Qərbi Azərbaycana qayıdacağımız gün yaxınlaşır
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdacağımız gün yaxınlaşır

XX əsrin bəlası - Deportasiya

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir.

 Tarixi faktlar təsdiqləyir ki, XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. Saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Erməni millətçiləri tarixin müxtəlif dövrlərində mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan Qərbi Azərbaycandan 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Qərbi Azərbaycan tariximizin ürək ağrıdan, qəlb göynədən bir parçasıdır. Bu torpaqlarda Aşıq Ələsgər dağlarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edib. Qərbi Azərbaycan azərbaycanlıların tarixi və əzəli yurd yeridir. Əzəli torpaqlarımızda həyata keçirilən son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. O dövrdə Ermənistan ərazisində yaşayan azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarılmışlar. Əslində həmin ərazilərin keçmişdə kimə mənsub olduğu hamıya məlumdur.

Ermənistan adlanan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyasəti 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilmiş və bu siyasət inqilabdan sonra yeni vüsət almış, minlərlə kənd adı rəsmi qərarlarla ruslaşdırılmış, bir qismi isə qondarma erməni adları ilə əvəz edilmişdir.

Göyçə mahalının Basarkeçər rayonundan olan, uzun illərdir İstanbulda yaşayan, kök-hücrə araşdırmaçısı, fəlsəfə doktoru Günel Bayramova bu barədə fikirlərini bölüşürək deyir: "Azərbaycanın tarixi torpaqlarında başqa dövlətlərin yaranması heç kəsə sirr deyil. Xüsusilə də, Qərbi Azərbaycan adlandırdığımız ərazilərdə məhz XX əsrin əvvəlində böyük güclərin dəstəyi ilə Ermənistan dövlətinin əsası qoyulub. Hətta ovaxtkı Xalq Cümhuriyyətinin qurucuları məcburiyyət qarşısında qalaraq Azərbaycanın tarixi və qədim şəhəri olan İrəvanı ermənilərə güzəştə gediblər: İrəvana sahib olan ermənilər daha sonra Göyçə, Qərbi və Şərqi Zəngəzur, Naxçıvan, Qarabağ və digər Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. Sovet hakimiyyəti qurulduqda isə təəssüf ki, Zəngəzur mahalını da öz ərazilərinə qata bilib, Qarabağa isə muxtariyyət verilməsinə nail olublar. Lakin Qərbi Azərbaycanda Ermənistan Respublikası yaradılsa da, orada yenə də azərbaycanlılar yaşayırdı. Məhz 1988-ci ildən azərbaycanlılar o ərazilərdən tamamilə qovuldu. Əgər biz XX əsr boyunca mərhələli şəkildə azərbaycanlıların həmin ərazilərdən deportasiya olunmasının şahidi olurduqsa, 1988-ci ildə artıq bu proses yekunlaşdı".

44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanması, Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməsi bizim üçün yeni yol xəritəsini müəyyənləşdirmək imkanı yaratdı. Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdüyü zaman Qərbi Azərbaycan əhalisinin hüquqlarının qorunması və bərpası məsələsini gündəmə gətirməsi hər kəsi sevindirdi. Çünki 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması məsələsi də nəzərdə tutulub. Əgər, Azərbaycan torpaqlarında erməni əsilli vətəndaşlar yaşayacaqsa, Ermənistan ərazisində də Azərbaycan əsilli vətəndaşların yaşaması niyə də olmasın?! Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlıların öz doğma yurdlarında yaşamaq hüquqları var. Beynəlxalq sənədlərə əsaslanaraq məhz Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtma hüququ mütləq bərpa olunmalıdır. Cənab Prezidentin haqlı olaraq bu məsələ ilə bağlı göstəriş və tövsiyələrini verməsi düşünürəm ki, çox yerində atılmış bir addımdır. Necə ki, Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edənə qədər hər bir azərbaycanlı Qarabağlı idi, bu gün isə hamımız Qərbi azərbaycanlı olmalıyıq".

İnanıram ki, Qərbi Azərbaycana qayıtmağımıza da çox az qalıb.

Biz Qərbi azərbaycanlılar dədə-baba yurdumuza qayıtmaq üçün Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində var qüvvəmizlə çalışmalıyıq. Zəngəzur‚ Göyçə‚ İrəvan ərazilərinin tarixi Azərbaycan torpaqları olduğunu bütün dünya ictimaiyyətinə çatdırmalıyıq.

Esmira YAZKAN,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.