Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu
Digər xəbərlər

Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Vətən, xalq və dövlət qarşısında xüsusi xidmətlərindən biri də Dünya azərbaycanlılarının həmrəylik və birlik gününün rəsmiləşdirməsi, daha doğrusu ona dövlət bayramı günü statusu qazandırması olmuşdur. 1990-cı ildən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında qeyd edilən Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə Heydər Əliyev əsl dövlət statusu qazandırdı.

Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına 1989-1990-cı illərdə imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr qara yaxmağa başlamışdılar. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifəsini belə müəyyən etmişdir: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Bunun üçün dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmalı və inkişaf etdirməliyik, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməliyik".

Ulu öndər tərəfindən müəyyən edilmiş və xarici siyasətimizin həyata keçirilməsində,  milli maraqlarımızın dünya miqyasında təmin olunmasında xaricdə yaşayan azərbaycanlıların və diasporumuzun üzərinə mühüm vəzifələr düşür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlətçilik fəaliyyətində diaspor işinə xüsusi diqqət yetirmiş, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycan dövlətinin nüfuzunu yüksəltmiş, xalqının şərəf və ləyaqətini qorumuş, azərbaycanlıları uca tutmağa, onlara inam və etimad göstərməyə çalışmış, başqalarını da buna təşviq etmişdir. Heydər Əliyev diaspor işinin dövlət siyasətinin ən vacib sahələrindən biri olduğunu nəzərə alaraq demişdir: "Azərbaycan dövlətinin vəzifəsi bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərmək, onların həyatı ilə maraqlanmaq və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir".

Heydər Əliyev Azərbaycan xalqının qədim və qəhrəmanlıqlarla dolu tarixini, zəngin mədəniyyətini, ecazkar təbiətini, həzin, ürəkləri lərzəyə gətirən musiqisini, ədəbi-fəlsəfi fikirlərlə dolu olan ədəbiyyatını və s. dünyaya nümayiş etdirməyə çalışmışdır. Ulu öndər Dünya azərbaycanlılarının I qurultayında demişdir:  "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların bir çoxu uzun illərdən bəri Sovet İttifaqının tərkibində olan Azərbaycanı görməmiş və onların bəziləri  isə Vətən, xalq, millət anlayışlarına yadırğamışdılar. Belə bir zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Ulu öndər azərbaycanlıların milli şüuruna yenidən işıq saçmaqla onların milli kimliyini, milli mənsubiyyətini, milli tarixi kökünü bir daha müzakirə mövzusu edərək dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları doğma Vətənə - Azərbaycana topladı. Ulu öndər Heydər Əliyevin qurultayda söylədiyi fikirlər soydaşlarımızın milli şüurunu və tarixi yaddaşını yenidən oyatdı, onların milli hisslərini coşdurdu. Dünya azərbaycanlılarının I qurultayının belə geniş tərkibdə keçirilməsi, orada möhtəşəm qərarların qəbul edilməsi yalnız və yalnız ümummilli lider Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin sayəsində mümkün ola və belə tarixi əhəmiyyət daşıya bilərdi. Ulu öndər Heydər Əliyevin müdrikliyi, bacarığı, səriştəsi, dəmir məntiqli nitqi sayəsində müxtəlif ölkələrdə yaşayan və müxtəlif dünyagörüşünə malik olan dünya azərbaycanlıları milli məqsədlər naminə yumruq kimi birləşmək qərarına gəldilər. Dünya azərbaycanlılarının möhkəm milli birliyinin yaranması istiqamətində atılan addım kimi bu tarixi qurultayın çağırılması ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, tarixi, xalqı və dünya azərbaycanlıları qarşısında ən böyük xidmətlərindən biri idi.

Ümummilli lider Heydər Əliyev öz nitqində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı müstəqil Azərbaycan Respublikasını göz bəbəyi kimi qorumağa, buranı dünya azərbaycanlılarının doğma Vətəni, özlərini isə bu Vətənin ayrılmaz bir hissəsi hesab etməyə, onun üçrəngli bayrağına, paytaxt Bakıya, Azərbaycanın gerbinə, dilinə, əlifbasına və s. kimi milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağa çağırdı.

1991-ci ildə Sovetlər İttifaqının dağılmasını,15 müttəfiq respublikanın öz müstəqilliyini bəyan etməsini və 1920-ci ildən sonra itirilmiş müstəqilliyin bərpasını dünyada gedən obyektiv tarixi proseslərin məntiqi nəticəsi kimi xarakterizə etdi və bu proseslərin nəticəsində dünya azərbaycanlılarının həmrəyliyi ücün əlverişli şəraitin yarandığını bildirdi: "...biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir". Ümummilli lider öz nitqində qeyd etdi ki, bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim, həm müstəqil Azərbaycan dövləti, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Həmin qurultayda etdiyi çıxışında ümummilli lider dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımıza xitabən belə bir fikri xüsusi vurğuladı: "... azərbaycanlıların dünyaya səpələnməsi təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. İndi Azərbaycan müstəqil dövlət olandan sonra bəzi müxalifət dairələri bizi tənqid edirlər ki, Azərbaycan əhalisinin xeyli hissəsi kənarda yaşayır. Ancaq mən heç də bunu mənfi bir hadisə kimi qəbul edə bilmərəm. Çünki hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Dünyada miqrasiya prosesləri bütün ölkələrə və xalqlara aiddir. Əgər azərbaycanlılar bu proses nəticəsində dünyanın bir çox ölkələrində məskunlaşıblarsa, orada özləri üçün həyat qurublarsa, özlərinin həyat şəraitini təmin ediblərsə - bunlar hamısı dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir".

Ümummilli lider bir daha vurğulamışdır ki, azərbaycanlılar dünyanın müxtəlif ölkələrində həyatını istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə  yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ulu öndər əlavə etmişdir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Heydər Əliyev demişdir: "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunların hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin və həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".

Dünya azərbaycanlılarının I qurultayının keçirilməsinin əsas əhəmiyyətindən biri də bundan ibarət olmuşdur ki, qurultayda iştirak edən insanlar, dünyanın bir çox uzaq ölkələrindən gəlmiş soydaşlarımız Azərbaycanda qurultay ərəfəsində bir-biri ilə daha yaxın  ünsiyyətdə olmuş, bir-birini anlamağa çalışmış, müxtəlif ölkələrdə fəaliyyət göstərən icmaların vahid diaspor halında birləşməsində böyük rol oynamışlar.

Dünya azərbaycanlılarının I qurultayında ulu öndər yüksək tribunadan bir daha bəyan etdi: "Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq". Daha sonra milli lider vurğuladı ki, Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradırıq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir".

Azərbaycanın ən böyük problemi olan Qarabağ probleminə toxunan Heydər Əliyev münaqişənin həlli ilə bağlı görülən işlərdən danışdı və əmin olduğunu bildirdi ki, bu münaqişə də aradan götürüləcək, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqın və köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar: "Təbiidir ki, bu məsələdə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var", - deyə  bildirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan diasporunu gücləndirmək məqsədilə türk və islam dünyasının birlik və həmrəyliyinin də vacib olduğunu bəyan etmiş və bu istiqamətdə də zəruri addımlar atmışdır.

Qafar ƏLİYEV,

Yap Qaradağ Rayon Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru.