Tarixin əbədi yaddaşı
Tarix

Tarixin əbədi yaddaşı

Ermənilərin törətdikləri qanlı cinayətlərdən  biri də Qaradağlı soyqırımıdır. 1992-ci il fevralın 17-18-də törədilmiş bu faciə Xocalı soyqırımınadək xalqımızın başına gətirilən  ən qanlı hadisədir.

Xocavənd rayonunun, eləcə də  Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olan Qaradağlı kəndi rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşirdi. Bura füsunkar təbiəti, yamyaşıl yamacları, uzunömürlü ağacları, şəfalı bulaqları ilə göz oxşayırdı. Kəndin əhalisi daha çox heyvandarlıqla, əkin-biçinlə, üzümçülüklə məşğul olurdu. El arasında Qaradağlıya cənnətməkan kəndi də deyirmişlər. Lakin Qarabağda vəziyyət pisləşəndə bu kəndin də qara günləri başlayır. Bir neçə dəfə erməni hərbi birləşmələrinin hücumlarının qarşısı alınsa da, onlar hər gün yeni silahlarla hücuma keçir, çobanları öldürür, mal-qara sürülərini aparırdılar.

Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Qaradağlı soyqırımını törətdilər. Fevralın 10-11-i Xankəndi şəhərinin 2-3 kilometrliyində Malıbəyli-Quşçular kəndləri işğal olunmuşdu. Köməksiz qalan kənd camaatı pərən-pərən düşmüşdü. Sağ qalan əhali şaxtalı fevral günündə 18 kilometrlik yolu qət edərək Ağdamın Abdal və Gülablı kəndlərinə yetişirlər. Malıbəyli-Quşçular kəndlərinin işğalından sonra ermənilər daha da azğınlaşmışdılar. Buna görə həmin bölgədə yaşayan azərbaycanlılar təşviş içində idilər. Çünki "Dağlıq Qarabağ"da baş verənlərə ölkə rəhbərliyi ciddi yanaşmır, əhalinin təhlükəsizliyi üçün tədbirlər görmür, əksinə hücum planlarına belə mane olurdu. Hər gün qanlı hadisələr baş verir, onlarla soydaşımız qətlə yetirilirdi. 1991-ci il sentyabrın 8-də quduzlaşmış erməni terrorçuları Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. Terror aktı nəticəsində 8 nəfər həlak olmuş, ondan çox insan yaralanmışdı. Qaradağlıda vəziyyət getdikcə ağırlaşırdı. Erməni hərbi birləşmələri həmin dövrdə Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinin 7-ci ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının və qüvvəsinin köməyi ilə 1992-ci il fevralın 14-də Qaradağlıya hücuma keçdilər. İki gün davam edən ağır və qanlı döyüşlərdə onlarla insan öldürüldü.  Kəndin Bəylik dağı adlanan yüksəkliyində girov götürülənlər içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələndi. Öldürülənlər və ağır yaralılar silos quyularına atılaraq üstü torpaqlandı. İki nəfər Zəki bulağında, iki nəfər isə Cəmiyyət kəndində qətlə yetirildi. Xankəndi və Əsgəranda saxlanılan 54 nəfərdən bir neçəsi sonralar Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara xətti ilə əsirlikdən azad edildi. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik məktəb binası və digər obyektlər dağıdıldı. Kəndin sağ qalan tək-tük adamları isə Ağdamda və respublikanın başqa yaşayış məntəqələrində məskunlaşdı. Əsir götürülən 118 nəfərin 33-ü kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənlər və yaralı halda olanları təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmişdir.

27 sentyabr 2020-ci ildən başlayaraq "Dəmir yumruq" əməliyyatı adı altında aparılan Vətən müharibəsində Azərbaycan Ordusu dastan yazdı, işğal altındakı torpaqlarını azad etdi. Lakin qalib xalqımız, keçmişdə baş verənləri əsla unutmamalı, törədilən soyqırımı cinayətləri yaddaşlarda qalmalıdır. Çünki bunlar bizim qan yaddaşımızdır. Bu mənada, Qaradağlıda baş verən hadisələri geniş ictimaiyyətə çatdırmaq məqsədilə mütəmadi olaraq Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilmiş, filmlər çəkilmiş, müxtəlif dillərdə bukletlər çap olunmuşdur. Hər il ənənəvi olaraq fevral ayının 17-də "Yeni Xocavənd" qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə izdihamlı ümumrayon tədbiri keçirilir. Qaradağlı kəndində törədilmiş soyqırımı cinayətinin ölkə ictimaiyyətinə çatdırılması məqsədilə kütləvi informasiya vasitələrində, televiziya kanallarında yayımlanması, o cümlədən Rayon İcra Hakimiyyətinin sosial şəbəkələrdəki rəsmi  səhifələrində,  "Xocavənd" qəzetində məlumat xarakterli geniş yazılar dərc olunur və bu işlər davamlı olaraq həyata keçirilir.  Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində ucaldılan abidə kompleksləri isə şəhidlərin xatirəsinə əbədi ehtiram nümunəsidir. Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfəri isə tarix boyu erməni vandalizminin qurbanları olmuş soydaşlarımızın qisasının alınması, tarixi torpaqlarımızın qaytarılması istiqamətində yeni bir mərhələnin başlanğıcıdır.

Aiza ŞABANOVA,

"Respublika".