Ümumtürk birliyinə mühüm töhfələr
Siyasət

Ümumtürk birliyinə mühüm töhfələr

"Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?". Fevral ayının 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı bu fikirləri səsləndirən Prezident İlham Əliyev onu da bildirib ki, biz Türk Dövlətləri Təşkilatının qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsinə müştərək səylərlə, birlikdə nail ola bilərik.

2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının prezidentləri tərəfindən "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"nin imzalanması ortaq tarix, dil və mədəniyyətə sahib olan türk dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində yeni mərhələ olmuşdur. Çoxəsrlik tarixi əlaqələrə söykənən türk dövlətləri bu təşkilat daxilində qarşılıqlı etimad, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviqi, dünyada sülhün bərqərar olması, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmağı əsas məqsəd olaraq qarşıya qoymuşlar. 2019-cu ildə Özbəkistan Respublikasının da təşkilatın sıralarına qoşulması türkdilli dövlətlər arasında əlaqələrin şaxələnməsinin nümunəsidir. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə görüşündə TDƏŞ-in Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə dəyişdirilməsi haqqında qərar qəbul edilmişdir. Ortaq tarixə, mədəniyyətə, etnik köklərə malik olan dövlətləri öz sıralarında birləşdirən TDT enerji layihələrinin həyata keçirilməsində, sosial-iqtisadi inkişafda, regional təhlükəsizliyin möhkəmlənməsində, türk dövlətlərinin dünya birliyinə inteqrasiyasında mühüm rol oynayır.

Böyük inkişaf yolu keçmiş təşkilat iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olmaqla, 200 milyondan çox əhalisi olan türk dünyasını əhatə edir. TDT üzv dövlətlərin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığına böyük imkanlar yaradır. Təşkilata üzv dövlətlər bir-birinə hərtərəfli qarşılıqlı dəstək göstərməklə bütün dünyaya türk həmrəyliyini nümayiş etdirirlər. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri TDT-yə üzv ölkələrlə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinə, türk dünyasının sıx birləşməsinə töhfə verməkdir.

Dostluq, qardaşlıq təməlləri üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ölkələrimizin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar və digər sahələrdə imkan və potensiallarını birləşdirir. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığa, tarix boyu mövcud olan münasibətlərin genişlənməsinə, dərinləşməsinə yol açır. Bu gün iki qardaş dövlət arasında münasibətlər diplomatiyadan iqtisadiyyata, hərbidən energetikaya və nəqliyyata qədər bütün sahələri əhatə edir və bu siyasət uğurla həyata keçirilir. Regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də qonşu dövlətlər arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirən Azərbaycan-Türkiyə ümumtürk birliyinə, həmrəyliyinə böyük töhfələr verir.

Zəngin ənənələrə sahib olan Azərbaycan ilə Qazaxıstan arasında dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin qədim tarixi var. Sovetlər birliyi dönəmində belə iqtisadi və mədəni əməkdaşlıq həyata keçirən ölkələr müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətləri daha da inkişaf etdirmiş, dostluq əlaqələrini möhkəmləndirmişlər. Dövlət başçıları tərəfindən regional təhlükəsizliyə, ikitərəfli münasibətlərin inkişafına dair imzalanan sənədlər əlaqələrin daha da dərinləşməsinə, möhkəm hüquqi bazanın yaradılmasına xidmət edir. "Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında" Bəyannamə iki dövlətin təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq olduqlarının göstəricisidir.

Qırğızıstan İlə Azərbaycanı ortaq tarix, mənəvi köklər, mədəni-tarixi irs, qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı hörmət, etibar və etimad bağlayır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Qırğızıstan münasibətləri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki qardaş ölkə Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bir-birini dəstəkləyir, xalqlar arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə səy göstərirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun keçirdiyi görüşlərdə Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün iki ölkə arasında nəqliyyat infrastrukturunun inkişafı istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyəti, Azərbaycanda yüklərin həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat və liman infrastrukturunun Qırğızıstan üçün açıq olduğu, qardaş ölkənin enerji infrastrukturuna maraq, ticari-iqtisadi münasibətlər, kənd təsərrüfatı və s. məsələlər xüsusi vurğulanmışdır.

Azərbaycan-Özbəkistan münasibətləri xalqların milli adət-ənənələri, mədəniyyəti əsasında daha inkişaf etmiş, dövlət başçılarının səfərləri nəticəsində xüsusilə yeni inkişaf mərhələsinə yüksəlmişdir. Bu gün iqtisadiyyatın bütün sahələrində genişmiqyaslı layihələr reallaşdırılır, nəqliyyat kommunikasiyalarının inkişafı fonunda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi get- gedə artır, yeni dəhlizlərin inkişaf etdirilməsi, multimodal daşımaların genişləndirilməsi istiqamətində işlər aparılır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilir. Hacıqabulda birgə avtomobil istehsalı uğurla həyata keçirilir, ipəkçilik sahəsində əməkdaşlıq inkişaf etdirilir, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində yeni layihələr reallaşdırılır. Siyasi, iqtisadi, elmi-texniki, humanitar, mədəni və digər sahələr üzrə inkişaf edən ikitərəfli əməkdaşlıq bu gün qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq fonunda özünün inkişaf dövrünü yaşayır.

Etnik və mədəni köklər, ortaq tarix türk dövlətlərinin bu təşkilat daxilində birləşməsinin təməlini təşkil edir. Beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik olan TDT-yə üzv dövlətlər demokratiya, insan hüquqlarına hörmət, iqtisadiyyatın inkişafı, qanunun aliliyi və səmərəli idarəçilik prinsiplərinə sadiqlik nümayiş etdirməklə regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".