XX ƏSRİN QANLI FACİƏSİ
Tarix

XX ƏSRİN QANLI FACİƏSİ

Dərin ürək ağrısı ilə qeyd etməyə bilmirsən. 1992-ci ilin fevralında ermənilər sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalını yerlə-yeksan etdikdən sonra bu vəhşilikləri lentə alaraq bütün dünyaya müsəlman azərbaycanlıların xristian ermənilərə qarşı vəhşilikləri adı altında yayırdılar. Azərbaycanın o zamankı rəhbərliyinin göstərişi ilə "Azərinform" isə baş verənləri malalayaraq elə bir ciddi hadisənin baş vermədiyini, hərbi toqquşmalar nəticəsində 4 azərbaycanlının həlak olması haqqında yazırdı. Amma məsələnin daha ibrətamiz tərəfi ondadır ki, ermənilərin bu təbliğat həyasızlığının nümunəsi olan videoçarxı alan o zamankı Roma papası II İohan Pavel dərin bir sarsıntı içərisində ermənilərə yazırdı: "Sizlərin xristian dünyasının forpostu kimi xristian dəyərləri uğrunda necə fədakarlıqla mübarizə apardığınızdan vəcdə gəldim. Ümid edirəm ki, heç olmasa bir gün həmin torpaqlara gəlib bu əzəmətli mübarizəni aparan qəhrəmanların əziz xatirələri önündə baş əymək səadəti mənə nəsib olacaq".

Bu yerdə o zamankı SSRİ prezidenti M.Qorbaçovun, Kreml siyasi elitasının, sovet ordusu və onun yerlərdəki hərbi hissələrinin adını çəkmədən keçinmək olmur. Çünki onların bu dəhşətli qırğına görə ya siyasi məsuliyyətləri, ya da birbaşa rolları var. Məsələn, o zamankı müdafiə naziri G.Yazov bu yaxınlarda verdiyi mühasibələrindən birində M.Qorbaçovun Ermənistanın mədəniyyət xadimləri ilə görüşünü xatırlayır və qeyd edir ki, o, S.Kaputikyanın Dağlıq Qarabağla bağlı növbəti ahu-zarına həvəslə qulaq asaraq "siz yəqin ki, Artsaxı nəzərdə tutursunuz" replikasını atıb. M.Qorbaçovun bu replikasından vəcdə gələn bu qoca şovinist "siz hətta Qarabağın tarixi adını da bilirsiniz" deyərək bu təftişçi baş kommunistə təzim edir. Yəqin ki, R.Qorbaçova orada olsaydı, daha ürəkbulandırıcı sözlər söyləyərdi. Bu səbəbdən də onların bu və digər sözləri Xocalı soyqırımına aparan yollar barədə müəyyən ipucları verir. Bu ölkənin demokrat kommunisti B.Yeltsin Qarabağda erməni dərəbəyliyinin baş alıb getməsinə nəinki siyasi, həm də hərbi dəstək verib. İlk dövrlərdə muzdlu rus əsgəri xidmətlərindən yararlanan ermənilər sonradan bu cinayət şəbəkəsini daha da genişləndirərək əcnəbi muzdlu dəstələri də onların sıralarına qatırlar. Bu torpaqlarda dislokasiya olunan rus qoşunları və muzdlu dəstələr azərbaycanlılara qarşı əməliyyatlardan milyonlarla rubl pul qazanırdılar. Dinc əhaliyə qarşı qırğınlarla barışmayaraq ağ bayraq qaldırıb azərbaycanlılar tərəfə keçən 366-cı alayın 3 əsgərinin verdiyi məlumata görə, ermənilər tərəfindən azərbaycanlıların yaşayış məntəqəsinə 1 top atəşinə görə - 1300 rubl, BTR-in bir gecəlik icarəsi - 5 min rubl, piyadaların döyüş maşını - PDM-dən ibarət 6 döyüş qrupunun bir hərbi əməliyyatı üçün - 1 milyon 500 min rubl, kiçik rütbəli zabitlərin təlimatlarına - 4 min rubl ödənilirdi...

Yadıma Dağıstanın Kizliyar şəhərinə 8 Mart qadınlar bayramı ərəfəsində gül aparmış bir həmyerlimizin danışdıqları düşür. Onun dediyinə görə, kiçik bazarda yeganə gülsatan olduğuna görə, ona polkovnik-leytenant rütbəsində içgili bir rus hərbçisi yanaşır, bütün güllərini alacağını və buradan ötən hər qadını qərənfillə təbrik edəcəyini deyir. O, 2-3 saat ərzində bütün güllərimi paylayıb qurtardı və sonra da nə qədər pul ödəyəcəyini bildirdi. Çatacaq pulun miqdarını söylədikdən sonra rus hərbçisi ciblərindən xeyli pul çıxarıb təkəbbürlə piştaxtanın üstünə atdı və amiranə bir tərzdə nə qədər lazımdırsa, götürməsini istədi. O isə ona çatacaq pulları sayıb götürür və qalan pulları polkovnik-leytenanta qaytarır.

Ötən əsrdə ermənilər Xocalını yer üzündən silmək üçün üç soyqırımı həyata keçiriblər. 1905-1906, 1917-1920 və nəhayət, 1992-ci illərdə. Ermənilər hədəf kimi niyə məhz Xocalını seçirdilər? Niyə ermənilər Azərbaycanın torpaqlarını özününküləşdirmək üçün birinci növbədə Xocalını yer üzündən silmək istəyirdilər? Ona görə ki, bütövlükdə Qarabağ, o cümlədən də Xocalı Azərbaycanın mədəniyyət tarixidir. Belə ki, bura 3500 il yaşı olan abidələr, kurqanlar, yüksək sivilizasiyadan xəbər verən saxsı qablar, silahlar, qızıl-zinət əşyaları, şüşə parçaları ilə məşhur idi. Bu şəhərdə eradan əvvəl XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşirdi, son bürünc və ilkin daş dövrünə aid dəfn abidələri - sandıq qəbirlər, kurqanlar və nekropollar tapılmışdı. Bu gün də həmin bölgənin Azərbaycana məxsusluğunu saysız-hesabsız tarixi və mədəniyyət abidələri ilə sübut etmək olar. Bu soyqırımı ermənilərə bu torpaqların onlara aid olmadığını sübut edən faktlardan birdəfəlik xilas olmaq üçün lazım idi.

Ermənilər bu yaşayış məntəqəsini məhv etməklə bir tərəfdən Azərbaycan tarixinin önəmli səhifələrindən birini silməyə çalışırdılarsa, digər tərəfdən işğal planlarını həyata keçirmək üçün qarşılarındakı ən böyük maneəni aradan qaldırmaq istəyirdilər. Çünki Xocalı həm də strateji baxımından çox əhəmiyyətli mövqedə yerləşir. Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, qərbdən Laçın rayonuyla həmsərhəddir. 946 kvadratkilometr ərazisinin 40 faizi meşəlik olan Xocalı rayonunun qərb sərhədi boyunca Kiçik Qafqaz dağları uzanır. Rayonun ən yüksək zirvəsi 2843 metr hündürlüyü olan Qızqala və 2827 metr hündürlüyü olan Qırxqız dağlarıdır.

Xocalı Ağdamdan Qarabağın tacı olan əzəmətli Şuşaya gedən yolun üstündə, Xankəndinin 10 kilometrliyində yerləşir. Birinci Qarabağ müharibəsində ermənilər Şuşaya hücum etmək istəyəndə xocalılılar Xankəndi istiqamətində atəş açmaqla düşmənin irəliləməsini əngəlləyirdilər.

1917-ci ildə ardıcıl davam edən rus inqilablarının yaratdığı qarışıqlıqlardan istifadə edən ermənilər azərbaycanlılara qarşı törətdikləri qırğınlar yenə də Xocalıdan başlayıb. Qırğınlardan yenicə özünə gəlməyə başlayan Xocalı 1917-20-ci illərdə bir daha qanına qəltan edilib. Türkiyənin Qars, İğdır, Cənubi Azərbaycanın Urmiya, Ərdəbil vilayətlərini, indi Ermənistan adlanan Qərbi Azərbaycanı və bütün Azərbaycanı əhatə edən bu qırğınların səbəbkarlarından biri Stepan Şaumyan xatirələrində yazırdı: "Biz ələ düşən ilk bəhanədən, atlı dəstəmizin üzərinə basqın cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim Bakı Sovetinin yaxşı silahlanmış 6 min nəfər əsgəri vardı. Üstəlik, Daşnaksütyun partiyasının 4 min nəfərlik silahlı milli hissələri də bizim sərəncamımızda idi. Sonuncuların vətəndaş müharibəsində iştirakı bu müharibəyə milli qırğın xarakteri verdi. Lakin bu milli qırğından qaçmaq mümkün deyildi...".

Stepan Şaumyanın "qaça bilmədiyi" bu milli qırğınların ümumi nəticəsi olaraq yüz minlərlə Azərbaycan türkü qətlə yetirildi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlanan dövlət yaradıldı və bu torpaqlarda yaşayan yarım milyondan çox Azərbaycan türkü amansızlıqla qətlə yetirildi. Bütünlüklə, Qars, İğdır, Urmiya, Ərdəbil, Qərbi Azərbaycan, Qarabağ da daxil olmaqla Bakı və Qubaya qədər ermənilərin azərbaycanlılara qarşı soyqırımında 2 milyondan çox insan qətlə yetirilib. Buraya 1828-ci ildən başlayaraq 5 dəfə həyata keçirilən deportasiya qurbanlarını da əlavə etsək, erməni qətliamlarının qurbanlarının sayı 2,5 milyona çatar. 1905-1920-ci illərdə azərbaycanlılara qarşı bu terroru rus hərbi birləşmələrinin tərkibində olan 100 minlik "Zinavrlar" ordusu, "Çetnik" və "Xmbabet" hərbi terror dəstələri, rus silahlarıyla silahlandırılan Andronikin "könüllülər korpusu" və daşnakların 40 minlik silahlı qüvvələri həyata keçirmişdilər...

1920-ci ilə qədər olan bütün bu qırğınlardan - dəfələrlə törədilən yanğınlardan, qırğınlardan sonra da Xocalını yer üzündən silmək mümkün olmayıb. Xocalı yenidən insan nəfəsilə isinib, genişlənib, böyüyüb, şəhərə çevrilib.

Sonuncu, üçüncü həmlə isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Bu dəfə 7 min nəfərlik Xocalı şəhərini oda qalayan ermənilər yüzlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirdilər, uşaq, qadın, ağsaqqal, ağbirçək demədən hamısını qırdılar, qətlə yetirdikləri insanların meyitlərini təhqir etdilər. Bütün bu vandalizm aktları keçmiş SSRİ-nin 366-cı motoatıcı diviziyasının fəal iştirakı ilə həyata keçirildi. 1992-ci il fevralın 16-da komandir Zarviqorovun razılığı ilə 366-cı alayın nəzdində "Klukin, erməni cəbhəsi" adlı bölük yaradılır. Bölüyün əsgərləri Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmaları tərəfindən göndərilən ermənilərdən ibarət olur, silahları isə 366-cı alaydan alırlar. Bu bölüyə Xaçik Vartanyan adlı qaniçən erməni başçılıq edir. Fevralın 17-də isə Livandan gətirilən "muzdlu" qızlardan ibarət "Şuşanik" snayperlər dəstəsi yaradılır və diviziyanın tərkibinə qatılır.

Bütün hazırlıqlar Xocalını məhv etməyə yönəlmişdi. Ancaq bu hazırlıqlara baxmayaraq, ermənilər Xocalıya döyüşə-döyüşə girməyə cəsarət etmədilər.

Şahidlərin dediklərinə görə, Xocalıya hücumu ermənilərə birlikdə 366-cı diviziya həyata keçirib. Fevralın 25-də, gecə saat 23 radələrində 11 istiqamətdən - Həsənabad kəndindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən, Qarqar çayının sol və sağından, Daşbulaq və Norqux yollarından, Daştəpə, Bozdağ və Əsgəran tərəflərdən Xocalıya hücum təşkil edilib. "Qrad" və "Uraqan" raket-artilleriya qurğularının güclü atəşi ilə müşayiət olunan bu hücumun qarşısında cəmi 12 avtomatı olan 30 nəfərlik özünümüdafiə batalyonunun əsgərləri və təyyarə limanını qoruyan 50 nəfərlik milis işçiləri dayanmışdılar. Ətraf aləmdən tamamilə təcrid olunan Xocalını 366-cı motoatıcı diviziya işğal etdi, onların ardınca gələn erməni hərbi birləşmələri isə yerli əhaliyə qarşı qırğınlar törətməyə başladı...

Bu soyqırımı nəticəsində 613 nəfər şəhid oldu, onlardan 56 nəfər xüsusi qəddarlıqla və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə başsız qaldı. 1275 nəfər əsir düşdü. Öldürülənlər arasında qulağı kəsilənlər, başının dərisi soyulanlar vardı. Xocalı bir əsrdə üçüncü dəfə erməni vəhşiliklərinin qarşısında aciz qaldı və əvvəlkilərdən fərqli olaraq, bu dəfə ayağa qalxa bilmədi.

Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V.Savelyev erməni terror təşkilatlarıyla sovet ordusunun qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatların şərhini verdiyi "Məxfi arayış"ında yazır: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi".

Ədalət naminə deyilməlidir ki, dünya mətbuatında da ermənilərin bu vəhşiliyi geniş işıqlandırılırdı. Məsələn, Fransanın "Krua İ-Evenaman" jurnalı 29 fevral 1992-ci il sayında yazırdı: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. "Yenə Fransanın "Le Mond" qəzeti 14 mart 1992-ci il tarixli sayında yazırdı: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır".

Rusiya qəzetləri də baş verənlərə münasibət bildiriblər. "İzvestiya" qəzeti 4 mart 1992-ci il tarixli sayında yazırdı ki, "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür. Həmin qəzet 13 mart 1992-ci il sayında mayor Leonid Kravetsin fikirlərinə yer verir: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".

Qarabağ hadisələrini qızışdıranlardan biri, türk dünyasının qatı düşməni Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında həyasızcasına yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Bu qandonduran hadisələri özünü yazıçı adlandıran, əslində insanlıq simasını itirmiş bir cani yazıb.

Dünyanın əksər aparıcı dövlətləri yaxşı bilir ki, azərbaycanlılar dəfələrlə soyqırıma, deportasiyalara məruz qalıblar, ermənilər işğalçıdır və BMT Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 4 qətnamə qəbul edib, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, 2013-cü ildən bəri ildə 2 dəfə keçirilən NATO-nun Zirvə toplantıları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı bəyanat verərək Azərbaycana qarşı erməni təcavüzünü pisləmiş və Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulamışlar...

Burada Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyasının dünya ictimai rəyinin məlumatlandırılmasına verdiyi töhfəni xüsusi qeyd etmək lazımdır. Məhz bu kampaniyanın nəticəsidir ki, ABŞ-ın 15 ştatının qanunvericilik məclisləri Xocalı soyqırımını tanıyıb, bir sıra ölkələrin parlamentləri, o cümlədən Türkiyə və Pakistan parlamentləri qırğını pisləyən qətnamələr qəbul edib.

Onu da qeyd edək ki, bu yaxınlarda dünyanın ən məşhur nəşrlərindən sayılan "National Geographic"in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib. Nəşrin instaqram səhifəsi 61 yaşlı Azərbaycan vətəndaşı Elmira Allahverdiyevanın fotosunu bu sözlərlə paylaşıb: "Elmira Allahverdiyeva - 61 yaş. Xocalı qırğınından sonra sağ qalmağı bacaranlardan biridir. Foto 22 oktyabr 2017-ci ildə Azərbaycanın Goranboy rayonunda çəkilib". Qeyd edilir ki, Xocalı qətliamında bu qadının əri, qardaşları, atası, anası öldürülüb, 25 qohumu isə itkin düşüb. Bu məşhur nəşrin 100 milyondan çox abunəçisi var.

Ermənilər işğal etdikləri ərazilərimizdə, o cümlədən Xocalıda tarixi-mədəni abidələrimizi, ata-babalarımızın qəbirlərini artıq yer üzündən siliblər, bəzi daş qəbirlərin üzərini pozaraq erməni adları yazıblar. Bunu Azərbaycanla Ermənistan arasında Sülh Platformasının üzvü, ukraynalı məşhur arxeoloq Tatyana Krup bu yaxınlarda "Axar.az" saytına verdiyi açıqlamada və həmin qəbirlərdən birinin yanında çəkdirdiyi foto ilə təqdim edib. İşğal edilmiş ərazilərdə tarixi adların-toponimlərin dəyişdirilməsi ilə bağlı məlumatlar isə çoxdan xalqımıza məlumdur.

Qabil HÜSEYNLİ,

Azərbaycan Texniki Universitetinin

professoru, fəlsəfə elmləri doktoru.