Uğura aparan lisey
Elm və təhsil

Uğura aparan lisey

Dörd il əvvəl fəaliyyətə başlayan Şəki şəhər kimya-biologiya təmayüllü lisey öz nailiyyətləri ilə seçilir. Ölkəmizdə təhsil sahəsində davamlı xarakter alan islahatlar, həyata keçirilən tədbirlər təhsil sisteminin yenilənməsinə, keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Hər növbəti tədris ilində olduğu kimi, 2022-2023-cü tədris ilində də xeyli uğurlar qazanılıb.

Təhsil ocağının direktoru Elmir Məmmədəliyev bildirdi ki, liseyin şagirdləri istər respublika, istərsə də dünya səviyyəli müxtəlif müsabiqə və yarışlarda iştirak etmiş və uğur qazanmışlar. Belə ki, VIII, IX, X və XI siniflərdə təhsil alan 246 şagirddən 152-si respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsində iştirak etmiş və onlardan 87 nəfəri yarımfinal turuna vəsiqə qazanmışlar. 23 şagird isə  olimpiadanın final mərhələsində iştirak edib və 14 nəfər medala layiq görülüb.

Education USA-nın programı olan CPC klubunun və qızlar üçün yaradılan, ABŞ səfirliyi tərəfindən maliyyələşən Choice by Education proqramının tələbəsi Ahu Mustafazadə Amerikanın Boston Universitetindən STEM üzrə 4 həftəlik yay proqramı olan Virtual Education USA Academy təqaüdünü qazanıb. Beynəlxalq STEAM Olimpiadasında son mövsümdə uğurlarımız 2 qızıl, 1 digital qızıl, 1 digital gümüş, 1 sertifikat olub.

Bununla yanaşı, şagirdimiz İsmayıl Mustafasoy Pangea Riyaziyyat, Kanada COMC, SİMOC Sinqapur kimi beynəlxalq olimpiadalarda medala layiq görülüb. Liseyin şagirdi Bacıxanım Yaşarlı "DigitAll: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi" konfransında fəal iştirakına görə sertifikatla təltif olunub. X sinif şagirdi Dəniz Məmmədzadə IX-XI sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" XII respublika müsabiqəsində Tibb və Sağlamlıq nominasiyası üzrə layihə təqdim edərək sertifikata layiq görülüb. Növbəti uğurumuz Beynəlxalq Kopernik olimpiadasından oldu. "Global Olimpic Center" (Kopernik olimpiadasının Azərbaycan üzrə rəsmi nümayəndəsi) tərəfindən təşkil edilmiş olimpiadada liseyimizin şagirdləri 1 qızıl və 3 bürünc medal qazandılar. Şagirdlərimiz "SASMO_Azerbaijan AMO" "Amerika Riyaziyyat Olimpiadası"nda (American Mathematics Olympiad) 7 qızıl və 1 bürünc medal, eyni zamanda 1 həvəsləndirici sertifikat alıblar. "Əziz Şuşa, sən azadsan" inşa müsabiqəsinin ölkə mərhələsində iştirak hüququ qazanmış liseyin IX sinif şagirdi Selcan Rəsulova müsabiqənin qalibi olub.

Bir sözlə, məktəbliləri uğura aparan lisey nailiyyətlərini durmadan artırır.

M.NƏRİMANOĞLU,

"Respublika".