Diaspora

"TRT World" telekanalı Qarabağa Böyük Qayıdışla bağlı veriliş yayımlayıb

"TRT World" telekanalı Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa və quruculuq işlərinə həsr olunmuş "Böyük Qayıdış: Qarabağ" adlı veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, regiona səfər edən telekanalın müxbiri Oubay Şahbandarın təqdimatında hazırlanan verilişdə Qarabağda işğalın ağır nəticələri, mədəni irsin məhvi, baxımsızlıq və məqsədyönlü dağıdılma nəticəsində yerlə-yeksan edilən şəhərlərin indi - 30 illik işğaldan sonra necə canlandığı nümayiş etdirilib. Verilişdə yenidən həyat bəxş olunan Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilana geri dönən yerli sakinlərin təəssüratları, hökumət nümayəndələri, iş icraçıları, ekofəalların görülən işlər barədə fikirləri əksini tapıb.

Verilişdə diqqətə çatdırılır ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qarabağ bölgəsində inamlı Böyük Qayıdış Proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məcburi köçkünlər ev-eşiklərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.

Müəllif reportajın əvvəlində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixinə nəzər salıb, müharibə başa çatdıqdan sonra aparılan sülh danışıqları və Ermənistanın, xüsusilə də separatçıların tutduğu qeyri-konstruktiv mövqedən bəhs edib. Sülh danışıqlarına sadiq qalan və xoş niyyət nümayiş etdirən Azərbaycanın bölgənin dirçəlməsi üçün gördüyü işlər geniş planda təqdim olunub, xüsusilə Şuşa, Zəngilan, Laçın və işğaldan sonra torpaqlarına geri dönən digər rayonların sakinlərinin dilindən Vətən sevgisi, torpağa bağlılıq, gələcəyə ümid və bütün baş verənlərə rəğmən, dinc qonşuluq şəraitində yaşamağa hazırlıq barədə fikirlər səsləndirilib. Şuşa və digər yaşayış məntəqələrində dağıdılan mədəni və dini abidələrin bərpa edildiyi əks olunan kadrlarda Şuşada yaradılmış muzeydə hələ Ulu Öndər Heydər Əliyevin dövründə burada müxtəlif mədəni obyekt və abidələrin açılışlarından fotolar nümayiş olunub.

Verilişdə, həmçinin Ermənistanla münaqişənin həllinə dair aparılan danışıqlara yer ayrılıb, bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə diqqət çəkilib. Dövlət başçısı tədbirdəki çıxışında Ermənistanı 28 il ərzində beynəlxalq hüquqa riayət etməyə məcbur etməyin mümkün olmadığını və bunun yalnız güc yolu ilə edildiyini vurğulayaraq deyib: "Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir".

Reportajda regionda hadisələrin cari inkişafına da diqqət ayrılıb, Qarabağdakı ermənilərin guya blokadada olmasına dair ermənilərin beynəlxalq müstəvidə qaldırdığı hay-küy, Azərbaycan sərhədinə humanitar yardım göndərilməsi və ermənilərin Ağdam-Xankəndi marşrutu ilə yükləri qəbul etməkdən imtina etməsinə toxunulub. Qeyd edilib ki, blokadadan şikayətlənən separatçılar Ağdam-Əsgəran yolunu bağlamaqla özləri özlərini blokadaya salıblar və qəsdən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının önünə sipər çəkirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin mayında Moskvada keçirilən görüşdə Azərbaycanın Laçın yolunu bağlamasına dair iddialarına Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı cavabı da kadrlarda yer alır. Dövlət başçısı qeyd edir ki, Azərbaycan heç bir dəhlizi blokadaya almayıb və Laçın-Xankəndi yoluna gəldikdə isə həmin yol açıqdır: "Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər".

Verilişdə ərazilərin minalarla çirklənməsinin dinc əhali üçün yaratdığı təhlükə və qayıdış proseslərinə törətdiyi əngəl barədə məlumat verilib, bununla belə, Azərbaycanın quruculuq və bərpa işlərini əzmlə davam etdirdiyi, məskunlaşma prosesinin sürətləndirdiyi qeyd olunub.

Yekunda vurğulanır ki, artıq Qarabağa həyat geri dönür, insanlar öz torpaqlarında yenidən məskunlaşır, şəhər və kəndlər sürətlə bərpa edilir. Qarabağa geri dönən insanlar isə gələcəyə böyük ümidlə baxır, həyatlarını doğma torpaqda davam etdirirlər.