Qarabağ qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməlidir
Diaspora

Qarabağ qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməlidir

44 günlük Vətən müharibəsinin sonunda imzalanmış üçtərəfli 10 noyabr Bəyanatından sonra sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsi Rusiyanın vasitəçilik fəaliyyətində "səmimi" olduğunu göstərdi. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının əsas vəzifəsi Bəyanatın müddəalarının həyata keçirilməsinə dəstək vermək idi. Təəssüf ki, məramı sülhü qorumaq olan Rusiya hərbçiləri Qarabağda sülhü əngəlləyən addımlara yol verdilər.

Əsas məqam odur ki, üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələri ərazidən çıxarılmalı idi. Lakin iki ildən çox zaman keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur.

Rusiya sülhməramlıları nə qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirirlər. Əksinə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yollarla erməni silahlı dəstələri silah-sursat və minalar daşıyırlar. Məhdud sayda hərbi qulluqçu ilə cəmi 5 il müddətinə bölgəyə göndərilən Rusiya kontingenti sülhü qorumaqla tərəflər arasında sabitlik yaratmalı idi. Bunun üçün onlardan, ilk növbədə, öhdəliklərini yerinə yetirmələri, neytrallıq tələb olunurdu. Lakin sülhməramlı kontingentin komandanlığı bu istiqamətdə gözləntiləri doğrultmadı.

Həm Ermənistan rəhbərliyinin, həm də Qarabağdakı separatçı tör-töküntülərin məqsədi Qarabağdakı Rusiya sülhməramlılarının mandatını uzatmaqdır. Ermənistanın baş naziri Paşinyan da sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətinin etimadını gündən-günə itirən Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını açıq şəkildə bəyan edir.

"Əbədi işğala inanan ermənilərin indi əbədi sülhməramlı fəaliyyətə inanması gələcək gərginliklərin toxumunu əkməkdən başqa bir şeyə xidmət etmir. Ermənilərin Azərbaycan ərazisində bundan sonrakı mövcudluğu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əldə edilmiş dayanıqlı sülhlə mümkündür. Yaxşı olar ki, Rusiya sülhməramlıları da bunu anlasın və fəaliyyətlərini bu istiqamətdə qurub, müddətləri bitəndə ölkələrinə dönsünlər". Bu fikri siyasi ekspert Güngör Yavuzaslan açıqlamasında vurğulayıb. O, son günlər Qarabağdakı separatçı ünsürlərin, həmçinin silahlı dəstələrin davamlı təxribatlara əl atmasının üçtərəfli Bəyanata zidd olduğunu bildirib. Siyasi ekspertin sözlərinə görə, bir yandan Ermənistan tərəfinin sülhdən danışması, digər yandan, Qarabağdakı ermənilərin hərbi təxribatlar törətməsi təhlükəli və təhrikedici addımlardır: "Azərbaycan tərəfi, ilk növbədə, Rusiya dövlətinə və eyni zamanda Qarabağda sülhməramlı missiya icra edən kontingentə sərt nota verməlidir. Çünki bölgədəki erməni silahlıların atəşkəsi pozmasına oradakı sülhməramlı kontingent də məsuliyyət daşıyır. Baş verənlərlə bağlı Vaşinqton və Brüsseli məlumatlandıraraq silahlı ünsürlərə qarşı antiterror əməliyyatlarına başlamaq lazımdır. Təsəvvür edin, Ermənistanın xarici işlər naziri Vaşinqtonda, Brüsseldə sülh danışıqlarına qatılır, Qarabağdakı erməni silahlı dəstələri isə səngər qazır, kəşfiyyata çıxır, müdafiə istehkamları qururlar. Bunlar əsla qəbul edilməyəcək hərəkətlərdir. Antiterror əməliyyatı ilə erməni silahlı birləşmələri son nəfərinədək məhv edilməli, bölgə təmizlənməlidir". Rusiya sülhməramlıları üçün gerisayım başlayıb.  Onlar 5 ilin sonunda, yaxud sülh müqaviləsi imzalanandan sonra bölgəni tərk etmək məcburiyyətində qalacaqlar. Ona görə də Qarabağda daha uzun müddət qalmağın planlarını qurur, ermənilərin əli ilə təxribat törədilməsinə çalışır, buna şərait yaradırlar".

Siyasi ekspert həm rus sülhməramlılarının, həm Beynəlxalq Qırmızı Xaç Komitəsinin, həm də Ermənistan tərəfinin hüquqazidd fəaliyyətindən də bəhs edib. Dövlət Sərhəd Xidmətinin Laçın postundan BQXK-ya aid maşınların keçidini qadağan etməsi haqqında danışan G.Yavuzaslan  vurğulayıb: "Azərbaycan dəfələrlə rəsmi kanallarla BQXK-ya maşınların təyinatı üzrə hərəkət etmədiyi haqqında dəlillərlə xəbərdarlıq edib. Lakin qarşı tərəf bundan lazımi dərs çıxarmadığına görə, Azərbaycan da onların Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən istifadəsinə qadağa qoyub. Bu, beynəlxalq hüquqdan meydana gələn fəaliyyətdir, yumşaq gücün istifadəsi və diplomatiyanın başqa bir vasitə ilə davam etdirilməsidir. BQXK-nın Azərbaycan ərazisində separatçıların maşası rolunu oynaması, qaçaqmalçılıqla məşğul olması, eyni zamanda rus sülhməramlıların gözü qarşısında terror və təxribat fəaliyyətlərinin davam etdirilməsi qəbuledilməzdir. Rəsmi Bakı sözügedən qanunsuzluqların qarşısını qətiyyətlə alacaq. Artıq səbir tükənir və törədilən əməllər Azərbaycana başqa yol qoymur. Fikrimcə, növbəti antiterror əməliyyatı zamanı başlarına dəmir yumruq enməsə, məsələyə birdəfəlik nöqtə qoyulmasa, onlar sakitləşməyəcəklər".

Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamasında deyib ki, 2025-ci ildə Rusiya sülhməramlıları ərazini tərk edəcəklər. Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına əminliyini ifadə edib.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.