Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"THE ASIA TODAY": Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mühüm irəliləyiş əldə olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibə verib.

Bu barədə "The Asia Today" nəşri məlumat yayıb. Bildirilib ki, Azərbaycan regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün müxtəlif məkanlarda Ermənistanla xoş niyyətlə danışıqlar aparır. Həmçinin qeyd olunub ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.

Xəbərdə o da vurğulanıb ki, son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəccübləndirməyi bacarıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də əldə etdiyi razılaşmaya əsasən, mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib. Bundan başqa, Ermənistan Azərbaycanın COP29-a evsahibliyi etmək üçün namizədliyini dəstəkləyib. Bütün bunlar isə onu göstərir ki, iki ölkə vasitəçi olmadan birbaşa danışıqlar aparmağa qadirdir.

"Vestnik Kavkaza": Azad edilmiş ərazilərdə seçki məntəqələri qurulub

"İlk həmin məntəqələr təchiz edilib. Artıq orada işlər demək olar ki, tamamlanıb. Orada görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Proseslə bağlı işləri də oradan işıqlandıra bilərsiniz".

"Vestnik Kavkaza" xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

"İnterfaks": Bakı və Aşqabad qaz mübadiləsini davam etdirmək üçün danışıqlar aparır

"İnterfaks" yazır ki, Azərbaycan və Türkmənistan qaz mübadiləsini davam etdirmək üçün danışıqlar aparır. Yazıda deyilir ki, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb. Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır və iki ölkə arasında razılıq əldə edildikdən sonra mübadilə tədarükü bərpa olunacaq. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək türkmən qazının nəqlini nəzərdə tuturdu. 2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu imzalanıb, ona əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılacaq.

"BNN breaking": Mədəniyyət və təhsil əməkdaşlığında yeni era

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuridinov bu yaxınlarda müzakirələr aparıb, Azərbaycan və Özbəkistan arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb.

Bu barədə "BNN breaking" xəbər saytı məlumat yayıb. Görüşdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti nümayəndə heyətinin Azərbaycana gözlənilən səfəri, fikir və təcrübə mübadiləsi üçün zəmin yaradılması məsələləri müzakirə edilib. Dialoqda, həmçinin hər iki ölkənin universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları araşdırılıb.

"Earth.org": Azərbaycanın ekologiya və təbii sərvətlər naziri COP29-a rəhbərlik edəcək

"Earth.org" xəbər verir ki, Muxtar Babayevin bu ilin noyabrında COP29-a sədrlik etməsi BMT-nin illik iqlim sammitlərində qalıq yanacaqların rolu ilə bağlı müzakirələri aktivləşdirib. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirdən sonra danışıqlara evsahibliyi edəcək üçüncü neft ölkəsidir.

Qeyd edilib ki, 2024-cü il COP29-a evs

ahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkələr siyahısında Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu dünyanın ən qədim neft hasil edən dövləti olan Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.

"Respublika".