VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

17 dekabr

  • Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib.

18 dekabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyada növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və "Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyasının inamlı qələbəsi münasibətilə Prezident Aleksandar Vuçiçi təbrik edib.
  • Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

19 dekabr

  • Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Yeni reallıqlardan yaranan zərurət

Mərkəzi Seçki Komissiyası dekabrın 19-da cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Xatırladaq ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzalayıb. Bu seçkilər digərlərindən xeyli fərqlənəcək. Çünki Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində böyük uğurlara imza atıb. Üç il bundan öncə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad olundu. Bu ilin sentyabr ayında keçirilən uğurlu antiterror tədbirləri ilə Azərbaycan öz torpaqlarında suverenliyini tam bərpa etdi. Uzun illər beynəlxalq vasitəçilərin edə bilmədiklərini ölkəmiz təkbaşına etdi. Bu baxımdan, fevralın 7-də keçiriləcək seçkilər ən qürurverici seçki kimi tarixə düşəcək.

30 il əvvəl evlərindən didərgin düşmüş insanların əksəriyyəti növbədənkənar seçkilərdə artıq müvəqqəti məskunlaşdıqları ərazilərdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə iştirak edəcəklər. Bu gün ölkəmiz regionda yeni reallıq yaradıb. Formalaşmış yeni geosiyasi düzən nəinki Cənubi Qafqazda, hətta beynəlxalq münasibətlərdə də yeni mərhələnin başlanğıcı hesab edilir. Bu baxımdan, növbədənkənar seçkilərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Çünki seçkilər həm də beynəlxalq ictimaiyyətə bir növ ismarışdır. Hazırda bir sıra qüvvələr və dövlətlər ölkəmizin regionda artan nüfuzuna, müstəqil siyasət həyata keçirməsinə qısqanclıqla yanaşırlar. Növbədənkənar seçkilər həm bu istiqamətdə təxribatların qarşısının alınması, həm də siyasi sistemin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Növbədənkənar seçkilərin keçirilməsi beynəlxalq hüquqa əsaslanır və region ölkələrinin bir çoxunda bu, baş verir. Məsələn, ötən ilin martında Türkmənistanda, noyabrında Qazaxıstanda, bu ilin iyul ayında isə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Bir məqamı da nəzərə çatdıraq ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiya üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bu isə o anlama gəlir ki, dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar seçkilərdə iştirak etmək hüququna malikdirlər. Bu, bir daha Azərbaycanda açıq, şəffaf və ədalətli rəqabət mühitinin formalaşdığından xəbər verir.

Azərbaycanda son dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib. Bu seçkilərdə Prezident İlham Əliyev 86,02 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident İlham Əliyevin növbəti dəfə ölkəmizə lider seçilməsi yeni tarixi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

  • Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

20 dekabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı və Xocavənd rayonunda olublar.

Qarabağ güclü Liderin sayəsində yenidən qurulur

Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfərləri də məhz düşmən əsarətindən azad olunmuş yurd yerlərimizin inkişafının, bərpasının dövlətimizin diqqət mərkəzində olduğunun isbatıdır. Qeyd edək ki, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyət qalıqları, möhtəşəm qala divarları, müxtəlif dövrlərdə inşa edilmiş türbələr, daş-qoç heykəllər kimi nadir mədəniyyət nümunələrinə malik olan Xocavənd rayonu 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılmış, 1991-ci ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti" ləğv edildikdən sonra əraziyə tarixi adı - Xocavənd adı qaytarılmışdır.

Xocavənd rayonu 1,5 milyon il yaşı olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid Ritiş qalası, Ərgünəş qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid Rzaqulu Bəy türbəsi, Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi, Tuğ kəndindəki Qırmızı məbəd kimi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələri özündə yaşadır. Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan rayon 1992-ci ilin oktyabr ayında ermənilər tərəfindən işğal olunmuş, Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid Alban kilsələri, I-V əsrlərə aid Alban qəbiristanlıqları, "Dəmrov", "Dağdağan" ocaqları, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən "Seyid Rza" günbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəd olan rayon Xocavənd şəhəri, Qırmızı Bazar və Hadrut kimi iki böyük qəsəbə və 81 kənddən ibarətdir. Dekabrın 20-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Xocavənd rayonuna səfəri zamanı təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngin, böyük kənd təsərrüfatı və turizm potensialına malik, Qırmızı Bazar qəsəbə inzibati dairəsinə daxil olan Şıx Dursun kəndində olub, həmçinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xocalı rayonunun qədim tarixə malik, eramızın əvvəllərində Şimali Qafqazda yaşamış türkdilli tayfaların məskunlaşdığı Şuşakənd kəndinin ərazisinə də baxış keçirib.

  • Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

21 dekabr

  • Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub.
  • Xankəndidə "Qarabağ"-MOİK oyunu keçirilib. Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib.

"Qarabağ" Xankəndidə - 30 il sonra

Son 30 ildə baş verən hadisələri və Azərbaycanın bu gününü nəzərdən keçirsək, xoşbəxt xalq olduğumuzun fərqinə vararıq. Bu illər ərzində ürəyimizdə qaysaq belə bağlamayan yara kimi qalan Qarabağın işğaldan azad edilməsi tarixi ədalətin, eləcə də ərazi bütövlüyümüzün bərpası idi. Hazırda işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan mühüm hadisələr baş verir. Dekabrın 21-də Xankəndi stadionunda Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin keçirilməsi və Prezident İlham Əliyevin burada iştirakı bir sıra mühüm məqamlarla yadda qaldı.

İlk olaraq qeyd edək ki, bu ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirlərindən sonra Xankəndi düşmən tapdağından azad edildi. 23 saat davam edən tədbirlər nəticəsində illərdən bəri burada qanunsuz fəaliyyət göstərən xunta rejimi tarixin arxivinə gömüldü. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa olundu. Sözügedən tarixi hadisədən sadəcə 3 ay sonra Xankəndidə tarixi oyunun baş tutması əslində Azərbaycanın zəfərini həzm edə bilməyənlərə növbəti ismarış kimi dəyərləndirilməlidir. Çünki bir çox pozucu qüvvələr hələ işğal dövründə ölkəmizin haqq işinə əngəl olmağa çalışmaqla yanaşı, keçmiş münaqişənin dondurulmasında maraqlı idilər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun rəşadəti nəticəsində düşmənlərin xain planları baş tutmadı. Dövlətimizin başçısı bütün təzyiqlərə baxmayaraq, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu hadisə zəfər tariximizə İkinci Qarabağ savaşından sonra daha bir şanlı səhifə kimi həkk olundu.

  • Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

22 dekabr

  • Prezident İlham Əliyev Xocalı rayonunun Xanabad, Pirlər, Pircamal, Naxçıvanlı kəndlərində olub.
  • Prezident İlham Əliyev Şuşa rayonundakı "Saxsı", "Turşsu" bulağında olub.
  • Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

23 dekabr

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
  • Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri Paris və Haaqa şəhərlərində rəsmi olaraq qeydiyyatdan keçib.
  • Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib.

“Respublika”.