Türkiyə Parlamenti gələn il İsveçin NATO üzvlüyünə səs verəcək
Siyasət

Türkiyə Parlamenti gələn il İsveçin NATO üzvlüyünə səs verəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Skandinaviya ölkəsinin Türkiyənin F-16 qırıcı təyyarələri almaq istəyini ABŞ-ın təsdiqləməsi ilə əlaqələndirdikdən bir neçə gün sonra, Türkiyə parlamentinin xarici əlaqələr komitəsi İsveçin NATO-ya üzv olmaq istəyi barədə müzakirələri bərpa edib. Beləliklə, İsveçin NATO-ya üzvlük protokolu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində səs çoxluğu ilə qəbul edilib və  bütün diqqət 2024-cü ilin əvvəlində Baş Assambleyaya yönəlib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının 23-də İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb. Hələ bu ilin iyul ayında NATO-nun Vilnüs sammitində əsas müzakirə mövzularından biri İsveçin alyansa üzvlüyü məsələsi idi. Bu ölkənin alyansa üzvlüyü üçün Türkiyə müəyyən şərtlər irəli sürmüşdü. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli və bəzi terrorçuları Türkiyəyə təhvil verməli idi. Eləcə də İsveçin PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalı idi. Ötən müddət ərzində bir sıra addımlar atıldı. Hətta NATO-nun baş katibi Yens Stoltenberq sammit ərəfəsində İsveçin bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etmişdi. Amma Türkiyə bununla razı deyildi. Çünki İsveçdə İslamın müqəddəs kitabı olan "Quran" dəfələrlə yandırılmışdı. Hətta Türkiyənin dövlət rəmzləri belə təhqir olunmuşdu. Bu da vəziyyəti daha da gərginləşdirmişdi. Vəziyyətin getdikcə gərginləşdiyini görən İsveç milli qanunvericiliyə terrorla mübarizə ilə bağlı dəyişikliklər etdi. Bu da Türkiyənin məsələyə yaşıl işıq yandırmasına təkan verdi. Oktyabrın 24-də NATO-nun Baş katibi Yens Stoltenberq Stokholmda təşkil olunan mətbuat konfransında bir daha İsveçin Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini və bundan sonra Şimali Atlantika Alyansının üzvü olmağa hazır olduğunu bəyan etmişdi. "İsveç bütün öhdəliklərini yerinə yetirib, konstitusiyasına və qanunlarına terrorla mübarizəni genişləndirməyə imkan verən dəyişikliklər edib, Türkiyəyə silah tədarükünə icazə verib. Mən yaxın gələcəkdə onun alyansa qəbul edilməsinə inanıram", - deyə bildirmişdi. NATO-nun Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzaladığına görə ona təşəkkür etdiyini belə vurğulamışdı.

Rəcəb Tayyib Ərdoğan isə açıq şəkildə bildirmişdi ki, Türkiyə İsveçin NATO-ya üzvlük iddiasını yalnız ABŞ Konqresi Ankaranın mövcud donanmasını modernləşdirmək üçün 40 yeni F-16 qırıcı təyyarəsi və dəstləri almaq tələbini təsdiqləyərsə, ratifikasiya edəcək. Türkiyə lideri, həmçinin iki qanunverici orqanı "eyni vaxtda" hərəkət etməyə çağırıb və bildirmişdi ki, Kanada və digər NATO müttəfiqləri Türkiyəyə tətbiq edilən silah embarqolarını ləğv etməlidir. Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç bu günlərdə belə bir açıqlama verib ki, İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq. Akif Çağatay Kılıçın sözlərinə görə, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi məsələsində son sözü bütövlükdə Türkiyə parlamenti deyəcək. Bu arada İsveç də Türkiyə ilə bağlı mühüm addımlar ataraq, Türkiyəyə müdafiə sənayesində ixrac lisenziyası vermək qərarına gəlib. Bununla bağlı Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar açıqlama verib: "Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən bir hadisə baş verdi. Məlum olub ki, İsveç uzunmüddətli embarqodan sonra Türkiyəyə müdafiə sənayesində ixrac lisenziyası verməyə başlayıb".

Onu da qeyd edək ki, 2019-cu ilin oktyabr ayından müdafiə sənayesi sahəsində Türkiyəyə embarqo tətbiq edən İsveç NATO-ya üzvlük prosesinin başlamasının ardından 2022-ci ilin sentyabrında bu qərarından geri addım atıb. 2022-ci ildə İsveç Türkiyənin hərbi məhsullar üçün ixrac icazələrini yenidən təsdiqləməyə başlayıb. 2022-ci ildə təsdiq edilmiş ixrac icazələrinə, həmçinin Türkiyəyə elektron avadanlıq, proqram təminatı və texniki yardım kateqoriyaları üzrə hərbi texnikanın tədarükü də daxildir.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.