Hərb salnaməmizə yazılan möhtəşəm tarix ZƏFƏR PARADI
Tarix

Hərb salnaməmizə yazılan möhtəşəm tarix ZƏFƏR PARADI

Bir qarış torpağına, qayasına, daşına can fəda edən igidlərinə oğul dedi Vətən. Ana torpağına sahib çıxan, onu yağı düşməndən xilas etməyə gələn qəhrəmanlarının addım səslərini duyar-duymaz 30 il həsrətdən bükülmüş qəddini düzəltdi, mərd oğullarının ayaq izləri illərdir köksünə çəkilmiş çalın-çarpaz yaralarına məlhəm oldu. Vətən, torpaq uğrunda ölməyə hazır olan övladlarında mətanət, dönməzlik gördükcə illərin nisgilinə, düşmənin zülmünə, işğalçılığına son qoyulacaq günün yetişdiyinə əmin oldu. Əmin oldu ki, xoş növrağına qovuşacağı gün uzaqda deyil…

2020-ci il 27 sentyabr… Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə əmr verdi. Torpaq uğrunda Vətən müharibəsi başladı. Qəhrəman Azərbaycan əsgəri uğrunda canından belə keçməyə hazır olduğu Vətən torpaqlarının müdafiəsinə qalxdı. Hər gün irəli gedərək şəhərləri, kəndləri, qəsəbələri, strateji əhəmiyyətli yüksəklikləri qarış-qarış düşməndən geri aldı, ərazi bütövlüyümüzü döyüş meydanında təmin etdi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində zəbt olunmuş ərazilərimiz cəmi 44 günə işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Ordusu Qarabağın gözü olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı, ermənilərin "qəhrəman ordusu" məğlub edildi.

Özgə torpaqlarında özünə dövlət quran, xalqımızı doğma yurd yerlərindən didərgin salan, yüz illər boyu başına müsibətlər gətirən xəbis düşmən mərd oğullarımızın hünərini döyüş meydanında gördü. Vətənimizin başı üstündən qara buludlar dağıldı. Şəhidlərimizin qanı tökülən hər qarış torpaq Vətənə döndü. Azərbaycan xalqının həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyi xalqımızın mənliyini, kimliyini özünə qaytardı. Bütün dünyanın gözü qarşısında XXI əsrin müharibəsini aparan milli ordumuz düşmənin havadarlarından diləndiyi silah-sursatı, döyüş texnikasını darmadağın etdi. Qorxaq, nakəs düşmənin hərb meydanında atıb qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlarından Bakıda muzey yaradıldı. Əslində, bu muzey təkcə mənfur düşmənin qənimət götürülmüş, dağıdılmış hərbi texnikasının deyil, eyni zamanda onun alçaqlığının, qorxaqlığının əyani şəkildə nümayişidir.

2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq meydanında keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdilər. 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirildiyi hərbi paradda çıxış edən Ali Baş Komandan İlham Əliyev dedi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qürurla, iftixarla çıxış edərək Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi. Liderlərin çıxışından sonra Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirildi. Düşmənə qan udduran, xalqımızın yurd həsrətinə, torpaq nisgilinə son qoyan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdikcə qürurlandıq. Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının, Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin parad heyətlərinin tribuna önündən mətin addımlarla keçməsi bütün dünyaya Azərbaycanın qüdrətinin, hərbi potensialının nümayişi oldu. Türkiyə və Azərbaycan silahlı qüvvələrinin meydanda çiyin-çiyinə birgə addımlaması iki qardaş ölkənin birliyinin sarsılmazlığını bir daha bəyan etdi. Həmin gün Azadlıq meydanı düşmən üzərində qalibiyyətimizin, Zəfərimizin carçısına çevrildi.

Mehparə ƏLİYEVA,

"Respublika".