Dini azadlıq fonunda xəbis niyyət
Siyasət

Dini azadlıq fonunda xəbis niyyət

ABŞ Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələr siyahısına salıb. Amerikanın dini etiqad azadlığı üzrə qurumu (USCIRF) da öz bəyanatında ölkəmizin nəzarət siyahısına daxil edilməsini "alqışlayıb".

Bildirib ki, guya son üç ildə Azərbaycanda din haqqında qanuna iki dəfə düzəliş edilərək müxtəlif növ dini fəaliyyətlərə yeni məhdudiyyətlər qoyulub. Məruzədə, həmçinin Qarabağdakı dini obyektlərlə bağlı narahatlıq da ifadə olunub.

Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken isə bu mövzu barədə açıqlamasında bildirib ki, Azərbaycan hökuməti dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdır. Səsləndirilən pafoslu sözlər o qədər absurddur ki, bunlara bişmiş toyuğun da gülməyi gələr. Çünki dünyaya agahdır ki, Azərbaycanda bütün dinlər üçün hər cür şərait yaradılıb. Ölkəmizdə istənilən dini bayram heç bir maneə olmadan qeyd edilir, eləcə də sinaqoqlara, kilsələrə, məscidlərə hər il dövlət büdcəsindən vəsait ayrılır və onların təhlükəsizliyi tam şəkildə təmin edilir. Hətta Qarabağdakı erməni kilsəsi də Azərbaycan dövlətinin maliyyəsi hesabına təmir olunur. Azərbaycan Respublikasının Konstitusiyası isə milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edir. Eyni zamanda dövlət qeyri-müsəlman icmalarına qanunla müəyyən edilmiş fəaliyyətlərinə dinlərarası və multikultural dialoqa hərtərəfli dəstək verir. Bir sözlə, ölkəmizdə qarşılıqlı etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq münasibətləri mövcuddur. Bütün bunlar onu göstərir ki, Blinkenin ölkəmizi dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkə kimi qələmə vermək cəhdi riyakarlıq və qəbuledilməzdir. Ümumiyyətlə, atılan addım sərsəm təxəyyülün məhsuludur.

İlk növbədə, heç kim ABŞ-a dünya ölkələrində din azadlığa dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib. Ağ Evin belə bir təcrübədən istifadə etməsi yalançı "amerikan müstəsnalığı"nın təzahürüdür. Digər tərəfdən, Vaşinqton hər zaman olduğu kimi, yenə də öz qərəzli münasibətini ortaya qoyub. Artıq təsdiqini tapmış faktdır ki, 30 il ərzində Qarabağda bütün məscidlərimiz barbarcasına dağıdılıb, içərisində donuz, inək saxlanılıb. Amma Ağ Evin indiyə qədər baş verənlərə münasibət bildirməməsi onun ikili standartlarını açıq-aşkar göstərir. Bu məqam Qərbi Azərbaycan İcmasının bəyanatında da əksini tapıb. Qurumun açıqlamasında bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə siyahılara salaraq öz aləmində onlarla "haqq-hesab çəkir". Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasına göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur. İcmanın bəyanatında o da vurğulanıb ki, bu ölkənin din azadlığına dair siyahısının heç bir çəkisi yoxdur və sözügedən siyahı Azərbaycanda qətiyyətlə rədd edilir.

Təbii ki, Ağ Evin bu gedişi səbəbsiz deyil. Aydındır ki, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi, gündən-günə beynəlxalq arenada siyasi mövqelərinin möhkəmlənməsi və ölkədə hökm sürən xalq-dövlət birliyi Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdə maraqlı olan qüvvələri narahat edir. Amma bu səbəbdən atılan məkrli addımlar Azərbaycanın irəliyə getməsinə, siyasi-iqtisadi qüdrətini möhkəmləndirməsinə, dinlərarası və millətlərarası münasibətləri inkişaf etdirməsinə kölgə sala bilməz.

Jalə QASIMZADƏ,

"Respublika".