsgərlər qələbə üçün sözün həqiqi mənasında təşnə idilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində hamı qələbə gününü səbirsizliklə gözləyirdi. Ordumuz düşmən üzərində qələbəyə tam hazır idi. Hərbi hissədə gördüm ki, bir tankın üzərində belə bir şüar yazılıb: "Ya Qarabağ, ya ölüm". Şəxsi heyətə əsəbi halda dedim ki, bu nədi, yazmısınız. Onlar bir anlıq çaşıb qaldılar ki, komandir bizə niyə irad bildirdi. Dedim ki, bu şüarı təcili çıxardın və yazın ki, "Ya Qarabağ, ya da Qarabağ". 

2020-ci il sentyabrın 27-də Bakıda hərbi hissədən yola düşdük. Füzuli rayonu ərazisində döyüşə başladıq. Müharibənin ən ağır və çətin anları da ilk günlər oldu. Düşmən 30 ilə yaxın zəbt etdiyi həmin yerlərdə çox güclü mühəndis istehkam işləri görmüşdü. Bizim əsas üstünlüyümüz isə yüksək vətən eşqimizin olması idi. Əsgərlərə də deyirdik ki, müharibədə qələbə qazanmaq xalqımızın haqqıdır, bizim isə vəzifə borcumuzdur.  

Sentyabrın 30-u döyüşlərin çox ağır bir anında birinci dəfə yaralandım. Ön cəbhədə döyüşən taboru əvəzləmək istəyirdik. Mən ehtiyat taboru döyüşə aparmaq istəyən zaman düşmən tərəfindən atılan mərmi düz qarşımıza düşdü. Hiss etdim ki, qəlpənin biri boğazıma dəydi. Tez boğazımı tutdum, gördüm ki, qan gəlir. Yanımda olan rabitəçiyə dedim ki, sarğını mənim boğazıma sarı. Bir anlıq hiss etdim ki, artıq həyatımın sonudu, mən də şəhid oluram...

Şəxsi heyətə dayaq olmaq üçün boğazıma sarğı qoyulan kimi ayağa qalxaraq  gülə-gülə dedim ki, heç vaxt erməni gülləsi bizi yıxa bilməz. Şuşaya getməliyik. Oranı alandan sonra rahat dincələrik. Şəxsi heyətin coşqusu məni çox sevindirdi. Gecə saat 1-də Füzulidə yerləşən hospitala getdim. Rentgen etdikdən sonra dedilər ki, qəlpə düz nəfəsliyin yanından keçərək şah damarın üstündə dayanıb. Həkim narahat oldu ki, qəlpəni çıxarmağa ehtiyat edirəm, şah damar zədələnsə, bunun qarşısını ala bilmərik. Bildirdim ki, təcili şəxsi heyətin yanına qayıtmalıyam. Artıq Füzulinin xeyli hissəsini azad etmişdik və Xocavənd istiqamətində irəliləyirdik.

Qırmızı bazar istiqamətində döyüşə girməli idik. Atəşə məruz qaldıq. Raketlər əsasən zirehli texnikaya atıldığı halda düşmən əlacsız qalıb tək hədəf olan əsgərə də atırdı. Elə bildim ki, raket başımı bədənimdən ayırıb apardı. Baş nahiyəmdə elə bir zərbə hiss etdim ki, elə bil məni qaldırıb göydən yerə çırpdılar. Güclü bir uğultu səsi hiss etdim. Yerdən qalxan kimi yıxıldım. Mərmi qəlpəsi ayağımın bir hissəsini aparmışdı. Gözlərim tutulmuşdu, elə hiss etdim ki, artıq ayağım yoxdu. Daşdan tutmaq istəyəndə, əlim də qalxmadı. Artıq özüm də təxmin edirdim ki, nə qolum var, nə də əlim. Başımı da qaldıra bilmədim. Amma yıxılanda inilti səslərini eşidirdim. Yəqin etdim ki, mən tək deyiləm, raket zərbəsinə tuş gələnlər var. Hərbi hissənin tibbi xidmət rəisi Bünyamin həkim tez dedi ki, komandir, çalışın yatmayın. Tərs kimi də şirin yuxu gəlirdi. Çünki müharibə başlayandan yuxu üzünə həsrət idik. İki gün idi ki, ümumiyyətlə yatmırdıq. Ondan bir gün qabaq Xocavəndin başqa bir kəndində düşmənin güclü atəşinə məruz qalmışdıq.

2020-ci ilin noyabrın 1-də hospitalda komadan ayılanda gözlərimi açdım, həkimlərin əhatəsində olduğumu hiss etdim. Birdən-birə düşündüm ki, bəlkə ermənilərin əlindəyəm. Elə bir halda idim ki, səsləri də eşitmirdim. Danışa da bilmirəm ki, soruşum ki, haradayam? Üzlərini az-çox görəndən sonra bildim ki, bizimkilərdi. İki gündən sonra zarıya-zarıya soruşdum ki, mən haradayam, dedilər ki, Bakıda hərbi hospitaldasan. Bir də ayılan kimi əlim və ayağım barədə düşündüm. Soruşanda həkim dedi ki, ayağın yerindədi, əlimə gələndə isə bir az fasilə verdi. Dedim ki, ayağımın və əlimin olması mənim üçün o qədər də maraqlı deyil, təki vətən sağ olsun. Dedilər ki, qolun yerindədi, amma barmaqların qırılıb. Qolunu da amputasiya etmək istəyiblər. Birinci gecə ilk əməliyyat 18 saat davam edib. Artıq nəbz itmişdi, qayıtdıqdan sonra qolumu kəsməyiblər. Sağ olsun həkimlərimiz çətinliklə də olsa məni həyata qaytara biliblər.

Reanimasiyadan çıxdıqdan sonra yavaş-yavaş düzəlirdim. Sarğı otağı palata ilə üzbəüz olduğundan bir dəfə həkimdən xahiş etdim ki, istəyirəm sarğı otağına özüm gedim. Əvvəlcə razılaşmadılar, dedilər ki, heç olmasa, arabadan istifadə et. Tibb işçilərinin müşayiəti ilə divardan tuta-tuta getdim. Palataya qayıdanda gördüm ki, orada xeyli həkim toplaşıb, məni alqışlarla təbrik etdilər.  Həkimlərdən biri soruşdu ki, Prezidentin sərəncamından xəbərin var?  Cavab verdim ki xeyr, sarğı otağından gəlirəm. Dedilər ki, möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə sizə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib. Sözün düzü, çox qürurlandım.

Bir anlığa fəxr etdim ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalq qəhrəmanı olmuşam.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkəmizdə formalaşan ordumuz düşmənə və onların havadarlarına tutarlı sözünü döyüş meydanında dedi. Antiterror əməliyyatı göstərdi ki, düşmən 44 günlük Vətən müharibəsində məğlub olsa da hələ də çirkin siyasətindən əl çəkməyib. Hələ bu azmış kimi, silahlanmağa və torpaqlarımıza terrorçular toplamağa çalışırdılar. Antiterror və son qisas əməliyyatı da düşmənə göstərdi ki, "dəmir yumruq" hələ də yerindədir. Bu, şanlı ordumuzun şücaətini  təkcə düşmənə deyil, bütün dünyaya bir daha bəyan etdi. 

Prezident seçkiləri ərəfəsində də deyirdim ki, qalib xalqın seçimi birmənalı olaraq Qalib Lider İlham Əliyevdir. Biz xoşbəxt nəsillərik ki, tariximizin bu şərəfli səhifəsi bizim dövrümüzə düşüb. Həm döyüşlərdə iştirak edərək Qələbəmizə töhfə verdik, həm də növbədənkənar prezident seçkilərində iştirak etməklə qalib dövlət başçımız İlham Əliyevi Prezident seçdik.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".