Torpaqlarımızın ermənilərə “pay
Tarix

Torpaqlarımızın ermənilərə “pay" verilməsi xalqın legitim hüququnun pozulmasıdır

1929-cu il fevralın 18-i Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvan Muxtar Respublikasının 10 kəndi Ermənistana verilib.

XX yüzillikdə Azərbaycan xalqının başına bir sıra ağır faciələr gətirilib. Böyük dövlətlərin yürütdükləri imperiya siyasətinin qəddar və məkrli icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, repressiya və deportasiya törədilmiş, xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar etmişlər. On minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz ata-baba yurdundan didərgin salınmışdır.

Sovet hakimiyyəti illərində SSRİ rəhbərlərinin birtərəfli siyasət yeritməsi, xalqımıza qarşı düzgün mövqe tutmamasının nəticəsi idi ki, biz bu cür ağrı-acımız barədə vaxtında və obyektiv söz demək imkanına malik olmamışıq. Əksinə, ermənilərin müdafiə olunması, bir sıra hallarda onlara qarşı müsbət meyillər gələcək bəlalarımızın əsası olmuşdur.

1991-ci ildən Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmişimizə obyektiv yanaşmaq imkanları yaranmışdır. Xalqımızın qarşılaşdığı bu faciələrə, əvvəllər göstərilmiş elmi-ideoloji münasibətə narazılığını bildirən ulu öndərimiz Heydər Əliyev respublika Elmlər Akademiyasının üzvləri ilə görüşündə demişdir: "XX əsr xalqımız üçün çox müsibətlər əsri olubdur. Gərək onu doğru-düzgün, nə cür, necə olubdursa, elə də yazaq. Bunların hamısı həm xalqımızın özünü tanıması, həm də bugünkü siyasətimiz üçün lazımdır".

Ermənilər əsrlər boyu Azərbaycan torpaqlarını, xüsusilə də Naxçıvanı işğal etməyə, onu "böyük Ermənistana" birləşdirməyə cəhd göstərmişlər. Bunun üçün onlar saxta tarix yaratmış, bu ərazinin ermənı torpaqları olduğunu, əhalinin milli tərkibində ermənilərin "üstünlük" təşkil etdiyini sübut etməyə çalışmışlar. Lakin 1921-ci ilin əvvəllərində Naxçıvanda referendum keçirilmiş, əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdir.

1921-ci il martın 16-da Moskvada Rusiya və Türkiyə arasında müqavilə imzalanmış, şərtləri oktyabrın 13-də Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanmış Qars müqaviləsilə daha da möhkəmləndirilmişdir.

Ermənistan nümayəndələri Qars müqaviləsini imzalamaqla öz üzərlərinə Naxçıvanın dövlət ərazi statusu ilə bağlı maddələri pozmayacağı haqqında öhdəlik götürdü. Lakin sonrakı dövrlərdə Ermənistan nəinki götürdüyü öhdəliyi yerinə yetirdi, həmin müqavilənin ləğv edilməsinə çalışdı. Ermənistan hökuməti müqaviləni pozaraq Zaqafqaziya MİK-in 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının 657 kvadratkilometr ərazisini əhatə edən 10 kəndinə (Xaçik, Horadiz, Qurdqulaq (Şərur), Oğbin, Sultanbay, Ağxaç, Almalı, İtqıran (Şahbuz) və Karçevan (Ordubad) yiyələndi. Nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Biz güzəştə getdikcə onların iştahı daha da artmışdır. Bu yolla Zəngəzur mahalı, Göyçə torpaqları, Vedibasar ərazisi əlimizdən alınmışdır. Naxçıvan Şimali Azərbaycandan ayrı düşmüşdür. Kərki kəndi işğal olunmuş, neçə-neçə kəndimiz qərarla ermənilərə verilmişdir.

Onu da qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı onun ərazisi 114 min kvadratkilometr idi. Bunun 97,4 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri "mübahisəli ərazilər" idi. Nəinki "mübahisəli ərazilərdən", heç bir mübahisə doğurmayan ərazilərdən də torpaqlar itirdik. Ermənilər 1929-cu il fevralın 18-dən etibarən bu kəndlərdə yaşayan müsəlman-türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçiriblər. Nəticədə həmin kəndlərin əhalisinin əksəriyyəti dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçüblər. Erməni təqiblərinə, hədə-qorxularına baxmayaraq, bu kəndləri tərk etməyərək orada qalan sonuncu azərbaycanlılar isə 1988-ci ildə başlayan hadisələr zamanı yurd-yuvalarından çıxmağa məcbur ediliblər.

Naxçıvana gəldikdə isə müxtəlif tarixi mərhələlərdə həmişə Azərbaycanla coğrafi cəhətdən bir olan Naxçıvan indi anklav vəziyyətinə düşmüşdür. Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanı ərazi cəhətdən Azərbaycandan ayrı salmış və bu səbəbdən də Naxçıvana muxtariyyət statusu verilmişdir. Bununla əlaqədar ulu öndər Heydər Əliyev demişdir: "Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi".

Araşdırılan mövzu indiki dövrdə çox aktual olduğundan bu məsələnin daha da təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə böyük ehtiyac vardır. Çünki nə qədər ki, mənfur qonşularımız Azərbaycan dövlətinə qarşı öz ərazi iddialarından əl çəkməyiblər, Azərbaycan torpaqları hesabına öz ərazilərinin genişləndirilməsi istəkləri müxtəlif formalarda özünü büruzə verəcəkdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsindən  sonra erməni cəmiyyətində aparılan müzakirələrdə 1975-ci il xəritələrinə toxunulub. Bu  qəbuledilməzdir, çünki 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının etdiyi güzəşt, 18 fevral 1929-cu ildə və sonrasında Sovet Rusiyasının 1969-cu ilə qədər Azərbaycanın olan torpaqları parça-parça erməni tərəfinə "pay" verməsi qeyri-qanunidir. Bu addımlar beynəlxalq nöqteyi-nəzərdən Azərbaycan xalqının legitim hüququnun pozulmasıdır. Lakin ədalət öz yerini tapacaq. İşğaldan azad edilən torpaqlar kimi qanunsuz şəkildə Ermənistana hədiyyə edilən torpaqlar da öz sahibinə qovuşacaq. Ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası öz torpaqlarını qorumaq üçün böyük potensiala malikdir. Onun ən böyük potensialı - bizim vətəndaşların öz vətənlərinə olan sədaqəti və məhəbbətidir. Bu hisslər xalqımızın tarixi qəhrəmanlıq ənənələri ilə doğulmuşdur...".

Aiza ŞABANOVA,

"Respublika".