TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
Siyasət

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə mayın 22-də Milli Məclisdə görüşlər keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov VI çağırış Milli Məclisin formalaşmasından sonra Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentdə aparılmış islahatlar, Aparatın strukturu və görülən işlər barədə məlumat verib.

Sonra Parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşı Elman Aslanov bu şöbələrin birgə fəaliyyəti barədə slaydları təqdim edib.

Təqdimatdan sonra Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Şakir Şabanov rəhbərlik etdikləri şöbələrin fəaliyyət istiqamətləri, tətbiq olunan yeniliklər, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, qonaqları maraqlandıran suallara cavab veriblər.

***

TBMM Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyətinin Milli Məclis Aparatının qanunvericilik şöbələrinin əməkdaşları ilə də görüşü olub.

Görüşdə iştirak edən Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov bildirib ki, Parlament Aparatında 3 qanunvericilik şöbəsi fəaliyyət göstərir. Bunlar Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələridir.

Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev rəhbərlik etdikləri şöbələrin parlamentin həyata keçirdiyi qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyə minmə prosesi, bu şöbələrin gördükləri işlər barədə məlumat veriblər.

Söhbət zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.

***

Daha sonra TBMM Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları arasında görüş keçirilib.

Əvvəlcə Parlament Aparatı rəhbərinin müavini Yaşar Əməşov VI çağırış Milli Məclisin formalaşmasından sonra Sahibə Qafarovanın rəhbərliyi ilə parlament diplomatiyasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sektor müdiri Mirkamal Əlizadə çalışdığı şöbənin fəaliyyət istiqamətləri barədə slaydları nümayiş etdirib, şöbənin parlamentin beynəlxalq fəaliyyətinin təmin edilməsi sahəsində həyata keçirdiyi işlər, TBMM ilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.

Təqdimatdan sonra qonaqları maraqlandıran suallara cavab verilib.